YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Qanunları pozub dövlətə xəyanət yolunu tutanlara ən ağır cəza düşür

“İnsanlar müxtəlif siyasi baxışlara, fərqli düşüncələrə sahib ola bilərlər. Lakin xalqın, dövlətin maraqlarından söhbət düşəndə bütün mövqelər birləşməli, dövlət və xalqın mənafeyi hər şeydən üstün tutulmalıdır. Əgər bir insan  bu ali keyfiyyətlərdən məhrumdursa və dövlətə xəyanət yolunu tutubsa o, ən ağır cəzaya məhkumdur. Bu günlərdə Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək, bu əməllərə görə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilən Fəxrəddin Abbasov da belələrindəndir. Hesab edirəm ki, cəmiyyət bü cür çürük ünsürlərdən təmizlənməli, dövlətə, xalqa xəyanət yolunu tutanlar qanunun yol verdiyi ən ağır şəkildə cəzalandırılmalıdırlar”. Bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Fəxrəddin Abbasov kimilərə “vətən sevgisi” yox, “maddi maraqlar” anlayışı daha çox tanışdır: “Fəxrəddin Abbasovun düşmən Ermənistana səfərləri, özünün də qeyd etdiyinə görə, erməni xüsusi xidmət orqanının əməkdaşı ilə görüşlərinin və əlaqələrinin mahiyyəti, Ermənistanda keçirilən və kütləvi informasiya vasitələrində, həmçinin sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayımda qoşularaq Azərbaycan və onun ərazi bütövlüyü əleyhinə etdiyi çağırışlar və s. məsələlərlə bağlı istintaq araşdırmaları davam etdirilir. Təbii ki, bütün bu məqamlar ən ciddi şəkildə araşdırılacaq. Maraqlıdır, bir insan öz Vətəninə qarşı bu qədərmi nankor olar?! Bu torpağın suyunu içib, çörəyini yemək, sonra da ona qarşı xəyanət yolunu tutmaq hansı insanlığa, mənəvi dəyərlərə uyğundur?! Hər bir halda cinayət heç vaxt cəzasız qalmamalıdır. O zaman haqq, ədalət öz yerini tapır”.

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, Fəxrəddin Abbasov kimi Vətən xainlərinin həbsini siyasiləşdirmək əbəsdir: “Bu gün Qərbin bəzi QHT-ləri, erməni və ermənipərəst qüvvələr, eyni zamanda müxtəlif qərəzli dairələr insan hüquq və azadlıqları adı altında başqa ölkələrə təzyiq göstərməyə çalışırlar və bu çirkin siyasət uzun illərdir ki, davam edir. Əslində isə bu siyasətin demokratik dəyərlərlə, insan hüquq və azadlıqları ilə heç bir əlaqəsi yoxdur. Burada hansısa “maraqlar” və “mənafelər” ön plana çıxır. Ancaq dünya artıq bu ikili standartlardan xəbərdardır və onlara boyun əymir. Bu mənada Fəxrəddin Abbasovun həbsini siyasiləşdirmək, ona başqa don geydirmək yolverilməzdir. Azərbaycanın bütün vətəndaşları qanun qarşısında bərabərdir və eyni məsuliyyəti daşıyırlar. Qanunlara əməl edənlərə hörmət, onları pozub dövlətə xəyanət yolunu tutanlara isə ən ağır cəza düşür”.