YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Daşkəsəndə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə möhtəşəm ümumrayon tədbiri keçirilmişdir

Mayın 3-də Daşkəsəndə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir. 

Tədbirdən əvvəl rayon ictimaiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsinin önünə əklil və gül dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər.

Sonra tədbir rayon mədəniyyət evində davam etdirilmişdir.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev dahi lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məruzə etmişdir. Məruzədə Ulu Öndərin ölkəmizin tarixində əvəzsiz xidmətlərindən, bu gün sürətlə davam edən Azərbaycanın inkişafı üçün qoyduğu bünövrədən geniş söhbət açılmışdır.
Bildirilmişdir ki, müstəqil Azərbaycanın milli dövlət bayrağını ilk dəfə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində məhz dahi rəhbər Heydər Əliyev yüksəltmişdir. Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər təyin olunanda ölkəmiz keçmiş sovetlər birliyində, ən geridə qalan, aqrar respublika idi. Qısa vaxt ərzində ümummilli lider Heydər Əliyev respublikada kənd təsərrüfatı ilə yanaşı, sənayenin inkişafına da nail olmuşdur. Bakıda, Naxçıvanda, Gəncədə, Sumqayıtda, Daşkəsəndə və ölkəmizin digər regionlarında iri sənaye müəssisələri, fabriklər, zavodlar tikilmişdir. Əhali üçün yeni iş yerləri açılmış, vətəndaşların sosial rifahı yüksəlmişdir. Ölkəmizdə əlvan metallurgiya, ağır və yüngül sənaye sürətlə inkişaf etməyə başlamışdır. Ötən əsrin 70-ci illərinin sonunda Azərbaycan sovetlər birliyinin iqtisadi cəhətdən ən güclü respublikalarından birinə çevrilmişdir. Bütün bunlar ulu öndər Heydər Əliyevin gərgin əməyi, yorulmaz fəaliyyəti və yeritdiyi düzgün iqtisadi siyasətin nəticəsində əldə edilmişdir.

Əhəd Abıyev demişdir ki, xalq 1993-cü ildə ölkəmizdə yaranmış anarxiyadan yaxa qurtarmaq üçün ulu öndər Heydər Əliyevi hakimiyyətə gətirdi. Qısa müddətdə silahlı dəstələr zərərsizləşdirildi, qanunçuluq bərpa olundu, əmin-amanlıq yaradıldı.
Qeyd edilmişdir ki, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq iki qat çətindir. Ümummilli lider Heydər Əliyevin qətiyyəti, möhkəm iradəsi və həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində Azərbaycanın müstəqilliyi həm qorunmuş, həm də möhkəmlənərək əbədi olmuşdur.

Bildirilmişdir ki, bu gün Azərbaycan dünya siyasətində strateji əhəmiyyəti olan bir ölkədir və bu nüfuz getdikcə artır. Hazırda dahi rəhbər Heydər Əliyevin siyasətini Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Ölkəmiz Azərbaycan Prezidenti İlham Əliyevin yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində dünyanın sayılan-seçilən, ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilmişdir. Artıq dünyanın ən aparıcı dövlətləri, Azərbaycan ilə daha çox hesablaşır və ölkəmizlə bütün sahələrdə tərəfdaşlığa böyük maraq göstərirlər. Azərbaycanın haqq səsi dünyanın ən mötəbər beynəlxalq tribunalarından daha əzəmətlə səslənir. Bütün bunlar ulu öndər Heydər Əliyev siyasətinin qələbəsidir.
Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın bütün şəhər və rayonlarına, o cümlədən Daşkəsənə də daim böyük diqqət və qayğı göstərir.

Tədbirdə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı çıxış edərək ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması, inkişaf etdirilməsi istiqamətində misilsiz xidmətlərindən bəhs etmiş, onun zəngin həyat və fəaliyyətinin bəzi məqamlarından danışmışdır. Natiq öz çıxışında Ümummilli Liderin uzaqgörən siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən çox uğurla inkişaf etdirildiyini vurğulamışdır.

Sonra YAP sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim olunmuş, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş idman və inşa müsabiqəsində fərqlənmiş gənclərə və məktəblilərə fəxri fərmanlar verilmişdir.

Ümumrayon tədbiri mədəniyyət xadimlərinin Ulu Öndərə, Vətənə, xalqa və dövlətçiliyimizə həsr olunmuş musiqi nömrələri ilə başa çatdırılmışdır.