YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının V konfransı keçirilib

Noyabrın 21-də Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının V konfransı keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Vasif Talıbovun sədrliyi ilə keçirilən konfransa seçilmiş 350 nümayəndədən 349-u iştirak etdiyindən konfrans öz işinə başlamağa səlahiyyətli hesab edilib.
Konfransın gündəliyinə aşağıdakı məsələlər verilib:
1. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Sədrinin məruzəsi.
2. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının konfranslararası dövrdəki fəaliyyəti haqqında hesabat.
3. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Sədrinin seçilməsi.
4. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının seçilməsi.
Konfransın reqlamenti müəyyənləşdirilib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov konfransda məruzə edib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məruzə ilə çıxış edərək  konfrans iştirakçılarını Yeni Azərbaycan Partiyasının yaradılmasının 22-ci ildönümü münasibətlə təbrik etmişdir.
Ali Məclisinin Sədri Vasif Talıbov qeyd etmişdir ki, Ümummilli liderimiz Heydər Əliyev Yeni Azərbaycan Partiyasını yaradarkən qarşıya bir məqsəd qoymuşdu: Azərbaycanı yaşatmaq və daha da inkişaf etdirmək. Ölkəmiz üçün olduqca ağır bir dövrdə verilən bu qərar Azərbaycanın bir dövlət kimi yox olmaq təhlükəsinin qarşını almış, partiyamız isə inkişaf edərək Azərbaycan cəmiyyətinin həyatında aparıcı siyasi qüvvəyə çevrilmişdir.
Bu tarixi gündə partiyamızın və müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edir, ruhu şad olsun deyirik.
Müdriklər böyük dövlət xadimləri və qurucu şəxsiyyətlər haqqında deyirdilər: “Həqiqi dövlət xadiminin üstün keyfiyyəti ondadır ki, hər bir zərurətdən millət üçün fayda götürməyi bacarsın, hətta şəraitin ən qorxunc axarını belə xalqın və dövlətin xeyrinə dəyişdirə bilsin”. Ümummilli Liderimiz müstəqilliyimizi qorumaq və daha da möhkəmləndirmək, ölkənin parçalanmasının qarşısını almaq və düşdüyü ağır sosial-iqtisadi böhrandan xilas etmək üçün möhkəm təmələ söykənən ideologiya əsasında Yeni Azərbaycan Partiyasını yaratmış və siyasi fəaliyyət müstəvisinə çıxarmışdır.
YAP Naxçıvan MR Təşkilatının Sədri, Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov bildirmişdir ki, Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatında gərgin proseslərin getdiyi bir dövrdə yarandı. Partiyamızın sədri, ölkə Prezidenti cənab İlham Əliyev həmin dövrdə dahi şəxsiyyətin dövlət müstəqilliyimizin qorunması və Azərbaycanda siyasi sistemin formalaşması istiqamətindəki fəaliyyəti barədə danışaraq demişdir: “Heydər Əliyevin 1970-ci, 1980-ci illərdə gördüyü işlər, Azərbaycanın inkişafına verdiyi töhfələr və Sovet İttifaqının dağılma ərəfəsindəki fəaliyyəti, cəsarətli addımlar, qanlı 20 Yanvar faciəsinin pislənməsi, Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi təsis edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi, Sovet İttifaqının saxlanmasına dair referendumun burada keçirilməməsi - bütün bu amillər, əlbəttə ki, xalqda Heydər Əliyevə olan məhəbbəti birə on artırırdı. 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması xalqda böyük ümidlər yaratdı ki, nəhayət, xoşagəlməz hallara son qoyulacaq, nəhayət Azərbaycanda çox ciddi siyasi qüvvə yaranır, nəhayət Azərbaycanda siyasi sistem yaranır”.
Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi. Partiyamızın yaradılmasından ötən 22 illik zaman bir daha göstərdi ki, müstəqil Azərbaycanın inkişafı yalnız Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasi-hüquqi konsepsiya və sosial-iqtisadi tərəqqi modeli əsasında mümkündür.
