YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

XIII Qlobal Bakı Forumu: Azərbaycan liderindən dünyaya mühüm mesajlar

Tofiq Cahangirov

YAP İdarə Heyətinin üzvü

Martın 12-də Bakıda Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunun öz işinə başlaması dünyanın siyasi çevrələri və beynəlxalq institutların diqqətini yenidən Azərbaycana yönəltdi. 2013-cü ildən başlayaraq ənənə halını alan bu tədbirlərin əhəmiyyəti olduqca böyükdür. Çünki qlobal miqyaslı beynəlxalq məsələlərin həlli üçün bü gün dünyanın Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin, uzun illər müxtəlif dövlət və hökumətlərə başçılıq edən tanınmış siyasətçilərin, sabiq xarici işlər nazirləri və nüfuzlu diplomatların  təcrübə, fikir, ideya və təkliflərinə ciddi ehtiyaac var. Xüsusən də son illər dünyada siyasi münaqişə, hərbi qarşıdurma və müharibələrin artdığını nəzərə alsaq, sülh, həmrəylik, təhlükəsizlik və iqtisadi sabitlik məsələlərinin müzakirəyə çıxarıldığı mühüm beynəlxalq platformanın - Qlobal Bakı Forumunun nə qədər vacib olduğu bir daha aydın olar.

Forumun birinci günündə çıxış edən Prezident İlham Əliyev Qlobal Bakı Forumun "geniş spektrli məsələləri əhatə edən və çox yüksək beynəlxalq nüfuza malik aparıcı beynəlxalq qurumlardan biri" olduğunu xüsusi vurğuladı. Dövlət başçısı həmçinin tədbirdə bütün dünya üçün aktual və vacib olan məsələlərə toxundu ki, bunlardan ilk növbədə qlobal təhlükəsizlik məsələsini qeyd etmək lazımdır.

Doğrudan da bu gün təhlükəsizlik, sabitlik və müdafiə məsələləri əksər ölkələr, hətta dünyanın supergücləri sayılan dövlətlər üçün də bir nömrəli məsələdir. İstənilən inkişaf sülh, sabitlik və təhlükəsizlikdən asılıdır. Bunlar olmadan heç bir inkişafdan, irəliyə doğru addımlardan söhbət gedə bilməz. Bu baxımdan Azərbaycan dövlət başçısı çox doğru olaraq vurğuladı ki, təhlükəsizlik istiqamətində beynəlxalq səylər birləşdirilməlidir.

Bu kontekstdə regional təhlükəsizlik məsələsinə toxunan Prezident İlham Əliyev dünyaya Azərbaycanın təcrübəsini təqdim etdi. O, bu təcrübənin "dünya miqyasında nadir bir təcrübə" olduğunu diqqətə çəkdi. Milyonlarla azərbaycanlının etnik təmizləməyə məruz qalması, təqribən 30 il ərzində ərazimizin təxminən 20 faizinin işğal altında olması, beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə lazımi diqqətin göstərilməməsi, bəzi beynəlxalq aktorların selektiv yanaşması, 30 il ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən qətnamələrinin kağız üzərində qalması... Azərbaycan dövlət başçısı bildirdi ki, biz əvvəlcə güc tətbiq etməklə, daha sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq: "Bu da müasir tarixdə, - müasir dedikdə son onillikləri nəzərdə tuturam, - nadir bir təcrübədir - ölkə özü güc tətbiq edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdi".

Dövlət başçısının XIII Qlobal Bakı Forumunda toxunduğu daha bir mühüm məsələ sülh təcrübəsi ilə bağlı idi. Sülhə necə nail olmaq olar? Bu məsələdə də Azərbaycanın təcrübəsinə istinad edən cənab Prezident "sülh üçün güclü siyasi iradənin mövcudluğ və düşmənçiliyin əbədiyyətə qədər davam edə bilməyəcəyinin, müharibənin sona çatmalı olduğunun dərk edilməsi"nin vacib amil olduğunu diqqətə çatdırdı.

