YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini Əli Əhmədov Çin Xalq Respublikasının Dövlət Şurasının baş katibinin müavini Li Baoronqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

İyunun 1-də Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Dövlət Şurasının baş katibinin müavini, ÇXR-in Dövlət Şurası yanında Dövlət Orqanları üzrə İdarənin rəhbəri Li Baoronqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Əli Əhmədov Çin nümayəndə heyətinin Azərbaycana səfərinin önəmini qeyd edib. “Biz bu səfəri yüksək qiymətləndiririk. Bu, tarixi səfərdir və ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verəcək”, - deyə o əlavə edib.

Baş nazirin müavini deyib ki, dost ölkələr olan Çin və Azərbaycan arasında çox yaxşı ikitərəfli münasibətlər var və bu münasibətlər inkişaf edir. Siyasi sahədəki əlaqələri xüsusi vurğulamaq lazımdır. Yüksəksəviyyəli qarşılıqlı səfərlər zamanı müxtəlif sahələrdə əməkdaşlıqla bağlı danışıqlar aparılıb.

Çinin Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı qətiyyətli mövqeyinə görə minnətdarlığını bildirən Əli Əhmədov iki ölkə arasında siyasi münasibətlərin bir aspektinin də Azərbaycan və Çin hakim partiyalarının dostluq münasibətləri olduğunu bildirib. Qeyd edib ki, bu əlaqələr bütün sahələrdə əməkdaşlığın inkişafına töhfə verir. Baş nazirin müavini vurğulayıb ki, bütün bu münasibətlərin əsasını iqtisadi əməkdaşlıq təşkil edir. İki ölkə arasında iqtisadi əlaqələri inkişaf etdirmək üçün səylər xeyli artırılıb. Bu yaxınlarda Azərbaycanın iqtisadiyyat naziri Çində səfərdə olub. İqtisadi sahədə əlaqələr digər sahələrdəki münasibətlər üçün mühüm əsas yaradır. Çin dünyanın ən güclü iqtisadiyyatıdır. Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir. Biz dost ölkə kimi daha çox Çin kapitalının Azərbaycana yatırılmasını arzu edirik.

Əli Əhmədov bildirib ki, Azərbaycanda turizm inkişaf edir. Bu baxımdan, Çin vətəndaşlarının Azərbaycana daha çox səfər etmələrini arzulayırıq.

Görüşdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin işlər müdiri Oqtay Şahbazov ölkələrimiz arasında tələbə mübadiləsinin genişləndirilməsini və Azərbaycanda Çin dilinin daha geniş tədrisini təklif edib.

Li Baoronq ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələrinin olduğunu bildirib. Azərbaycana səfərdən məmnunluğunu bildirən qonaq qeyd edib ki, münasibətlərimizin inkişafı məmnunedicidir. O, səfərin əlaqələrimizin inkişafına töhfə verəcəyinə əminliyini söyləyib.