YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ulu Öndərin tarixi missiyası - Zəfərə aparan yol”

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ulu Öndərin tarixi missiyası - Zəfərə aparan yol” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev adına istirahət parkında ucaldılmış abidəni ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, həmçinin ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektor əvəzi Fərid Babayev bildirib ki, Azərbaycan xalqı dövlətimizin müstəqilliyi və inkişafı naminə misilsiz xidmətlər göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi hər zaman qürur hissi ilə xatırlayır. O vurğulayıb ki, hər bir Azərbaycan vətəndaşı müstəqil və demokratik dövlətdə yaşadığına, vətəndaş cəmiyyətinin formalaşdığı bir ölkədə fəaliyyət göstərdiyinə görə Ulu Öndərin şəxsiyyətinə minnətdardır.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov qeyd edib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin xalqımız qarşısındakı xidmətləri əvəzsizdir. Bildirilib ki, Ulu Öndərin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini böyük təhlükələrdən xilas edib. Vurğulanıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq arenada öz sözünü deyən və sürətlə inkişaf edən dövlətə çevrilib.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova isə çıxışında Heydər Əliyevin hakimiyyəti illərində iqtisadiyyatın, təhsilin, elmin, səhiyyənin, idmanın və aqrar sahənin inkişafına verdiyi töhfələrdən bəhs edib. O qeyd edib ki, Azərbaycan xalqı son yüzilliyin ən parlaq qələbə tarixinin canlı şahidinə çevrilib və bu uğurların əsasında möhkəm dövlətçilik ənənələri dayanır.

Daha sonra çıxış edən Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Kamaləddin Qafarov, Səbinə Xasayeva və Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının Dövlət idarələri və ictimai xidmət işçiləri həmkarlar ittifaqı respublika komitəsinin sədr müavini Cəmaləddin Quliyev Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən danışıblar. Çıxışlarda bildirilib ki, Heydər Əliyevin həyat və fəaliyyəti gələcək nəsillər üçün örnəkdir və onun əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulacaq.

Tədbir çərçivəsində partiyaya yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən şəxslər və Vətən müharibəsi iştirakçısı olan qazilər fəxri fərmanlarla təltif olunublar.

Tədbir bədii hissə ilə davam edib.