YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri 

İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni  bu günlərdə ölkəmizdə səfərdə oldu.  Prezident İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni mətbuata bəyanatlarında strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-İtaliya münasibətlərinin gələcək inkişafından geniş bəhs etdilər. Dövlətimizin başçısı bu əminliyi ifadə etdi ki, səfər Azərbaycan-İtaliya dostluq əlaqələrinin inkişafına növbəti töhfə olacaqdır. Bizim ölkələrimiz strateji tərəfdaşdırlar, 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanmışdır. Bizim münasibətlərimizin əsasını təşkil edən bu iki sənəd və sənədlərdə təsbit edilmiş məsələlər bu gün həyatda da öz əksini tapır. Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərinməzmunlu olmasından xəbər verir: “Hər kəs bilir ki, Siz bu gün Ermənistanda idiniz. Ermənistanda öz proqramınızı bitirib Azərbaycana gəlmək bizim üçün xüsusi məna daşıyır, çox böyük rəmzi məna daşıyır, eyni zamanda, Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür. Bildiyiniz kimi, bizim siyasi əlaqələrimiz ən yüksək səviyyədədir. Eyni zamanda, ticarət əlaqələrimiz də çox yaxşı vəziyyətdədir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir”.

Əlaqələrimizin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır.  Belə ki, Azərbaycan İtaliyanın neft və qaz təchizatında ikinci yerdədir. Ölkəmiz  üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Cənab İlham Əliyev bildirdi ki, bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir.

 Biznes, kommersiya, ticarət əlaqələri, şirkətlərin birgə fəaliyyəti və digər məsələlərlə yanaşı, təhsil də vacib sahələr sırasındadır. Keçən il Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti açılmışdır. Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq. Artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar. Dostluğumuz bundan sonra inamla davam etdiriləcəkdir. İtaliya Nazirlər Şurasının sədri  Ciorcia Meloni qeyd etdi ki, Bakıda olmaqdan çox məmnunam. Bu gün ölkələrimiz arasında münasibətlərə gəldikdə, bu, siyasi baxımdan mənim üçün əhəmiyyətlidir. Çünki İtaliyanın Baş nazirinin Azərbaycana rəsmi səfərindən 13 il ötür. Düşünürəm ki, yaranmış bu qədər uzunmüddətli boşluğu doldurmalı idik. Bu, özünü nəinki ölkələrimizi bir-birinə bağlayan dostluq münasibətlərində, həmçinin İtaliya və Azərbaycan arasında çox mühüm əməkdaşlıqda göstərir. Bununla belə əlaqələrdə keyfiyyətcə böyük sıçrayış olub. Söhbətimiz əsasında daimi siyasi əlaqələndirmə yolu ilə əməkdaşlığımızı transformasiya etmək üzərində razılığa gəldik. Buradan gələcəyə aid prioritetləri birgə təyin edəcəyik: “Düşünürəm ki, indi yaşadığımız mürəkkəb beynəlxalq müstəvidə bu, çox əhəmiyyətli seçimdir. Bununla belə, ətrafımızda olan qeyri-sabitlik artır və aramızdakı aydın məsələlərin həlli daha böyük əhəmiyyət kəsb etməyə başlayır”.

Ciorcia Meloni həlledici olan  digər sahəyə - müdafiə və təhlükəsizlik sahəsinə də diqqəti yönəldərək bildirdi ki, bu sahədə, aerokosmik sənaye, dəniz təhlükəsizliyi, mühüm infrastrukturun mühafizəsi, üstün texnologiyalar kimi sahələrdə İtaliyanın ən kamil nəticələrini dəyərləndirərək əməkdaşlığı dərinləşdirmək istəyirik. Biz elə bir model təklif edirik ki, sənaye sistemləri arasında əməkdaşlıq nəticəsində biliklərlə mübadilə, birgə inkişaf, regional sabitliyə töhfə verə biləcək gələcək perspektivli sahələr və nəhayət, sənaye sistemlərimizi birləşdirən amillər olsun.

Göründüyü kimi, həm Azərbaycan, həm də İtaliya əlaqələrin daha da dərinləşdirilməsində maraqlıdır və bunu real addımları ilə nümayiş etdirirlər, Dostluğumuz münasibətlərimizdə, xalqlarımız arasında əlaqələrdə, mədəni bağlantılarda öz təsdiqini tapır.