YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: YAP-ın qərarı yenilənmiş Parlamentin formalaşmasına hesablanıb

Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranan Yeni Azərbaycan Partiyası yenə də Azərbaycanın müstəqillik tarixində ilkə imza atdı.

Yeni Azərbaycan Partiyası 27 il ərzində üzərinə götürdüyü böyük missiyanı, tarixi ənənələrə və müasir dünyanın təcrübəsinə əsaslanan milli dövlətin qurulması kimi mühüm vəzifələri uğurla, layiqincə yerinə yetirib.

Taleyüklü məsələlərin həllinə baxışlarda praqmatizm nümayiş etdirən YAP ölkənin gələcək inkişafı ilə bağlı konseptual baxışlarını dünya təcrübəsi ilə zənginləşdirərək hər zaman sosial dövlət ideyalarını təbliğ edib. Xarici siyasətdə qloballaşan dünyanın reallıqlarını nəzərə alan, demokratiyanı ilk növbədə hüquqi dövlət modelinin əsası kimi qəbul edən Yeni Azərbaycan Partiyası problemlərdən çıxış yolları göstərib, ən mürəkkəb məsələlərlə bağlı konkret təkliflərlə, yeni ideyalar çıxış edib. Müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəməyən partiya bələdiyyə, parlament seçkilərində qələbə çalaraq həm yerli özünüidarəetmə orqanlarında, həm də qanunvericilik orqanında daha çox təmsil olunan partiya kimi daim uğurlara imza atıb. Keçdiyi tarixi yol Yeni Azərbaycan Partiyasını güclü siyasi təşkilata, qələbələr, uğurlar partiyasına çevirib.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının noyabrın 28-də keçirilən iclasında Azərbaycan parlamentində islahatların aparılması ilə əlaqədar məsələ müzakirə olunub, növbədənkənar seçkilərə getməyə qərar verilib. Milli Məclisdə 72 mandatla mütləq çoxluğu təşkil edən hakim partiya ölkə Prezidenti İlham Əliyevə müraciət edərək parlamentin buraxılmasını xahiş edib. Parlamentin buraxılması ilə bağlı qərar Milli Məclisin dövlət Başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb.

YAP sədrinin müavini, icra katibi Əli Əhmədov verilən qərarın ölkənin inkişafına təkan verməklə yanaşı Yeni Azərbaycan Partiyasının çoxluq təşkil etdiyi qanunverici orqanın yenilənməsinin zəruri olduğunu qeyd edib.

Milli Məclisin buraxılması ilə bağlı YAP-ın qərarı ilk olduğu üçün ölkə gündəminin əsas mövzusuna çevrilib. YAP sədrinin müavini, icra katibi Əli Əhmədovun vurğuladığı kimi Azərbaycanda parlamentin buraxılmasına qeyri-adi yanaşmaq lazım deyil. Azərbaycan parlamenti tarixində yeni ənənənin başlanğıcını qoyan qərar müstəqil ölkəmizin inkişafı üçün yeni imkanlar əldə edilməsinə, Prezident İlham Əliyevin müəllifi olduğu islahatlar kursunun ölkəmizin qanunverici orqanında da dərinləşməsinə və günümüzün çağırışlarına uyğun olaraq yenilənmiş Parlamentin formalaşmasına hesablanıb.