YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin V konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının Gənclər Birliyinin V hesabat seçki konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin rayonda yerləşən abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.

Qaradağ rayon Heydər Əliyev Mərkəzində keçirilən konfransı giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov əvvəlcə respublikamızda həyata keçirilən gənclər siyasəti haqqında məlumat verib. O, Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün geniş imkanların olduğunu söyləyib. Aydın Hüseynov həmçinin ölkəmizin və regionun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı məsələlərə çox böyük əhəmiyyət verdiyini vurğulayaraq qeyd edib ki, YAP gənclərə özlərini təsdiq etmək və inkişaf etdirmək üçün münbit platforma təklif edir. YAP-ın sıralarında birləşən vətənpərvər gənclər ordusu Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət edir.

Sonra YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin sədri Ramiz Yusubov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, YAP Qaradağ rayon təşkilatının 12124 nəfər üzvü var ki, bunlardan 4282 nəfərini gənclər, 3627 nəfərini isə qadınlar təşkil edir: "Gənc üzvlərimizin 1490 nəfəri ali, 832 nəfəri orta ixtisas, 1960 nəfəri orta təhsillidir. Gənclərin 434 nəfəri təhsil, 182 nəfəri səhiyyə, 52 nəfəri idarəetmə sahəsində, qalan üzvlər isə digər idarə və müəssisələrdə çalışır, onların 294 nəfəri isə tələbədir. 26 gəncimiz isə 23 dekabr 2014-cü ildə keçirilən bələdiyyə seçkilərində seçicilərin etmadını qazanaraq, bələdiyyə üzvü seçiliblər. Hesabat dövründə YAP Qaradağ rayon təşkilatı GB-nin sıralarına 721 nəfər qəbul olunmuşdur".

Konfransda çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Emil Abbasov, YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar  Rəhimzadə və YAP Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin uğurlarından danışıblar. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir, bu istiqamətdə ardıcıl tədbirlər görülür, əhəmiyyətli nəticələr əldə olunur.

Daha sonra səsvermə keçirilib. Məmmədzadə Seyidməmməd YAP Qaradağ rayon təşkiatı Gənclər Birliyinin sədri, sədrin müavinləri, 57 nəfərdən ibarət şura və 23 nəfərdən ibarət İdarə Heyətinin yeni tərkibi seçilib. Həmçinin YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr müəyyənləşib.