Xəbərlər
Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva Rusiya Təhsil Akademiyasının akademiki seçilib

M.Y.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Nərgiz Paşayeva fevralın 27-də Rusiya Təhsil Akademiyasının üzvlərinin Ümumi Yığıncağının iclasında M.Y.Lomonosov adına MDU-nun rektoru, akademik V.A.Sadovniçinin təqdimatı ilə yekdilliklə Rusiya Təhsil Akademiyasının akademiki (xarici üzvü) seçilib.
Akademiyanın yeni, o cümlədən xarici üzvləri maksimal dərəcədə şəffaf prosedur – səslərin elektron hesablanması vasitələrinin tətbiqi ilə bülletenlərlə gizli səsvermə yolu əsasında seçilib. Bu sistemdən Rusiya Mərkəzi Seçki Komissiyasının keçirdiyi ümum-Rusiya seçkilərində istifadə olunur. Səsvermədə iclasa qatılan bütün Akademiya üzvləri iştirak ediblər.
Professor Nərgiz Paşayeva ilə yanaşı, Li-Yanki Hannelora (Almaniya Federativ Respublikası və İsveçrə Konfederasiyasının vətəndaşı) və Fransisko Pons (İspaniya Krallığı və İsveçrə Konfederasiyası) da Rusiya Təhsil Akademiyasının xarici üzvləri seçiliblər.