Bu inkişaf modelinin əsası ötən əsrin 70-ci illərindən qoyulmuşdur. Ulu Öndərimiz hələ o zaman Azərbaycanın müstəqilliyini düşünmüş, bu məqsədlə ölkəmizdə güclü iqtisadi baza və ixtisaslı kadr potensialı yaratmışdır. İndi tam əminliklə demək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici-iqtisadi əlaqələri, dünya iqtisadiyyatına daha dərindən inteqrasiyası 1969-1982-ci illərdə təməli qoyulmuş bazaya və potensiala əsaslanır. Həmin dövrdə Azərbaycan inkişaf edərək elmi-mədəni və sosial infrastrukturu, milli kadr potensialı formalaşmış respublikaya çevrilməsəydi, müstəqillik dövrünün Azərbaycanı onu gözləyən problemlərin öhdəsindən bu qədər asanlıqla gələ bilməz, regionda tam müstəqil ölkə kimi inkişaf edə və tərəqqiyə qovuşa bilməzdi.
“Ümummilli Liderimiz o dövrdə yaranan imkanlardan istifadə еtməklə Azərbaycanı Azərbaycana qaytarmış, ölkəmiz ittifaq dövlətinin aqrar əlavəsindən sənaye kompleksinin, tikintinin, elmin, təhsilin, səhiyyə və mədəniyyətin yüksək inkişaf həddinə çatdığı qabaqcıl respublikaya çevrilmişdi. Ulu Öndərimizin Azərbaycanda hakimiyyətinin birinci dövrünü əhatə edən 14 il ərzində yeni zavod, fabrik, istehsalat sahələri tikilib istifadəyə verilmiş, kimya və neft maşınqayırma sənayesi müəssisələri tamamilə yenidən qurulmuş, yeni mikrorayonlar, qəsəbə və şəhərlər salınmışdı. Qısa müddətdə elektronika, radiotexnika, kosmik, aviasiya, hesablama texnikası istiqamətli obyektlərin yaradılması Azərbaycanın gələcəyinə istiqamətlənmiş müdrik siyasətin nəticələri idi.
Əgər Ümummilli Liderimiz Azərbaycana rəhbərliyinin birinci dövründə partiya rəhbəri kimi Sovet beynəlmiləlçilik şüarını milli maraqlara tabe etdirərək Azərbaycanın inkişafına nail olmuş və onu müstəqilliyə hazırlamışdırsa, müstəqillik dövründə siyasi sistemə güclü təsir imkanına malik olan partiya yaratmaqla əldən getməkdə olan müstəqilliyi daha da möhkəmləndirmiş, Azərbaycanı müstəqil dövlətə çevirmişdir. Tarix bu missiya üçün çox da asan olmayan bir dövrü seçmişdi. 1990-1993-cü illərin Azərbaycan ağır günlərini yaşayırdı. 90-cı illərin əvvəllərində yenicə müstəqillik qazanmış Azərbaycan böyük güc mərkəzlərinin rəqabət meydanına çevrilmiş, parçalanmaq və tarix səhnəsindən silinmək təhlükəsi qarşısında qalmışdı. Hərbi, siyasi, iqtisadi və dövlət hakimiyyəti böhranı getdikcə dərinləşir, əhalinin sabaha inamı itirdi.”- deyə, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qeyd etmişdir.
Vasif Talıbovun sözlərinə görə,  bu dövrdə xalq onun arzusunda idi ki, əsrlər boyu həsrətində olduğu dövlət müstəqilliyi qorunub saxlansın. O zamankı hakimiyyət isə bunu bacarmırdı. Xalq sabitlik, əmin-amanlıq istəyirdi. Ölkədə isə anarxiya baş alıb gedirdi. Azərbaycan məqsədli şəkildə vətəndaş qarşıdurmasına sürüklənirdi.