Müasir dünyada enerji təhlükəsizliyi dövlətlərin iqtisadi və siyasi müstəqilliyinin əsas dayaqlarından biridir. Lakin yalnız enerji resurslarına malik olmaq kifayət deyil. Bu resurslardan səmərəli istifadə, daxili tələbatı tam ödəmək və dünya bazarında etibarlı tərəfdaş kimi çıxış etmək əsas strateji üstünlük sayılır. Bu gün Azərbaycan yalnız öz  daxili ehtiyaclarını tam qarşılamaqla kifayətlənmir, eyni zamanda enerji ixracatçısı kimi Avropanın və digər regionların enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu isə bir daha Azərbaycanın yalnız enerji resurslarına sahib ölkə deyil, həm də etibarlı və strateji beynəlxalq tərəfdaş olduğunu göstərir.

Forumda qlobal enerji təhlükəsizliyi kimi aktual məsələ ilə bağlı dünyaya vacib mesajlar verən Prezident İlham Əliyev Azərbaycanın  tarazlı və proqnozlaşdırıla bilən neft qiymətinin tərəfdarı olduğunu, ortaq həllin tapılmasına böyük səylər göstərdiyini və ölkəmizin OPEC+-dakı vasitəçilik fəaliyyətinin yüksək qiymətləndirildiyini vurğuladı: "Keçən il - düz bir il əvvəl görüşdüyümüz zaman bizdən qaz alan ölkələrin sayı 12 idi. Bir il ərzində bu göstərici 16-ya yüksəldi və onların hamısı Azərbaycandan qazı boru kəmərləri vasitəsilə alır. Beləliklə, boru kəmərləri vasitəsilə təbii qaz ixracatçısı kimi, ölkələrin coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. İxrac həcmi artmaqda davam edir və artacaq, bu isə bir çox ölkə üçün enerji təhlükəsizliyi baxımından mühüm amildir. Azərbaycan beynəlxalq bazara etibarlı neft təchizatçısı kimi enerji təhlükəsizliyinə töhfəsini verməyə davam edəcək".

Dövlət başçısı Forumda müasir münaqişələr və ənənəvi nəqliyyat marşrutları məsələsi üzərində də xüsusi dayandı. Qeyd etdi ki, münaqişələr bu marşrutların pozulmasına səbəb olur və bu, həm insanlar, həm ölkələr, həm iqtisadiyyat, həm də tədarük zəncirləri üçün böyük çətinliklər yaradır. Doğrudan da biz hazırda Rusiya ilə Ukrayna arasında, eləcə də Yaxın Şərqdə baş verən münaqişələrə diqqət etsək, dəniz, quru və hava marşrutlarının, mühüm ticarət və logistika yollarının bağlanmasının dünya iqtisadiyyatına necə böyük zərbə vurduğunun şahidi olarıq.

Azərbaycanın dünya nəqliyyat və logistika dəhlizləri ilə bağlı mövqeyinə aydınlıq gətirən dövlət başçısı bu gün ölkəmizin Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaş olduğunu, həm Orta Dəhlizdə, həm də Şimal-Qərb dəhlizində fəal iştirak etdiyini və investisiya yatıran yeganə ölkə olduğunu bildirdi: "İndi isə biz mövcud dəhlizlərin yükaşırma qabiliyyətinin artırılmasına əlavə vəsait yatırırıq, çünki Azərbaycan ərazisindən istifadəyə tələbat artır. Biz bir çox ölkələr, həm Azərbaycanın şərqində, həm də qərbində yerləşən ölkələrin mühüm tranzit ehtiyaclarını təmin edirik. Hazırda isə Ermənistanla sülh edildikdən sonra Orta Dəhlizin yeni istiqaməti üzərində yaxından işləyirik".

Beləliklə, sülhə, əmin-amanlığa, qarşılıqlı əməkdaşlığa töhfələr verən Azərbaycan XIII Qlobal Bakı Forumu vasitəsilə müasir dünyanın çağırışları qarşısında öz prinsipial mövqeyini bir daha beynəlxalq birliyə çatdırdı. Strateji dialoq mərkəzi kimi çıxış edən ölkəmiz dünyanın diqqətini mühüm qlobal problemlərə yönəltdi və keçid dövrü ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması üçün konstriktiv əməkdaşlığa, beynəlxalq səylərin birləşdirilməsinə ciddi ehtiyac olduğunu sərgilədi.