YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT DTİHB qərəzli mövqe tutaraq seçkilərin obyektiv nəticələrini şübhə altına almağa çalışıb

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələrinə qərəzli yanaşmasına dair Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) bəyanat yayıb. Bu barədə SAM-dan məlumat verilib.

Bəyanatda deyilir ki, aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələrinə dair ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB), ATƏT Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının birgə müşahidə missiyası tərəfindən hazırlanmış ilkin hesabatın mətni qərəzli və qeyri-obyektivdir. Azərbaycan Respublikasına və Azərbaycan vətəndaşlarının azad seçiminə qarşı yönəldilmiş bu növbəti qarayaxma kompaniyasına dərhal son qoyulmalıdır.

Bəyanatda qeyd edilir ki, seçki kampaniyası dövründə qeydə alınmış səkkiz namizədin hər birinə hüquq bərabərliyi çərçivəsində bütün imkanlar verilmiş, vaxtilə həm ATƏT Parlament Assambleyasının, həm də Avropa Şurası Parlament Assambleyasının yüksək dəyər verdikləri Azərbaycan Respublikası Seçki Məcəlləsinin müəyyən etdiyi qaydalara uyğun olaraq seçicilərlə azad şəkildə fikir və görüşlərini ifadə etmələri üçün əlverişli imkan yaradılmışdı. Bundan başqa, seçkilərdə iştirakdan imtina edən bütün siyasi təşkilatların da demokratik hüquqlarına, o cümlədən sərbəst toplaşma azadlığı hüququna geniş təminat verilmişdi. Belə ki, həmin siyasi qüvvələr heç bir maneə və təzyiqlə üzləşmədən iki dəfə mitinq keçirib, öz tələblərini azad şəkildə ifadə ediblər.

Azərbaycanda prezident seçkiləri bir sıra beynəlxalq təşkilatların, bütövlükdə 60 mindən çox yerli və beynəlxalq müşahidəçinin diqqət mərkəzində olub. Eyni zamanda, seçki məntəqələrində quraşdırılmış yüzlərlə veb-kamera vasitəsilə seçki prosesini birbaşa izləmək üçün geniş imkanlar da yaradılmışdı. Məhz həmin çoxsaylı müşahidəçilər prezident seçkilərinin ədalətli, şəffaf və tamamilə demokratik prinsiplər əsasında keçirildiyini bildirdikləri halda, yuxarıda adları çəkilən Avropa qurumlarının müşahidə missiyası tamamilə fərqli, açıq şəkildə qərəzli mövqe tutaraq seçkilərin obyektiv nəticələrini şübhə altına almağa çalışıb.

Nəticədə qondarma “tərəfsiz müşahidəçilər”dən obyektiv və məntiqi cavab tələb edən suallar ortaya çıxmaqdadır. Görəsən, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu hansı səbəbləri əsas gətirərək seçkilərdə müşahidəçi missiyasını yalnız Şərqi Avropa və postsovet məkanında yerləşən ölkələrlə məhdudlaşdırıb? Hansı bəhanələrə görə Qərb dövlətləri bu fəaliyyətdən kənarda qalıb?

Bu sualların cavabları isə seçkilərdən öncə aydın idi. Dünyada cərəyan edən qlobal və təhlükəli siyasi oyunların alətinə, geosiyasi maraqların təminatçısına çevrilməklə sürətlə nüfuzdan düşən bu təsisatların hədəfləri gənc dövlətlərin müstəqil daxili və xarici siyasət yürütməsi və xalqların suveren hüquqlarıdır. Onların Azərbaycanda keçirilmiş prezident seçkilərinin yekunlarına dair qabaqcadan tərtib etdikləri “ilkin hesabat”ın ədalətsiz və qeyri-obyektiv olması, real mənzərənin bilərəkdən təhrif edilməsi də həmin qərəzli niyyətlərin göstəricisidir. Dövlətlərin və xalqların müstəsna hüquqlarına ikili standartlar və “bizimlə olmayan bizim rəqibimizdir” prinsipindən yanaşmanın növbəti hədəfi isə Azərbaycan Respublikası vətəndaşlarının azad seçimi, onların öz gələcək talelərini və dövlətimizin inkişaf yolunu sərbəst və kənar müdaxilə olmadan müəyyən etmələridir.

Bəyanatda bir daha vurğulanır ki, aprelin 11-də Azərbaycan Respublikasında keçirilmiş prezident seçkiləri dövlətimizin və xalqımızın demokratik inkişafı və tərəqqisi yolunda mühüm və tarixi mərhələ olub. Azərbaycan xalqı bir daha demokratiya və şəffaflıq şəraitində öz tarixi seçimini edib.

 

DİGƏR Xəbərlər Arxiv