YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisdə Dövlət himnimizin istifadəsi qaydaları ilə bağlı qanun layihəsi sonuncu oxunuşda qəbul edilib

Milli Məclisin fevralın 19-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Dövlət himninin istifadəsi qaydaları haqqında” qanun layihəsi sonuncu üçüncü oxunuşda qəbul edilib.

Qanun layihəsi 10 maddədən ibarətdir və Azərbaycanın Dövlət himninin ifa edilməsi, oxunması və dinlənilməsi qaydalarını müəyyən edir.

Qaydalara əsasən Dövlət himni Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andiçmə mərasimində (Azərbaycan Respublikasının Prezidenti and içdikdən sonra), Prezident Milli Məclisin iclaslarına gəldiyi zaman, Milli Məclisin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı, Azərbaycan Respublikasının bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı, Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələr olduqda, Azərbaycanın görkəmli dövlət, siyasi, ictimai, elm, ədəbiyyat, incəsənət xadimlərinin və milli qəhrəmanların abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı, dövlət orqanları (qurumları), yerli özünüidarə orqanları, siyasi partiyalar və ya qeyri-hökumət təşkilatları tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı (Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılarkən və ya asılarkən), Azərbaycana rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçılarının qarşılanması və yola salınması zamanı (müvafiq ölkənin Dövlət himni ifa edildikdən sonra) mütləq ifa edilir.

Azərbaycan Respublikasının Dövlət himninin musiqisinə (partiturasına) uyğun orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitəsindən istifadə etməklə bütün hallarda tam ifa edilir.

Azərbaycan Respublikasının Dövlət himni ifa edildikdə Azərbaycan Respublikasının vətəndaşları himni ayaq üstə, farağat vəziyyətdə, sona qədər dinləməli və ya mətninə uyğun olaraq oxumalıdırlar.

Azərbaycan Respublikasının Dövlət himni ifa edildikdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər himni ayaq üstə, farağat vəziyyətdə və sona qədər dinləməlidirlər.

Azərbaycan Respublikasının Dövlət himni başqa dildə oxuna bilməz.