YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qondarma Dağlıq Qarabağ rejiminin Azərbaycan vətəndaşları üzərində məhkəmə işi təşkil etməyə heç bir hüquqi əsası yoxdur

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti Ermənistan kütləvi informasiya vasitələrinin Ermənistan tərəfindən girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərov üzərində qondarma məhkəmə işinin təşkil olunacağı ilə bağlı məlumatına dair açıqlama yayıb.

Açıqlamada deyilir ki, qondarma Dağlıq Qarabağ rejiminin Azərbaycan vətəndaşları üzərində məhkəmə işi təşkil etməyə heç bir hüquqi əsası yoxdur və bu qondarma məhkəmə tərəfindən qəbul ediləcək “qərar” heç bir hüquqi gücə malik ola bilməz.

Öz doğmalarının qəbirlərini ziyarət edən Şahbaz Quliyev və Dilqəm Əsgərov girov götürülüblər və uydurma istintaq prosesi çərçivəsində işgəncələrə məruz qoyulublar. Həsən Həsənov isə Ermənistan silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirilib. Ermənistanın bu kimi əməlləri beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarının müddəaları ilə bilavasitə ziddiyyət təşkil edir.

Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası vətəndaşlarının sərbəst hərəkətinə Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş xüsusi hallar istisna olmaqla, heç kim tərəfindən məhdudiyyət və ya qadağa qoyula bilməz.

Ermənistanın Azərbaycana qarşı işğal və təcavüz əməllərinin ört-basdır edilməsi məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərində qondarma Dağlıq Qarabağ rejimi yaradılmışdır. Ermənistan Azərbaycana qarşı işğal və təcavüz əməlləri ilə beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini və Helsinki Yekun Aktını kobud şəkildə pozub və buna görə bilavasitə məsuliyyət daşıyır.

Azərbaycan Respublikası tərəfindən Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsi üçün beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə iş davam etdirilir.