YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə “Heydər Əliyev” portretinin təqdimat mərasimi keçirilib

Mayın 7-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Heydər Əliyev” portretinin təqdimat mərasimi keçirilib.

 Tədbir  iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Konfransda dövlət və hökumət nümayəndələri, YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, elm və ictimai xadimlər iştirak ediblər.
Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov tədbirdə çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışıb, dahi rəhbərin anadan olmasının 95-ci ildönümünün respublikamızda və ölkəmizdən kənarda dərin hörmət və ehtiramla geniş qeyd olunduğunu vurğulayıb. O bildirib ki, Ulu öndər Heydər Əliyevin doğum gününün yüksək coşqu ilə qeyd olunması Azərbaycan xalqının dahi şəxsiyyətin ölkəmiz qarşısında xidmətlərinə verdiyi yüksək qiymətin, Onun xatirəsinə hörmət və ehtiramının təzahürüdür: «Azərbaycan xalqı hər zaman Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edəcək. Biz Ümummilli lideri təkcə doğum günü ərəfəsində xatırlamırıq, Onun əziz xatirəsi hər zaman qəlbimizdə yaşayır».

Əli Əhmədov qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin ideyaları daim yaşayacaq. Çünki bu ideyalar Azərbaycanın tərəqqisinin və yüksəlişinin əsasını təşkil edir: “Bu dövlət nə qədər yaşayacaqsa, hər zaman xalqımız bu dövlətin qurucusunu, Ümummilli liderimiz Heydər Əliyevi yad edəcək, Onun xatirəsini anacaq. Bu artıq Azərbaycanda bir ənənəyə çevrilib və hesab edirəm ki, bu bir dövlətçilik ənənəsidir. Dövlətin yaradıcısına xalqın etimadı Onun şəxsiyyətinə, xatirəsinə olan hörmət və ehtiramın ifadəsidir. Eyni zamanda, bu, xalqın öz dövlətinə olan ehtiramının ifadəsidir”.

Əli Əhmədov deyib ki, Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi illərdə görülən işlərə, xalqımızın həyatında baş verən əsaslı dəyişikliklərə nəzər salsaq, bu fikri təsdiqləyən kifayət qədər misallar tapa bilərik: «1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən sonra sanki gözlərimiz qarşısında iki Azərbaycan canlanır. 1969-cu ilə qədərki, özünə inanmayan, ümidsizlik məngənəsində sıxılan və demək olar ki, gələcəyə ümidlərini itirmiş Azərbaycan və 1969-cu ildən sonra Ulu öndərin həyata keçirdiyi islahatlar nəticəsində tamamilə dəyişən, özünə inamı artan, dinamik inkişaf yoluna çıxan və gələcəyinə inanan Azərbaycan. Tarix Heydər Əliyevə bu missiyasını ikinci dəfə həyata keçirmək şansı verdi. 1993-cü ilə qədərki və ondan sonrakı Azərbaycan gözlərimiz qarşısındadır. Bu iki Azərbaycan bir-birindən yerlə göy qədər fərqlənir. Xaos, anarxiya, ümidsizlik içərisində olan, dərin böhran keçirən Azərbaycanda məhz Ulu öndərin qətiyyətli islahatlar strategiyası nəticəsində əmin-amanlıq bərqərar oldu, dinamik inkişaf təmin edildi”.

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misislsiz xidmətlərindən danışarkən Baş nazirin müavini deyib ki, respublikamızın bütün guşələrində Ümummilli lider Heydər Əliyevin nişanələri, Onun zəhmətinin bəhrələri görünür. Azərbaycanın uğurlu inkişafı məhz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində təmin edilib. «Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri o qədər böyükdür ki, Heydər Əliyevin xatirəsi hər gün, hər zaman  anılır. Azərbaycanın ayrı-ayrı sahələrdə inkişafında Heydər Əliyevin nişanələri görünür. Azərbaycanın hər bir güşəsində Heydər Əliyevin izi görünür, hər bir sahənin inkişafında Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət özünü göstərir. Bu gün Azərbaycan Heydər Əliyevin ideyaları əsasında uğurla, qürurla inkişaf edir. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət, dəyərlər, strategiya Azərbaycan xalqına xidmət edir”- deyə, o vurğulayıb.
YAP Sədrinin müavini  bildirib ki, Azərbaycanın bütün vətəndaşları Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə  dərin ehtiram bəsləyir: “Gənclər onlara göstərilən diqqət və qayğıya görə, incəsənət xadimləri incəsənətə göstərdiyi diqqətə görə, digər nəsillər də başqa fəaliyyətlərə görə Heydər Əliyevin xatirəsinə dərin hörmətlərini ifadə edirlər”.

Ulu öndərin mədəniyyət və incəsənətə də böyük qayğı göstərdiyini diqqətə çatdıran YAP Sədrinin müavini deyib ki, Azərbaycanın sənət adamları da Heydər Əliyevə həsr olunmuş əsərlər yaradırlar. Belə möhtəşəm əsərlərdən biri də Azərbaycanın Əməkdar rəssamı Sakit Məmmədovun yaratdığı «Heydər Əliyev» portretidir. Əli Əhmədov qeyd edib ki, bu əsər Ümummilli lider Heydər Əliyevin adına layiq bir əsərdir və möhtəşəm əsər kimi diqqəti cəlb edir.
Tədbirdə daha sonra Əməkdar memar, Dövlət mükafatı laureatı Rasim Əliyev çıxış edərək Ulu öndər Heydər Əliyevlə bağlı  bağlı xatirələrini danışıb. Ulu öndər Heydər Əliyevin gənc yaşlarında memar olmaq arzusunda olduğunu deyən R.Əliyev söyləyib ki, tarix elə gətirdi ki, O, görkəmli dövlət xadimi, dahi şəxsiyyət kimi yetişdi. «Ulu öndər Heydər Əliyev kimi şəxsiyyətlər 1000 ildə bir dəfə yetişir. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur. Bu dövlət Onun şah əsəridir. Burada təqdim olunan portret isə Heydər Əliyevin daxili aləminin tablosudur».   
Daha sonra sənətkarlıq üzrə fəlsəfə doktoru Sevil Kərimova çıxış edərək Ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsinə olan qayğısından bəhs edib. O, təqdim olunan portretin rəssam Sakit Məmmədovun yaradıcılıq nailiyyətlərinin parlaq zirvəsi olduğunu vurğulayıb.
Tədbirin sonunda Əməkdar rəssam Sakit Məmmədov çıxış edərək onun hazırladığı əsərə verilən yüksək qiymətə görə təşəkkürünü bildirib. «Ümummilli lider Heydər Əliyev hər zaman azərbaycanlı olduğu ilə fəxr edirdi. Mən də fəxr edirəm ki, məhz Heydər Əliyev kimi böyük şəxsiyyətin təmsil etdiyi xalqın nümayəndəsiyəm»- deyə, S.Məmmədov vurğulayıb.

 Tədbir bədii hissə ilə işini davam etdirib.