Ümummilli Liderimizin “Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik” münasibəti ilə Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi: “Vəziyyət elə təhlükəli xarakter almışdı ki, 1991-ci ildə əlverişli tarixi şəraitin və taleyin xalqımıza bəxş etdiyi imkandan yaranmış müstəqil dövlətimiz qəsdən və yaxud səriştəsizlikdən yaranan idarəsizlik nəticəsində real itirilmək təhlükəsi ilə üz-üzə qalmışdı. Beləliklə, 1991-1993-cü illər Azərbaycanın müstəqillik tarixində nəinki itirilmiş illər hesab olunur, həm də bu illərdə Azərbaycan “ölüm və ya olum” dilemması qarşısında qalmışdı”.
Belə bir şəraitdə qüdrətli liderə və liderin ətrafında birləşmiş güclü siyasi təşkilata ehtiyac bütün kəskinliyi ilə ortaya çıxdı. Həmin dövrdə bu ağır və şərəfli missiyanı yalnız və yalnız ümummilli liderimiz Heydər Əliyev öz üzərinə götürə bilərdi. Mövcud hakimiyyətsizlikdən, özbaşınalıqdan yorulmuş xalq Azərbaycanın xilasını Heydər Əliyevdə görür, ümidlərini ona bağlayırdı. Bu inamın kökündə Ümummilli Liderimizin rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikası dayanırdı.
Beləliklə, 1992-ci il oktyabrın 16-da Naxçıvanı öz qurucu fəaliyyəti ilə Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizəsinin güc mərkəzinə çevirən Ümummilli Liderimizə xalqın mütləq əksəriyyətinin siyasi iradəsini özündə əks etdirən “Azərbaycan Sizi gözləyir” müraciəti ünvanlandı. Tanınmış elm və mədəniyyət xadimləri, ziyalılar tərəfindən imzalanmış həmin müraciətdə deyilirdi: “Siz bu gün siyasi, iqtisadi, hərbi və mənəvi blokadada olan Naxçıvan Muxtar Respublikasını məhz öz şəxsi nüfuzunuz və uzaqgörən diplomatik səriştənizlə qoruyub saxlayır və idarə edirsiniz... İstərdik ki, bu işləri bütün Azərbaycan üçün görəsiniz... Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.
Ümummilli Lider müraciətə 8 gündən sonra “Yeni, müstəqil Azərbaycan uğrunda” çağırışı ilə başlayan tarixi cavabını verdi. 1992-ci il oktyabrın 24-də mətbuatda dərc olunmuş cavab məktubunda Ulu Öndər yaranmış vəziyyətdən çıxış yolunu milli dövlətçiliyin, müstəqilliyin bərqərar olunmasında, Azərbaycanın suverenliyinin, təhlükəsizliyinin təmin edilməsində və vətəndaşlara azad, xoşbəxt, firavan həyat şəraitinin yaradılmasında görürdü. Bununla yanaşı, müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi üçün qanunun aliliyinin təmin olunması, demokratiyanın ardıcıl inkişafı, insan hüquqlarına hörmət qoyulması kimi prinsipial məsələlərin bərqərar olunması vacibliyinə diqqət çəkən Ümummilli Liderimiz cavab məktubunda qeyd edirdi: “Müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və plüralizm şəraitində sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur”.
Bu tarixi cavabdan sonra, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. O vaxtkı hakimiyyət partiyanın Bakı şəhərində təşkilatlanmasına imkan vermədiyindən, ölkəmizin müxtəlif bölgələrindən gəlmiş 550-dən artıq nümayəndənin iştirak etdiyi təsis konfransı blokada vəziyyətinə görə lazımi səviyyədə isidilməyən və işıqlandırılmayan Naxçıvan Dövlət Dram Teatrının bu zalında keçirildi. Ulu Öndərimiz həmin günü belə xatırlayırdı: “Biz 1992-ci ilin şaxtalı bir günündə, istilik olmayan bir zalda, Naxçıvan Dövlət Teatrının binasında paltoda və çoxları papaqda oturaraq ilk konfransımızı keçirirdik. Üşüyürdük, əlimizi əlimizə sürtürdük. Amma iradəmiz yüksək idi, iradəmiz güclü idi. Gələcəyə çox nikbinliklə baxırdıq... Məni sevindirən odur ki, ağır şəraitdə Naxçıvanda keçirdiyimiz konfrans ölkənin və partiyanın böyük inkişaf yolunu təmin etdi”.
YAP Naxçıvan MR Təşkilatının Sədri, Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov daha sonra bildirmişdir ki, xalqımızın və dövlətimizin taleyinin həll olunduğu bir dövrdə meydana çıxan Yeni Azərbaycan Partiyası milli dövlətçiliyimizin inkişafı üçün son dərəcə əhəmiyyətli olan yeni tarixi mərhələnin əsasını qoydu. Güclü sosial bazası, gerçəkliyə əsaslanan proqramı, ulu öndər Heydər Əliyev kimi lideri olan Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə çıxması iyirminci əsr Azərbaycan tarixinin mühüm hadisəsi idi.
Göründüyü kimi, partiyamızın yaranması bir tərəfdən Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, ağır böhranın nəticələrinin aradan qaldırılması ilə bağlıdırsa, ikinci tərəfdən bu, Ulu Öndərə olan sonsuz xalq etimadının, onun böyük partiya və dövlətçilik təcrübəsinə inamın, sadə azərbaycanlıların yaddaşında kök salmış qurucu lider və xilaskar obrazının bilavasitə təsiri ilə bağlıdır. Heydər Əliyev şəxsiyyəti olmasaydı Yeni Azərbaycan Partiyasının yaranması, təşkilatlanması və hakim partiya statusu qazanması da mümkün olmayacaqdı. Ulu Öndərimiz Yeni Azərbaycan Partiyasının yaradılmasını tarixi şəraitin diktəsi ilə meydana gələn zərurət kimi xarakterizə edərək demişdir: “Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.
Yeni Azərbaycan Partiyasının təsis edilməsindən 7 ay sonra dahi liderin ali hakimiyyətə ikinci qayıdışı ölkənin düşdüyü ağır problemlərdən xilasının başlanğıcı oldu. Hakim partiya kimi Yeni Azərbaycan Partiyası qısa zamanda sabitliyi bərqərar edən, demokratik dəyərlərə üstünlük verən, hüquqi, demokratik, dünyəvi Azərbaycan dövləti və vətəndaş cəmiyyəti quruculuğu prosesini həyata keçirən real siyasi qüvvə kimi özünü təsdiq etdirdi. Bu yolla gedərək müxalifət partiyasından qüdrətli hakim partiyaya, siyasi partiyadan güclü ümumxalq partiyasına çevrildi.
İstənilən siyasi partiyanın taleyi ilk növbədə onun ideyalarının ictimai dəyəri ilə ölçülür. Müasir Azərbaycan siyasi mühitində Yeni Azərbaycan Partiyası ilə müqayisə oluna biləcək bir partiya, Yeni Azərbaycan Partiyası qədər geniş sosial bazaya malik olan kütləvi və dayanıqlı, siyasi proseslərə həlledici təsir imkanı olan ikinci bir partiya yoxdur!
Partiyamızın gücü nədədir? Ölkə Prezidenti, partiyamızın sədri cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının gücünü belə xarakterizə edir: “Yeni Azərbaycan Partiyasının gücü ilk növbədə onun əvəzsiz lideri Heydər Əliyevdir. Yeni Azərbaycan Partiyasının gücü bundadır ki, onun təməlində duran prinsiplər əməli surətdə həyata keçirilir. Yeni Azərbaycan Partiyasının gücü ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası liderinin daxili və xarici siyasətini xalq bəyənir və dəstəkləyir”.
Yeni Azərbaycan Partiyasının gücü həm də onun ideyalarının və cəmiyyət həyatının ən müxtəlif məsələlərinə dair baxışlarının məhdud zaman çərçivəsinə deyil, uzun bir dövrə və tarixi proseslərə hesablanmasındadır. Məhz bu amili əsas götürərək Ümummilli Liderimiz deyirdi ki: “Yeni Azərbaycan Partiyası Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin partiyasıdır”.
