YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisdə Ombudsmanın illik məruzəsi müzakirə olunub

Martın 1-də Milli Məclisin insan hüquqları komitəsində “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi” müzakirə olunub.

Əvvəlcə Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova ölkəmizdə insan hüquqlarının qorunması sahəsində həm qanunverici əsasda, həm də icraatda böyük nailiyyətlərin əldə olunduğunu bildirib. Azərbaycan Prezidentinin ardıcıl olaraq imzaladığı fərman və sərəncamlar, ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması insan haqlarının və azadlıqlarının daha yüksək səviyyədə təmin olunmasına imkan yaradır. Belə münbit şəraitdə Ombudsman təsisatı da öz işini lazımi səviyyədə qura bilir.

Sonra Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı insan hüquqları üzrə müvəkkilin 2018-ci ilə dair illik məruzəsini təqdim edib. Bildirib ki, illik məruzə qanuna uyğun olaraq Azərbaycan Prezidentinə, Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş Prokurorluğa göndərilib. Diqqətə çatdırılıb ki, müvəkkilin fəaliyyəti dövründə onun ünvanına, ümumilikdə, 187 min 350, 2018-ci ildə isə 20 min 400 ərizə və şikayət daxil olub. Müvəkkilin səlahiyyətlərinə aid olmayan şikayətlərə baxılmasından imtina edilib. İcraata götürülən şikayətlərin 63,5 faizi təmin edilib. Müvəkkil tərəfindən aparılan monitorinqlərdə vətəndaşların üzləşdikləri problem və çətinliklər, onların yaranma səbəbləri araşdırılıb, həlli istiqamətində müvafiq təkliflər irəli sürülüb, lazımi tədbirlər görülərək bir çox hallarda pozulmuş hüquqların bərpasına nail olunub. 2018-ci il ərzində cəzaçəkmə müəssisələrinə, təhsil, səhiyyə, sosial, miqrasiya və dövlət uşaq müəssisələrinə əvvəlcədən xəbərdarlıq edilmədən 343 başçəkmə həyata keçirilib. Seçki hüququ ilə bağlı əhali arasında geniş maarifləndirmə tədbirləri həyata keçirilib. Hesabat dövründə dövlət orqanlarının nümayəndələri və yerli icra hakimiyyəti başçıları ilə birlikdə yerlərdə əhali qəbullarının təşkili, silsilə görüşlər, vətəndaşların hüquq mədəniyyətinin yüksəldilməsinə yönəldilmiş maarifləndirmə işləri səmərəli nəticə verib.

Dörd regionda – Quba, Şəki, Cəlilabad və Gəncədə yaradılmış regional mərkəzlər əhalinin müvəkkilə müraciətini asanlaşdırıb. 24 saat fəaliyyət göstərən 916 nömrəli “Uşaq qaynar xətti” və işgəncələrə qarşı qaynar xətt fəaliyyətini müvəffəqiyyətlə davam etdirib.

Aydın Səfixanlı onu da vurğulayıb ki, ölkədə “ASAN xidmət”, “ABAD”, “Şəbəkə”, “DAİM” və s. kimi qurumlar insan hüquqlarının etibarlı müdafiəsi üçün zəruri şəraitin yaradılmasına mühüm töhfə verib.

Komitədə illik məruzə dinlənildikdən sonra deputatlar Fazil Mustafa, Tahir Kərimli, Əflatun Amaşov, Sona Əliyeva, Elman Nəsirov, Flora Qasımova, komitə sədrinin müavini Yevda Abramov məruzə ilə bağlı müsbət fikirlərini bildiriblər, təkliflər irəli sürüblər.

Fikir mübadiləsində insan hüquqları üzrə müvəkkilin 2018-ci ilə dair illik məruzəsi qənaətbəxş hesab olunub və məruzə Milli Məclisin plenar iclasına tövsiyə edilib.