YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Belarus ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir

Mayın 6-da Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə səfərdə olan Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini, general-mayor Oleq Belokonev ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Belarusun nümayəndə heyəti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edərək önünə əklillər və gül dəstələri qoyublar. Qonaqlar, həmçinin iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini də ziyarət edib, önünə güllər düzüblər.

Baş Qərargahda keçirilən görüşdə general-polkovnik N.Sadıkov vurğulayıb ki, dövlətlərimizin başçılarının yaxın dostluq əlaqələri ölkələrimiz və xalqlarımız arasında qədim tarixə, səmimi və qarşılıqlı inama söykənir. Azərbaycan Belarus ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir. Hərbi-texniki və hərbi təhsil sahələrində Azərbaycan-Belarus əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik N.Sadıkov xatırladıb ki, uzun illər davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının 20 faizi hələ də işğal altındadır və bir milyondan çox soydaşımız doğma yurd-yuvalarından didərgin düşüb. Bu münaqişə regional sabitliyə əsas təhlükədir. Əminik ki, Belarus Respublikası həmişə olduğu kimi, bundan sonra da bu münaqişənin həlli məsələsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcək.

Belarus xalqının nümayəndəsi, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə misilsiz şücaət göstərərək həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçi xatırlayan general-polkovnik N.Sadıkov xalqımızın onun xatirəsini daim ehtiramla yad etdiyini xüsusi vurğulayıb.

Ölkəmizə səfərindən məmnunluğunu bildirən general-mayor O.Belokonev Azərbaycan-Belarus münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini bildirib. Qonaq əməkdaşlığın dövlətlərimizin başçılarının dostluq əlaqələrinə əsaslandığını qeyd edərək Belarusun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha diqqətə çatdırıb.

Görüşdə Azərbaycan ilə Belarus arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində birgə fəaliyyət, mütəxəssislərdən ibarət qrupların qarşılıqlı səfərlərin təşkili, iki ölkənin Ordu bölmələrinin iştirakı ilə təlimlərin keçirilməsi və maraq doğuran digər məsələlər müzakirə edilib.

Mərkəzi Komanda Mərkəzinə gələn qonaqlar burada yaradılmış şəraitlə tanış olublar.

DİGƏR Xəbərlər Arxiv