YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Süleymanov: Sosial sahədə atılan addımlar Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür

“Azərbaycan sosial-iqtisadi cəhətdən uğurla inkişaf edir, müxtəlif sahələr üzrə  davamlı islahatlar həyata keçirilir. Fevralın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə də vurğulandığı kimi, artıq ölkəmizdə 2017-ci ildə iqtisadi sabitliyin təmin olunması ilə bağlı atılan önəmli addımlar, həmçinin 2018-ci ildə ardıcıl şəkildə həyata keçirilən ciddi islahatlar öz müsbət nəticələrini verir”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Tahir Süleymanov deyib.

T.Süleymanov bildirib ki, aparılan ciddi iqtisadi islahatlar, şəffaflıqla bağlı görülən işlər büdcə daxilolmalarına da müsbət təsir göstərib. Belə ki, 2019-cu ilin birinci ayında büdcəyə daxilolmalar xeyli artıb. Belə ki, vergi orqanları proqnozlardan əlavə 80 milyon manat, gömrük orqanları isə əlavə 20 milyon manatdan çox vəsait toplamağa nail olublar. Eyni zamanda, yanvar ayında Dövlət Neft Fondunun gəlirləri də əhəmiyyətli dərəcədə artıb. 

“Bu gün ölkəmizdə dərinməzmunlu sosial siyasət həyata keçirilir. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz insan amili, vətəndaşların mənafeyi dayanır. Respublikamızda inklüzivliyin təmin olunması, əhaliyə göstərilən xidmətlərin əlçatanlığının və keyfiyyətinin artırılması və beləliklə də, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, sosial infrastruktur quruculuğuna getdikcə daha böyük həcmlərdə maliyyə vəsaiti yönəldilir.
Ölkəmizdə 2019-cu ilin əvvəlindən sosial sahədə bilavasitə insanların rifah halının yaxşılaşmasına hədəflənən tədbirlərin reallaşdırılması daha da intensivləşib. Bu sahədə atılacaq addımlar cənab Prezident tərəfindən hələ ötən il müxtəlif tədbirlərdə anons edilib və hazırda vaxtilə verilən vədlərin uğurla reallaşdırılması prosesi gedir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq. Bu və digər faktlar Azərbaycan dövlətinin sosial siyasətinin davamlı səciyyə daşıdığı barədə konkret təsəvvür yaradır. Ümumiyyətlə, bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Bütövlükdə, 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq. Azərbaycan dövlətinin yürütdüyü dərinməzmunlu sosial siyasət, həqiqətən də, inqilabi xarakter daşıyır. Bu, ilk növbədə, cənab Prezidentin, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür”-deyə, deputat vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv