YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Azərbaycan ictimaiyyəti ATƏT-in Minsk qrupunun qeyri-adekvat münasibətindən narazıdır

«Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu nəzərə almalıdır ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub və işğalçı ölkənin Azərbaycan torpaqlarında hərbi təlimlər keçirərək təxribatçı hərəkətlər etməsi beynəlxalq hüquq normalarının heçə sayılmasıdır. Bu qurumlar Azərbaycanın mülki vətəndaşlarının dəfələrlə erməni snayperləri tərəfindən vurulmasının şahidi olublar. Amma bu cür qanunsuzluqlara qarşı heç bir kəskin, adekvat reaksiya verilməyib». Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, Azərbaycan ictimaiyyəti beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk qrupunun qeyri-adekvat münasibətindən narazıdır. Onun sözlərinə görə, bu cür mövqe birmənalı şəkildə həm ikili standartların, həm də ikiüzlü siyasətin göstəricisidir.

«Məlum olduğu kimi, BMT-nin Təhlükəsizlik Şurasının müharibələr və onların gedişi ilə bağlı çoxsaylı sənədləri var. Bu sənədlərdə əks olunub ki, müharibə zamanı hərbi qulluqçuların – hərbçilərin həlak olması qanunauyğundur. Amma mülki şəxslərin həlak olması yolverilməz və qəbuledilməzdir. Əsas məqam budur ki, qoşunların təmas xəttində hərbiçilərimiz tərəfindən vurulmuş Mi-24 döyüş helikopterindəki şəxslər Ermənistanın hərbi qulluqçularıdır və onlar təxribatçı, qeyri-qanuni hərəkətlərdən sonra adekvat cavab alıblar. Ermənistan qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirir, təxribatlara yol verir, Azərbaycan isə öz konstitusion hüququndan istifadə edərək təhlükəsizlik və ərazi bütövlüyü kontekstində düşmənə layiqli cavab verib”»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.