YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Zəfərdən quruculuğa: Prezident İlham Əliyevin liderlik missiyası

Dekabrın 22-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə “Zəfərdən quruculuğa: Prezident İlham Əliyevin liderlik missiyası” adlı tədbir keçirilib.

Tədbirdən öncə Universitet ərazisində müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova diqqətə çatdırıb ki, dövlət idarəçiliyində liderin rolu təkcə inkişafın təmin olunması ilə məhdudlaşmır, eyni zamanda, cəmiyyətdə sabitliyin möhkəmlənməsi və milli tərəqqinin davamlı xarakter alması baxımından mühüm əhəmiyyət kəsb edir: “Xalqa verdiyi sözlərə sadiqliyini əməli fəaliyyəti ilə təsdiqləyən, hər bir azərbaycanlının Prezidenti olduğunu sübut edən cənab İlham Əliyevin fəaliyyəti ölkəmizin gücünün daha da artmasına yönəlmiş ardıcıl strateji xətt üzərində qurulub. Dövlət başçısı Azərbaycanın inkişafını təmin etməklə xalqın dərin etimadını qazanıb. Milli maraqları daim prioritet hesab edən dövlət başçısının siyasəti xalqımızın birliyini daha da möhkəmləndirib”.

G.Məmmədova vurğulayıb ki, dövlət başçısının düşünülmüş siyasəti ölkənin sosial-iqtisadi inkişafında, eləcə də milli maraqların qorunmasında öz ifadəsini tapır: “Uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyada nüfuzlu dövlət, tolerantlıq nümunəsi, mühüm beynəlxalq tədbirlərin keçirildiyi etibarlı tərəfdaş kimi tanınır”.

Dövlət başçısının təhsilin inkişafını daim diqqət mərkəzində saxladığını vurğulayan rektor ölkədə həyata keçirilən uğurlu gənclər siyasətinin də müasir Azərbaycanın gələcəyinə xidmət etdiyini söyləyib.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxışında qeyd edib ki, qüdrətli və qalib Azərbaycan reallığı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əbədiyaşar ideyaları və tükənməz dövlətçilik irsi ilə bağlıdır: “Ulu Öndərin milli maraqlara əsaslanan uzaqgörən siyasəti Azərbaycanın müstəqil dövlət kimi tərəqqisini təmin edib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Ümummilli Liderin dövlətçilik irsini müasir dövrün çağırışlarına uyğun zənginləşdirərək uğurlu siyasət həyata keçirməklə ölkəmizə tarixi nailiyyətlər qazandırıb”.

Tahir Budaqov bildirib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan öz iqtisadi, siyasi, hərbi gücü və xalqımızın əzmkar mövqeyi sayəsində möhtəşəm Zəfərə imza atıb: “Ölkəmizin ərazi bütövlüyü və tam suverenliyinin bərpası Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, diplomatik məharətinin real nəticəsidir. Şübhə yoxdur ki, Heydər Əliyev ideyalarına sadiq qalaraq məqsədyönlü siyasət həyata keçirən, xalqın inam və etimadını doğruldan və ata vəsiyyətini şərəflə yerinə yetirən, sözünün imzası qədər dəyərli olduğunu hər zaman təsdiq edən qətiyyətli Lider – Prezident İlham Əliyev Azərbaycanı daha parlaq gələcəyə aparacaq, xalqımıza yeni zəfərlər bəxş edəcəkdir”.

Sonra çıxış edənlər Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində qazanılan uğurlardan bəhs ediblər.

Tədbirdə Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş Universitet əməkdaşlarına üzvlük vəsiqələri təqdim edilib.

Daha sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Sonda bədii hissə təqdim olunub və xatirə şəkli çəkdirilib.