YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Beynəlxalq Ahıllar Günü münasibətilə Bilgəhdəki sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib

Bu gün Yeni Azərbaycan Partiyasının rəhbərliyi 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə Bilgəhdəki  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində olub.

Sosial xidmət müəssisəsinin sakinləri ilə görüşdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası  Sədrinin müavini-İcra katibi Əli Əhmədov Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən  əsası qoyulan uğurlu sosial siyasətin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirildiyini, bu siyasətin mərkəzində insan amilinin dayandığını vurğulayıb. Əli Əhmədov bildirib ki, bunun nəticəsi olaraq, ölkədə dinamik iqtisadi inkişaf prosesləri vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində mühüm irəliləyişlərin əldə olunması ilə nəticələnir. 2019-cu ilin ötən dövründə dövlət başçısının imzaladığı Fərman və sərəncamlar da əhalinin sosial müdafiəsinin gücləndirilməsində inqilabi addımlardır. Eyni zamanda, dövlət himayəsində yaşayan tənha yaşlı və ahıl insanların normal yaşayış şəraiti, onların etibarlı sosial müdafiəsi təmin olunur.

Əli Əhmədov yaşlı nəslə, ahıllara həmişə diqqət və qayğı göstərilməsi işlərində YAP-ın da fəal iştirak etdiyini, partiyanın nümayəndələrinin tez-tez bu müəssisədə görüşlər keçirdiyini və burada yaşayanlara öz dəstəyini göstərdiyini vurğulayıb. Əli Əhmədov qeyd edib ki, Azərbaycan hökuməti bütün insanlara, o cümlədən ahıllara həmişə diqqət və qayğı göstərir: “Bu xidmət müəssisəsinin sakinləri üçün lazım olan bütün imkanlar və şərait yaradılıb. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, burada yaşayan insanların əhval ruhiyyəsinin yaxşı olması bizi sevindirir. Bu, bizim hökumətimizin həyata keçirdiyi siyasətin humanizmindən, insanpərvərliyindən, insanlara qayğısından xəbər verir. Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi siyasətin əsas qayəsi də ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təşkil olunması üçün istifadə edilsin, o cümlədən də qayğıya ehtiyacı olan bütün insanlar diqqət mərkəzindən kənarda qalmasın”. O, həmçinin respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətindəki təşəbbüslərini də xüsusi vurğulayıb.

Baş nazirin müavini oktyabrın 1-dən minimum pensiyanın 200 manat səviyyəsinə qaldırıldığını deyərək bu istiqamətdə tədbirlərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin sosial inkişaf kursuna uyğun olaraq ahıl vətəndaşların pensiya təminatının gücləndirilməsi istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb. O dövlət başçısının islahatlar proqramının uğurlu nəticələrindən biri kimi, bu ilin ötən dövründə ölkəmizdə pensiyanın minimum məbləğinin 72,4 faiz artırılaraq 116 manatdan 200 manata çatdırıldığını, bununla da Azərbaycanda minimum pensiya məbləğinin pensiyaçılar üçün yaşayış minimumunu 34, 2 fazi üstələdiyini qeyd edib.

Nazir sosial xidmət müəssisəsində yaşayan ahıl insanların dövlət qayğısı ilə əhatə olunduqlarını, Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində müasir tələblərə uyğun yaşayış şəraiti yaradıldığını, müəssisə üçün 5 mərtəbəli 170 yerlik ikinci korpusunun inşa olunaraq istifadəyə verildiyini bildirib. S.Babayev Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əhalinin sosial cəhətdən həssas olan kateqoriyalarına, habelə tənha ahıllara xüsusi qayğısından bəhs edib. Heydər Əliyev Fondunun sosial xidmət müəssisələri, o cümlədən Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi ilə bağlı nəcib layihələrini, xeyirxah tədbirlərini, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu müəssisənin sakinlərinə qayğıkeş münasibətini, buraya tez-tez gələrək müəssisədəki yaşlı, ahıl insanlarla görüşdüyünü qeyd edib.

Nazir həmçinin sosial xidmət sistemində yeni istiqamətlərdən biri kimi, Bakıda və bölgələrdə ahıllar üçün günərzi mərkəzlərin yaradıldığını deyib. Onun sözlərinə görə, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmətçiləri tərəfindən ölkə üzrə 10 min ahıl şəxsə evində xidmət göstərilir.

Tədbirdə çııxş  edən AMEA-nın prezidenti, YAP-ın Sədr müavini Akif Əlizadə də dövlətimizin, şəxsən Prezident İlham Əliyevin ahıl, qayğıya ehtiyacı olan  insanlara göstərdiyi diqqət və qayğıdan danışaraq bu işlərin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.

237 nəfərin yaşadığı müəssisənin sakinləri də tədbirdə  ürək sözlərini bildirərək, onlara göstərilən yüksək qayğıya, sosial müdafiə tədbirlərinin, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi üçün atılan mühüm addımlara, eyni zamanda, dövlətin himayəsində yaşayan yaşlı, ahıl insanlar üçün yaradılan müasir, rahat şəraitə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə YAP İcra katibinin müavinləri - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov görüşdə iştirak ediblər.

Tədbir bədii hissə ilə davam edib.