YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü münasibətilə Çində mərasim keçirilib

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü münasibətilə Pekində mərasim keçirilib.

Çin Silahlı Qüvvələrinin yüksək vəzifəli şəxslərinin, bir sıra ölkələrin Pekindəki hərbi attaşelərinin, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlıların iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın və Çinin dövlət himnləri səslənib.

Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı bu il ölkəmizdə iki önəmli hadisənin – müsəlman Şərqində ilk dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin və onun Silahlı Qüvvələrinin 100-cü ilinin təntənəli şəkildə qeyd edildiyini diqqətə çatdırıb. Bildirib ki, həmin Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra qonşu Ermənistanın hərbi təcavüzünə məruz qalıb, nəticədə ərazisinin bir hissəsi işğal edilib. Müstəqilliyin ilk illərində siyasi və iqtisadi qarışıqlıqları ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində dəf edən ölkəmiz inkişaf yoluna qədəm qoya bilib. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan çox sürətlə inkişaf edən və beynəlxalq məkanda öz nüfuzunu gücləndirən bir dövlətə çevrilib.

Müstəqil Azərbaycan Respublikasının dünya birliyi ilə fəal əməkdaşlıq etdiyini diqqətə çatdıran səfir Ə.Zeynallı, bu xüsusda Azərbaycanın Çin Xalq Respublikası ilə ikitərəfli əlaqələrinin xüsusi əhəmiyyət kəsb etdiyini deyib. Bu əlaqələr dostluq və qarşılıqlı etimada əsaslanan, yüksək inkişaf dinamikası ilə seçilən çoxşaxəli ciddi tərəfdaşlıq münasibətləri kimi səciyyələndirilir. Azərbaycan Çin ilə münasibətlərinə xüsusi əhəmiyyət verir və ikitərəfli əlaqələrin bütün sahələr üzrə dərinləşməsində maraqlıdır.

Diplomat bildirib ki, Prezident İlham Əliyevin 2015-ci ildə Çinə dövlət səfəri çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə əldə edilmiş razılaşmaların iki ölkə arasında təşəkkül tapmış fəal siyasi dialoqun əsasını təşkil edir. Ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə genişləndirilməsi və dərinləşdirilməsi üçün geniş imkanlar yaradır. Bu xüsusda, hərbi sahədə əməkdaşlıq da istisna deyil.

Milli Ordunun yaradılmasının tariximizin mühüm hadisəsi olduğunu deyən Azərbaycan Silahlı Qüvvələrinin Çindəki hərbi attaşesi Elçin Cəfərov bildirib ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk milli diviziyanı yaratmaqla müstəqil Azərbaycanın ordu quruculuğunda ilk addımını atdı. Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə dövlət quruculuğu, o cümlədən ordu quruculuğunda yeni mərhələ başlandı. Müasir Azərbaycan Ordusu bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında regionun ən güclü ordusuna çevrilib. Hazırda Azərbaycan Ordusu nəinki ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə və qorumağa, eyni zamanda dünyada terrora, separatizmə və ekstremizmə qarşı mübarizə aparmağa qadir bir ordudur.

Bildirilib ki, Azərbaycan xalqı Çinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin qəbulunda və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı tutduğu mövqeyini yüksək qiymətləndirir. İki ölkə arasında hərbi sahədə əməkdaşlığın yüksək səviyyəsinin bariz nümunəsi olaraq Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun cari ildə Çinə səfəri zamanı Çin Mərkəzi Hərbi Şurasının sədr müavini Su Çilian və milli müdafiə naziri Vey Fenxe ilə görüşlərində ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə dair razılıq əldə olunub.

Sonda Azərbaycan Silahlı Qüvvələrinə həsr olunan film nümayiş etdirilib. Tədbir iştirakçıları Azərbaycanda ordu quruculuğunun tarixinə, Silahlı Qüvvələrimizin maddi-texniki imkanlarına və döyüş hazırlığına, iki ölkə arasında hərbi sahədə əməkdaşlığa dair fotoşəkillərdən ibarət sərgiyə baxıblar.