YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının Abşeron rayon təşkilatının gəncləri ilə görüş keçirilib

Sentyabrın 26-da  Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası  Sədrinin müavini - İcra katibi Əli Əhmədov Xırdalan şəhərində YAP Abşeron rayon təşkilatının gənc fəalları ilə görüşüb.

Əvvəlcə Baş nazirin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov Abşeron rayonu Xırdalan şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçək dəstələri düzüb.

Görüşdə AMEA-nın prezidenti, YAP Sədrinin müavini Akif Əlizadə, YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova iştirak ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən görüşü açan Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova gənclərin rayonun ictimai-siyasi həyatında, eləcə də quruculuq işlərində yaxından iştirak etdiyini bildirib.

Tədbirdə çıxış edən Baş nazirin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov bildirib ki, Azərbaycan gəncliyi cəmiyyətimizin aparıcı qüvvəsini təşkil edir. O söyləyib ki, bu gün Azərbaycan hökumətinin əsas məqsədi gənc nəslin arzuladığı cəmiyyəti onlara təqdim etməkdir. Bu ümumi məqsədə nail olmaq üçün var gücümüzlə çalışırıq. Bunun üçün də gənc nəslin daha yaxşı təhsil alması və zəngin biliklərə yiyələnməsi tələb olunur. Yaxşı yaşamağın, cəmiyyətin layiqli vətəndaşı olmağın yeganə yolu zəngin, etibarlı, dərin biliklərə yiyələnməkdir. Baş nazirin müavini deyib: “Ölkədə gənclərin yaxşı təhsilə sahib olmaları üçün bütün imkanlar yaradılıb. Son illər Azərbaycanda təhsil sahəsində böyük islahatlar həyata keçirilir. İnanırıq ki, Azərbaycanın gələcəyi daha parlaq olacaq. Çünki bu parlaq gələcəyi yaratmağa qadir olan çox ləyaqətli gənclərimiz yetişib. Onlar gələcəkdə Ulu Öndər Heydər Əliyevin ideyalarını, eləcə də Onun layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirləri layiqincə davam etdirmək potensialına malikdirlər”.
Görüşdə Əli Əhmədov müstəqil Azərbaycanın keçdiyi inkişaf yolu ilə bağlı tələbə-gənclərə geniş məlumat verib, uğurlu siyasət nəticəsində ölkəmizi daha firavan gələcək gözlədiyini diqqətə çatdırıb.
Müstəqilliyimizin ilk illərindən danışan Əli Əhmədov deyib ki, 1990-cı illərin əvvəlində Azərbaycan dərin siyasi, sosial-iqtisadi böhran keçirirdi, infilyasiyanın səviyyəsi 1600 faizə çatmışdı, ölkədə xaos, anarxiya baş alıb gedirdi, Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə xalqımız nicat yolunu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. Həmin dövrdə Azərbaycanın anarxiya, parçalanmaq və məhv olmaq təhlükəsi, iqtisadi tənəzzül, beynəlxalq təcrid ilə üzləşdiyini diqqətə çatdıran Əli Əhmədov Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlandığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildirib. Baş nazirin müavini qeyd edib ki, Ulu Öndərin işləyib hazırladığı müasir, müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi nəticəsində 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” isə ölkəmizin inkişafında mühüm rol oynadı. Belə ki, Ümummilli Liderimizin müəllifi olduğu neft strategiyası Azərbaycanın hərtəfli inkişafının bünövrəsini təşkil edir.
YAP Sədrinin müavini söyləyib ki, bu gün Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əli Əhmədov Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini, iqtisadiyyatın artması, əhalinin sosial rifahının yüksəldilməsi, ölkəmizin beynəlxalq müstəvidə mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığını söyləyib.
