YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gənclər Birliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirib

Mayın 22-də Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirib.

Tədbiri giriş  sözü ilə açan YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyduğunu bildirib. O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. Azərbaycan xalqı Avropanın bir çox ölkələrindən xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ verməklə bütün dünya demokratiyasına böyük töhfə verib.

S.Orucov tədbirdə iştirak edən Azərbaycan Prezidenti Katibliyinin rəisi-Prezidentin köməkçisi, tarix elmləri doktoru, professor Dilarə Seyidzadəni gənclərə təqdim edib və gənclərlə görüşə gəldiyi üçün ona təşəkkürünü bildirib.

YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov çıxışında Xalq Cümhuriyyətinin tariximizin şanlı səhifələrindən biri olduğunu deyib. O qeyd edib ki, ötən əsrin sonlarında Azərbaycan yenidən müstəqilliyinə qovuşdu. Ulu öndər Heydər Əliyevin müstəqilliymizin banisi olduğunu deyən millət vəkili müstəqil Azərbaycanın Ümummilli liderimizin şah əsəri olduğunu vurğulayıb. O, gənclərə tariximizi dərindən öyrənməyi, müstəqilliyimizi hər zaman qorumağı tövsiyə   edib.

Tədbirdə çıxış edən Azərbaycan Prezidenti Katibliyinin rəisi-Prezidentin köməkçisi, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etməyə başladığımız bir vaxtda Cümhuriyyətə doğru aparan yolların nəzərdən keçirilməsi çox vacibdir. Çünki xalqımız məhz həmin yolu keçərək öz müstəqil dövlətini qurmuşdu və bu böyük hadisə Azərbaycan xalqının XX əsrin əvvəllərində azadlıq və müstəqillik uğrunda ardıcıl və inamlı mübarizəsinin qanunauyğun yekunu kimi qəbul edilməlidir.

D.Seyidzadə hələ sovetlər birliy dövründə tarix elmi üzrə dissertasiya işinin XIX əsrin sonu-XX əsrin əvvəllərində milli burjuaziya ilə bağlı olduğunu deyərək araşdırmaları dövründə o zamanlar Rusiya Dumasında fəaliyyət göstərən azərbaycanlıların fəalliyyəti ilə yaxından tanış olduğunu xatırladıb. Ötən əsrin ilk illərindən başlayaraq çar Rusiyasının ucqarlarda, xüsusən Azərbaycandakı milli müstəmləkəçilik siyasətini tarixi faktlar əsasında geniş şərh edən Dilarə Seyidzadə qeyd edib ki, 1917-ci ilin fevralında Rusiyada çarizmin devrilməsindən sonra başqa xalqlar kimi, Azərbaycan xalqının da qarşısında sosial-iqtisadi, siyasi və milli inkişaf üçün geniş imkanlar açılmışdı. Dövlət Dumasının Azərbaycandan olan deputatları Rusiyada parlamentarizmin təşəkkülündə və inkişafında iştirak edərək, parlament fəaliyyəti sahəsində böyük təcrübə qazanmışdılar. Bu təcrübə onlara bütün səylərini birləşdirərək qısa müddətdə müsəlman Şərqində ilk dəfə olaraq demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətini yaratmağa imkan verdi.
Prezidentin köməkçisi, həmçinin Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə həyata keçirilən bir sıra mühüm tədbirlər, qəbul edilən qanunlar, eləcə də həmin illərdə Difai, Müsavat partiyaları, Cümhuriyyətin qurucularının siyasi fəaliyyəti, o cümlədən Dövlət Dumasında, dövri mətbuatda cəsarətli çıxışları və Azərbaycanın istiqlaliyyəti uğrunda apardığı mübarizə haqqında ətraflı məlumat verib.
“Azərbaycan nümayəndələri Dövlət Dumasında dəfələrlə çıxış edərək əhaliyə bərabər hüquqlar verilməsini, seçkilərdə bütün əhalinin iştirak hüququnun tanınmasını tələb edirdilər. Onlar hələ 1907-ci ilin mayında II Dövlət Dumasında müsəlman fraksiyasının üzvləri ilə birlikdə təqdim etdikləri qanun layihəsində insanların siyasi və vətəndaşlıq hüquqlarında dini və milli mənsubiyyətlə bağlı məhdudiyyətin ləğvini tələb etmişdilər. Layihədə qadınların hüquq bərabərliyi haqqında da məsələ qaldırılmışdı. Bu, Azərbaycan qadınının hüquq bərabərliyi, onun seçki hüququnun təmin edilməsi istiqamətində ilk və inqilabi addım idi.
Həmin dövrdə yaranmış siyasi partiyaların və təşkilatların vahid bir məqsədi var idi - bütün milli qüvvələri birləşdirmək, millətin mənafelərini müdafiə etmək, bərabərliyə, hüquq qaydasına və qanunçuluğa nail olmaq. Sosial cəhətdən kifayət qədər rəngarəng olan, öz sıralarında əhalinin demək olar ki, bütün təbəqələrini birləşdirən bu təşkilatlar bütövlükdə Azərbaycan cəmiyyətinin maraqlarını ifadə etməyə çalışırdılar. Petisiyaların və ərizələrin müddəaları, partiya və təşkilatların proqramları, mətbuat orqanları uzun illər tam hüquqsuzluq şəraitində yaşamış Azərbaycan xalqının ümid və arzularını özündə əks etdirirdi”, - deyə Dilarə Seyidzadə vurğulayıb.
Azadlıq hərəkatının böyük yüksəliş və milli oyanış dövrünün Azərbaycan xalqına istedadlı, yüksək peşəkar ictimai-siyasi xadimlərin parlaq bir nəslini bəxş etdiyini diqqətə çatdıran Prezidentin köməkçisi Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk demokratik respublikanın qurulmasında onların böyük xidmətlərini yüksək qiymətləndirdiyini xatırladaraq Ulu öndərin bu sözlərini sitat gətirib: “Onların gördüyü işlər Azərbaycan xalqının bu günü üçün çox böyük əhəmiyyət kəsb edir. Onların fəaliyyəti bizim üçün həmişə əziz olacaqdır. Onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır”.
“Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin keçirilməsi ilə bağlı Sərəncamında da xüsusi qeyd edilir ki, Xalq Cümhuriyyəti milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirib. XIX əsrin axırları - XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxıb”, - deyən Dilarə Seyidzadə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmasına görə dövlətimizin başçısına təşəkkürünü bildirib.

Daha sonra tədbir diskussiya şəraitində davam edib və gənclərin sualları cavablandırılıb.