YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP nümayəndəsi ICAPP-ın xüsusi seminarında iştirak edib

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) 2025-ci il 5-7 dekabr tarixlərində Koreya Respublikasının Qanqvon vilayətində keçirilən xüsusi seminarında iştirak etmək məqsədilə Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Taleh Həsənzadə bu ölkədə səfərdə olub.

Dekabrın 5-də Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Çin, Kamboca, Vyetnam, Laos, Rusiya və Hindistanın aparıcı siyasi partiyalarının nümayəndələrinin iştirakı ilə ICAPP-ın xüsusi seminarı keçirilib.

Tədbirdə çıxış edən ICAPP Daimi Komitəsinin sədri, Koreya Respublikasının keçmiş xarici işlər naziri Çunq Eu-yonq seminarın əhəmiyyətini vurğulayaraq bildirib ki, belə platformalar siyasi partiyalar arasında institusional əməkdaşlığın dərinləşdirilməsi üçün mühüm imkanlar yaradır. Onun sözlərinə görə, seminar iştirakçı siyasi partiyalar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, fikir və təcrübə mübadiləsinin sistemli şəkildə aparılmasına, eləcə də ICAPP ailəsi daxilində davamlı və intensiv təmasların formalaşmasına xidmət edir. Çunq Eu-yonq partiyalararası dialoqun genişlənməsinin ICAPP-ın gələcək fəaliyyətinin daha effektiv həyata keçirilməsinə mühüm töhfə verəcəyini, təşkilatın regional əməkdaşlıq proseslərində rolunu daha da gücləndirəcəyini qeyd edib.

Daha sonra çıxış edən ICAPP-ın baş katibi Oh Sonq təşkilatın strukturu və missiyası barədə ümumi məlumat verərək ICAPP-ın hazırkı fəaliyyət istiqamətləri, regional siyasi dialoqun gücləndirilməsi sahəsində əldə olunan nəticələr və gələn il üçün nəzərdə tutulan tədbirlər planından ətraflı bəhs edib. O, həmçinin 2025-ci il 17 oktyabr tarixində Bakı şəhərində keçirilmiş ICAPP Daimi Komitəsinin 44-cü və “Milli müxtəliflikdən qlobal həmrəyliyə: yeni dünya nizamında mədəniyyətin rolu” mövzusunda ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclaslarına yüksək səviyyədə ev sahibliyi etdiyinə görə Yeni Azərbaycan Partiyasına xüsusi təşəkkürünü ifadə edib.

Sonda iştirakçılar arasında ICAPP-ın hazırkı fəaliyyəti və gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Mədəni proqram çərçivəsində iştirakçıların Qanqvon vilayətində yerləşən Sinheunqsa və Volceonqsa məbədləri, Daeqeumqul mağarası və qədim Ocukheon evinə ziyarəti təşkil edilib.