Yeni Azərbaycan Partiyasının gücü onun ideyalarının varisliyindədir. Böyük dövlət xadimi Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına Müraciətində yazırdı: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcəkdir... Həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın layiqli övladlarını öz ətrafında birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər”.
YAP Naxçıvan MR Təşkilatının Sədri, Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov: “Bu gün Yeni Azərbaycan Partiyasının qüdrəti öz əksini Ulu Öndərimizin tarixi prosesləri qabaqlayan müdrikliyində və ölkə Prezidenti cənab İlham Əliyevin liderlik keyfiyyətlərində tapmışdır. Ölkə başçısı kimi partiya Sədrimiz tərəfindən gerçəkləşdirilən böyük iqtisadi layihələr, beynəlxalq aləmdə qazanılan uğurlar, dünya azərbaycanlılarının birliyinin daha da möhkəmləndirilməsi, həyata keçirilən uğurlu milli dirçəliş və dövlətçilik siyasəti eyni zamanda Yeni Azərbaycan Partiyasının real gücünün ifadəsidir. Heydər Əliyev yolunun, Ulu Öndərin milli dövlətçilik konsepsiyasının uğurla davam etdirilməsi müstəqil Azərbaycanı əsl tərəqqiyə qovuşdurmuşdur.
Bu nailiyyətlər partiyanın Naxçıvan Muxtar Respublika Təşkilatının fəaliyyətində də özünü göstərməkdədir. Ötən dövrlər ərzində ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplərə sadiq qalan Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatı yüksək inkişaf və təşkilatlanma yolu keçmiş, partiyamızın sıraları cəmiyyətin bütün təbəqələrindən olan üzvlər hesabına genişlənmişdir. Əgər 1992-ci ildə partiyanın Naxçıvan Muxtar Respublika təşkilatının sırasında 1118 üzv vardısa, hal-hazırda partiyanın muxtar respublika təşkilatı öz sıralarında 51 mindən çox üzvü birləşdirmişdir. Başqa sözlə, partiyanın muxtar respublika təşkilatı üzvlərinin sayı 46 dəfə artmışdır. Bu, ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinə, siyasi fəlsəfəsinə sədaqət və ehtiramın, ölkə Prezidenti tərəfindən həyata keçirilən siyasətə dərin inamın və etibarın ifadəsidir.”-deyə, bildirmişdir.
YAP Naxçıvan MR Təşkilatının Sədri, Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov qeyd etmişdir ki, partiyanın muxtar respublika təşkilatının say tərkibi onun nə qədər geniş sosial bazaya malik olduğunu göstərir. Partiya üzvlərinin 21 min nəfərdən çoxunu qadınlar, 22 minə yaxınını isə gənclər təşkil edir. Yeni Azərbaycan Partiyasının dördüncü konfransının keçirildiyi 2009-cu illə müqayisədə partiya üzvü olan qadınların sayı 22 faiz, gənclərin sayı isə 17 faiz artmışdır. Partiyamızın mühüm keyfiyyətlərindən biri də sıramızda alimlərin, ziyalıların, intellektual səviyyəli insanların çoxluq təşkil etməsidir. Bu gün partiyanın muxtar respublika təşkilatı üzvlərinin 35 faizini ali, 23 faizini isə orta ixtisas təhsillilər təşkil edir.
Muxtar respublikada partiyamızın fəaliyyətini günün tələbləri səviyyəsində qurmaq üçün şəhər və rayon, eləcə də muxtar respublika təşkilatında müasir tələblərə cavab verən iş şəraiti yaradılmış, inzibati binalar tikilmiş və ya əsaslı təmir olunmuşdur. Bundan başqa, yeni yaradılan kənd mərkəzlərində partiya ərazi ilk təşkilatları da ayrıca iş otaqları ilə təmin edilirlər. Bir sözlə, partiyamızın muxtar respublika təşkilatı ideya-təbliğat və təşkilati fəaliyyəti həyata keçirmək üçün bütün imkanlara malikdir.