Əli Əhmədov bildirib ki, son illər Azərbaycan iqtisadiyyatı bir neçə dəfə artıb. Təbii ki, iqtisadiyyatın inkişafı dövlətin sosial siyasətinin daha da güclənməsinə zəmin yaradır. Bu mənada əhalinin rifah halının yüksəlməsi istiqamətində atılan addımlar bunun əyani göstəricisidir. Bu ilin əvvəlindən Prezident İlham Əliyevin müvafiq Fərman və sərəncamları ilə ölkəmizdə əmakhaqlarının, təqaüdlərin, sosial müavinətlərin və digər sosial ödənişlərin əhəmiyyətli dərəcədə artırıldığını deyən Baş nazirin müavini qeyd edib ki, ölkəmizdə qayğıya ehtiyacı olan insanlara dövlətimiz lazımi diqqəti göstərir. Onun sözlərinə görə, hər bir ailə bu artımlardan faydalanır. Əli Əhmədov deyib ki, Azərbaycan dövləti gücləndikcə əhalinin rifah halının daha da yüksəldilməsi istiqamətində növbəti addımlar atılacaq. Azərbaycanın beynəlxalq miqyasda da nüfuzunun davamlı olaraq artdığını deyən Əli Əhmədov ölkəmizin dünyada və regionda baş verən proseslərdə fəal mövqe nümayiş etdirdiyini söyləyib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə gəlincə, Baş nazirin müavini deyib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Onun sözlərinə görə, işğalçı Ermənistan münaqişənin həllini uzatmağa çalışır: “Azərbaycanın güclü ordusu var və torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Beynəlxalq hüquq da bizim tərəfimizdədir. Amma dövlətimiz qan tökülməsini istəmir. Çünki müharibə insan itkisi, dağıntı, fəlakət deməkdir. Ona görə də, sülh imkanları tükənməyibsə, bu imkanlardan sona qədər istifadə olunmalıdır. Əlbəttə ki, sülh danışıqları nəticə verməsə, Azərbaycan dövləti öz torpaqlarını işğaldan azad etmək haqqından istifadə edəcək”.
Azərbaycanın dünyanın ən uğurlu gənc dövlətlərindən biri olduğunu deyən Əli Əhmədovun fikrincə, bugünkü gənclik müstəqil, güclü Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur. O, gəncləri ictimai həyatda da fəal olmağa çağırıb. Çünki gənclər cəmiyyətin aparıcı qüvvəsi kimi cəmiyyət həyatında mühüm rol oynayırlar. Yeni Azərbaycan Partiyasının  qapıları da gənclərimiz üçün həmişə açıqdır.
Bununla belə, Azərbaycanın inkişafını və güclənməsini istəməyən qüvvələrin olduğunu deyən YAP Sədrinin müavini həmin dairələrin müxtəlif vasitələrlə ölkəmizə qarşı qarayaxma kampaniyası apardıqlarını qeyd edib. Bu vasitələrin biri də sosial şəbəkələrdir. Onun sözlərinə görə, xaricdə özünü mühacir adlandıranlar müəyyən qüvvələrin maraqlarına xidmət edərək ölkəmizin, dövlət rəhbərliyinin imicinə zərbə vurmağa çalışırlar. YAP Sədrinin müavini vurğulayıb ki, belə kampaniya aparanlar cəmiyyətimizdə ifşa olunmalıdırlar. Ona görə də partiyamızın üzvləri Azərbaycanın qazandığı nailiyyətləri insanlar arasında geniş təbliğ etmək işini fəal şəkildə davam etdirməlidirlər. O cümlədən ölkəmizə qarşı qarayaxma kampaniyası aparan dairələrin, radikal müxalifətin əsl niyyətləri ifşa olunmalıdır. Gənclər bu prosesdə fəal iştirak etməlidirlər.

Görüşdə çıxış edən AMEA-nın prezidenti, YAP Sədrinin müavini Akif Əlizadə Azərbaycanın gələcəyinin parlaq olduğunu bildirib. Çünki ölkəmizdə sağlam, vətənpərvər, intelektual gənc nəsl formalaşıb. O, son illər gənclərin elm sahəsinə marağının artmasını da yüksək qiymətləndirib.

Görüşdə çıxış edən gənclər də ictimai-siyasi proseslərlə bağlı fikirlərini bildiriblər. Qeyd olunub ki, bu gün Azərbaycan gəncliyi Prezident İlham Əliyevin ətrafında sıx birləşib, dövlət başçısının həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir.