YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Formula 1 ərəfəsində Bakıdakı hotellərin 90-95 faizi dolub

26-28 aprel tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq Bakının mərkəzində yerləşən hotellərdə yerlərin 90-95 faizi dolub.

Bunu Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi deyib.

S.Dübəndi bildirib ki, yarışlarla bağlı şəhərin mərkəzində yerləşən bir sıra iri hotellər daha çox turist qəbul edib: “Bir qədər kiçik hotellərdə də sıxlıq var. Belə ki, təxminən 65-75 faiz arası sıxlıq nümayiş olunur. Bu, mövsüm üçün yüksək göstəricidir”.

Onun sözlərinə görə, Formula 1 hotelçilik və turizm sənayesi baxımından çox önəmli tədbirdir: “Formula 1 kimi irimiqyaslı tədbirlər ölkəyə əlavə turist cəlb edir. Azərbaycan yeni turizm destinasiyası kimi dünyaya açılır. Tədbir sayəsində turizm infrastrukturumuz, o cümlədən hotellər, restoran xidmətləri, əyləncə, taksi xidmətləri, suvenir satışı və s. sahələrdə canlanma nəzərə çarpır".

Assosiasiya sədri qeyd edib ki, Formula 1 Azərbaycanın turizm imkanlarını tanıtmaq baxımından da önəmlidir: "Turistlər yarışlardan əvvəl gəlir, yarışlardan sonra da qalıb Azərbaycanın turizm imkanları ilə tanış olurlar. Formula 1 bahalı idman növüdür və onun azarkeşləri də varlı adamlardır. Biz onlara yeni turizm məhsulları təqdim etməliyik. Söhbət region turlarından gedir. Bu, onlar üçün daha maraqlı olar".

Mütəxəssis deyib ki, turizm sənayesinin Formula 1-dən gözləntiləri yüksəkdir: “Ümid edirik ki, builki yarışlar da turistlərin sayının artmasına təsir edəcək. Dövlət turizm sənayesi qarşısında məqsədlər qoyub. 2020-ci ilə biz 4,5 milyon turist qəbul edə biləcəyik”.