Partiya təbliğatı hakim partiyanın fəal təşkilatçılığı ilə həyata keçirilən irimiqyaslı quruculuq tədbirlərinə uyğun qurulmalıdır. Çünki biz digər siyasi qurumlardan fərqli olaraq şüarçılıqla yox, real işlə məşğul oluruq. Partiyanın muxtar respublika təşkilatının 2009-cu ildə keçirilmiş dördüncü konfransı ilə onun beşinci konfransı arasında olan müddət ərzində əldə olunan nailiyyətlər bu siyasətin düzgünlüyünü, Heydər Əliyev quruculuq xəttinin yaradıcı gücünü nümayiş etdirir.
YAP Naxçıvan MR Təşkilatının Sədri, Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun sözlərinə görə, partiyanın dördüncü konfransından ötən 5 il ərzində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı 2,4 dəfə artmışdır. Bu dövrdə ümumi daxili məhsul istehsalı 2 milyard 339 milyon manata çatmışdır. Sənaye məhsulu istehsalının həcmi 3,4 dəfə, əsas kapitala investisiya qoyuluşu 1,7 dəfə çoxalmışdır. 2010-2014-cü illər ərzində muxtar respublika üzrə 2 min 688 müxtəlif təyinatlı obyekt tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilmiş, sahibkarlığın inkişafına diqqət artırılmış, 402 yeni istehsal və xidmət sahəsi yaradılmışdır. Bu sahələr bir tərəfdən muxtar respublikada 336 növdə məhsula olan tələbatın daxili imkanlar hesabına ödənilməsinə şərait yaradırsa, digər tərəfdən məşğulluq səviyyəsinin artırılmasına da öz təsirini göstərir. Belə ki, qeyd olunan dövrdə 20 min 257 yeni iş yeri açılmışdır ki, onun da 18 min 384-ü, yaxud 91 faizi daimi iş yerləridir.
Hesabat dövründə aqrar sektorun inkişafı da diqqət mərkəzində saxlanmış, kənd təsərrüfatı məhsulları istehsalının həcmi 1,5 dəfə artmışdır. Əkinçilik və heyvandarlıq inkişaf etdirilmiş, qədim ənənələrə malik olan arıçılıq və quşçuluq dirçəldilmişdir.
Sosial sahə qayğı ilə əhatə olunmuş, 28 min 322 şagird yerlik 71 orta məktəb binası, 62 səhiyyə müəssisəsi tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. İnfrastrukturun formalaşması sahəsində görülən tədbirlər davam etdirilmiş, 46 körpü tikilmiş və ya əsaslı təmir olunmuş, ən müasir tələblərə cavab verən yeni avtomobil yolları salınmışdır.
Ötən 5 ildə əhalinin yaşayış səviyyəsi yaxşılaşmış, hər nəfərə düşən gəlirlərin həcmi 1,2 dəfə, orta aylıq əməkhaqqı isə 1,4 dəfə artmışdır. Həyat səviyyəsinin yaxşılaşmasını belə bir fakt da təsdiq edir ki, 2009-cu ildə əhalinin şəxsi vəsaiti hesabına 132 min kvadratmetr yaşayış sahəsi tikilmişdirsə, 2014-cü ilin ötən dövründə bu göstərici 2,7 dəfə artaraq 358 min kvadratmetr olmuşdur.
Bu inkişaf öz növbəsində muxtar respublikada demoqrafik inkişafa, əhali artımına və məskunlaşmaya da öz təsirini göstərmiş, son 5 ildə muxtar respublikanın əhalisi 36 min 800 nəfər artmış, əhalinin ümumi sayı 439 min nəfərdən çox olmuşdur.
Aydın məsələdir ki, bu inkişaf öz-özünə baş verməyib. Tikilən, qurulan nə varsa, onun kökündə insan əməyi, insan yaradıcılığı dayanır. Bu gün Naxçıvan Muxtar Respublikasının geniş quruculuq və tərəqqi yoluna çıxarılmasında əməyi olan bütün muxtar respublika əhalisinə, o cümlədən Yeni Azərbaycan Partiyasının üzvlərinə və partiyamızın təəssübkeşlərinin hamısına təşəkkürümü bildirir, Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin partiyasına sədaqətimizi əməli işimizlə doğrultmağı arzulayıram.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının konfranslararası dövrdəki fəaliyyəti barədə hesabat verərək deyib ki, hesabat dövründə fəaliyyətin əsas qayəsini partiyanın V Qurultayında partiya Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin proqram xarakterli nitqində irəli sürülmüş müddəaların, partiyanın Proqram prinsiplərinin, Qurultayın qəbul etdiyi qərarların, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının IV Konfransının tövsiyə, tapşırıq və qərarlarının yerinə yetirilməsi təşkil edib. Əgər IV Konfransda üzvlərimizin sayı 42940 nəfər olmuşdursa, hazırda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı öz ətrafında 51 mindən çox siyasi həmfikiri birləşdirir. Üzvlərimiz bütün yaşayış məntəqələri üzrə 797 ərazi ilk partiya təşkilatında birləşiblər. Ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında ümummilli lider Heydər Əliyevin siyasi kursuna uyğun olaraq uğurla aparılan demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu, sosial-iqtisadi inkişaf və dövlət quruculuğu siyasəti partiya işinin əsas ideoloji hədəfi olub.
Hesabat məruzəsi ətrafında çıxışlar olub. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov deyib ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sıralarında hazırda 22 min nəfərə yaxın gənc birləşib. Dördüncü konfransdan ötən müddət ərzində Heydər Əliyev adına Gənclər Birliyi özünün şəhər və rayon təşkilatlarını formalaşdırıb, siyasi cəhətdən savadlı, intellektli gənclərin vahid ideya ətrafında birləşməsinə nail olunub. Gənclərdə vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunun aşılanması məqsədilə aidiyyəti qurumlarla birlikdə fəaliyyət planı tərtib edilib və icrasına nail olunub.
Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyeva deyib ki, muxtar respublikada yaşayan qadınlar öz bilik və bacarıqlarını reallaşdırmaq sahəsində bütün imkanlara malikdirlər. Müxtəlif peşə sahələrində qadınların sayı artmaqdadır. Qadınlarımız istər icra, istər qanunvericilik, istərsə də məhkəmə hakimiyyəti orqanlarında geniş təmsil olunur, yüksək və məsul vəzifələrə irəli çəkilirlər. Bu gün seçkili orqanlarda da qadınlar xüsusilə fərqlənirlər. Belə ki, 2009-cu ildə keçirilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının üzvü olan 375 qadın səs toplayaraq muxtar respublikanın yerli özünüidarəetmə orqanlarında təmsil olunublar ki, bunlardan da 8-i bələdiyyə sədri, 2-si bələdiyyə sədrinin müavini vəzifəsində çalışırlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 45 deputatından 6-sı qadındır.
Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri Kamal Camalov bildirib ki, 1992-ci il noyabrın 21-də təsis olunan ərazi ilk təşkilatında 11 nəfərdən ibarət idarə heyəti və Heydər Əliyev adına Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatı fəaliyyət göstərir. Ötən müddət ərzində aparılan siyasi-ideoloji iş Universitet şəhərciyi ərazi ilk təşkilatının sıralarını daha da genişləndirib. Təkcə son tədris ilində 220-yə yaxın gəncin ilk təşkilatda partiya üzvlüyünə ərizə ilə müraciət etməsi deyilənlərin aydın təzahürüdür.
Gündəlikdə duran üçüncü məsələnin müzakirəsində konfrans nümayəndəsi, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev çıxış edərək deyib: “Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası son 20 ildə əsrlərə bərabər inkişaf yolu keçib, bütün sahələrdə nailiyyətlər əldə edib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs muxtar respublikada Ali Məclisin Sədri tərəfindən uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası heç vaxt indiki qədər güclü iqtisadiyyata, yüksək inkişaf səviyyəsinə malik olmayıb. Muxtar respublikada həyata keçirilən quruculuq, abadlıq işlərinin, iqtisadiyyatda, mədəni həyatda, insanların güzəranında baş verən dəyişikliklərin kökündə bir tərəfdən Heydər Əliyev yoluna, siyasi və nəzəri irsinə sədaqət, ikinci tərəfdən isə qətiyyətli mövqe, düzgün idarəetmə dayanır. Ulu Öndərimizin müəyyən etdiyi siyasi xəttə sədaqət, aydın siyasi mövqe, yorulmaz fəaliyyətdən ibarət olan inkişafın Naxçıvan modeli muxtar respublikanın tərəqqisinin əsasını təşkil edir”.
İsmayıl Hacıyev bütün bunlara görə Vasif Yusif oğlu Talıbovun yenidən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sədri seçilməsini təklif edib.
Verilən təklifi dəstəkləyən Naxçıvan Müəllimlər İnstitutunun rektoru Oruc Həsənli qeyd edib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, təhsilə də xüsusi diqqət göstərilir. Təkcə Naxçıvan şəhərində deyil, ən ucqar dağ kəndlərində belə müasir məktəb binaları tikilir, onların maddi-texniki bazaları gücləndirilir, yeni informasiya texnologiyaları tətbiq olunur. Əgər 1995-1996-cı tədris ilində ali məktəblərə qəbulda muxtar respublika üzrə 5 nəfər 500-700 bal intervalında nəticə göstəribsə, 2014-cü ildə 347 abituriyent yüksək nəticə göstərib. Bütün bunlar göstərir ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən quruculuq xətti muxtar respublikada böyük əzmkarlıqla həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva da partiya üzvü olan yaradıcı ziyalılar adından Vasif Talıbovun Yeni Azərbaycan Partiyası Muxtar Respublika Təşkilatının Sədri seçilməsi barədə təklifi dəstəkləyib və çıxış edərək deyib ki, intibah dövrünü yaşayan Naxçıvanda mədəniyyət və incəsənət sahəsi də hərtərəfli inkişaf edir. Xalqımızın min illər boyu yaratdığı milli dəyərlərimizin qorunması, milli sənət nümunələrimizin, xalq musiqimizin yaşadılması və inkişaf etdirilməsi muxtar respublikada mədəniyyət və incəsənət sahəsində aparılan siyasətin əsas istiqamətlərindən biridir. Ötən müddət ərzində rəssamlığın və təsviri sənətin inkişafı sahəsində də ardıcıl tədbirlər görülüb, bu sahədə ciddi dönüşə nail olunub. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin, eləcə də muxtar respublikada fəaliyyət göstərən digər yaradıcılıq təşkilatları üçün müasir iş şəraiti yaradılıb, onların fəaliyyəti hərtərəfli qayğı ilə əhatə olunub. Bütün bunlar isə muxtar respublika rəhbərinin ötən dövr ərzində həyata keçirdiyi məqsədyönlü və qətiyyətli fəaliyyət nəticəsində mümkün olub.
Çıxışlardan sonra təklif səsə qoyulub və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sədri seçilib.
Ali Məclisin Sədri yenidən etimad göstərib onu Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sədri seçdiklərinə görə konfrans nümayəndələrinə minnətdarlığını bildirib.
Sonra gündəlikdə duran dördüncü məsələ müzakirə olunub, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının 36 nəfərdən ibarət Siyasi Şurası seçilib.
Siyasi Şuranın ilk iclası keçirilib. İclasda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının 11 nəfərdən ibarət İdarə Heyəti seçilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Sədrinin müavini, Anar İbrahimov Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri vəzifələrinə seçiliblər.
Ali Məclisin Sədri hesabat dövrü ərzində birgə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının üzvlərinə, partiyanın təəssübkeşlərinə, ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik xəttinə sədaqət göstərənlərin hamısına bir daha təşəkkürünü bildirib, konfransı bağlı elan edib.
Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvləri ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gələrək gül dəstələri qoyub, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad edib, xatirə şəkli çəkdiriblər.

 

DİGƏR Partiya xəbərləri Arxiv