YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Artıq dünyanın ölkə və xalqları Azərbaycanın ailə və mədəni tolerantlıq modelini qəbul edir

“Son illər ailə institutu və bu dəyərlərin qorunması ilə bağlı keçirilən beynəlxalq  konfranslar bu məsələlərin dünya ölkələri üçün  nə qədər aktual olduğunu bir daha göstərdi. Ancaq əfsuslar olsun ki, hazırda dünyada ekstremizm, zorakılıq, terrorçuluq, qarşıdurmalar və hərbi münaqişələrin sayı artmaqdadır”. Bu fikirləri yap.org.az saytına Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, bu hadisələr ilk növbədə ailə institutuna mənfi təsir göstərir, ailələr dağılır, milli-mənəvi dəyərlər deqredasiyaya uğrayır. Lakin bütün bunların fonunda Azərbaycanda ailə institutu qorunub saxlanılır, insanlar təhlükəsizlik, dostluq, mehribançılıq, tolerantlıq şəraitində yaşayırlar. Onun sözlərinə görə, artıq dünyanın bütün ölkə və xalqları Azərbaycanın ailə və mədəni tolerantlıq modelini qəbul edir.

“Hazırda iki miyon səksən dörd mindən çox ailə var. Yüzlərlə ömrünün 50, 60 və daha çox müddətini bir yerdə yaşayan uzunömürlü ailələrimiz var. Bütövlükdə ailələrin  sosial rifahını yüksəltmək, xüsusilə qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün Hökumət mütəmadi  zəruri tədbirlər həyata keçirir. 2006-cı ildən başlayaraq “Qadın əleyhinə zorakılığın dayandırılması!”, “Ailədaxili münasibətlərdə milli mənəvi dəyərlər və bu münasibətlərin gələcək nəslin (uşaqların) formalaşmasında əhəmiyyəti”, “Nəsillərarası əlaqələr – ailədə milli dəyərlər” , “Müasirləşmənin ailəyə təsiri və rolu”, “Ailə - dəyərlərimiz, ənənələrimiz”, “Sağlam ailə sağlam gələcəyin təminatıdır”, “Müasir ailənin cəmiyyətin inkişafında yeri və rolu”,   “Yaşlı nəslin təcrübəsindən faydalanaq”, “Ailə, məktəb və cəmiyyət” , “Sağlam həyat naminə erkən nikaha yox deyək”, “Bizim gücümüz birliyimizdədir”, “Ailə Akademiyası” adlı layihələr reallaşdırılmışdır. Ənənəvi olaraq  9 ildir ki,  “Ailə bayramı” keçirilir və hər il bu bayramda  bütün Azərbaycanın rayonlarını təmsil edən, 100-ə yaxın ailə iştirak edir. Eyni zamanda, “Azərbaycan ailəsi” adlı filmlər festivalı uğurla davam etdirilmişdir. 39-u xarici rejissorlar tərəfindən olmaqla, təşkilat komitəsinə 285 film təqdim edilmişdir.  Bu lyihələrdə  əsas məqsəd ailə, milli-mənəvi dəyərlərin  təbliğidir.  Azərbaycan Respublikası Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilmişdir. “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə”, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına” və bir sira digər Dövlət Proqramları təsdiq edilmiş, eyni zamanda, tərəflərin nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi ilə bağlı Ailə Məcəlləsinə  edilən dəyişiklik isə həm ailələrimizin, həm də gələcək nəsillərin sağlamlığına xidmət edir. Uşaqların təhsildən yayınması, əməyə cəlb edilməsi və onların məruz qaldığı digər sosial-psixoloji problemlər  valideyn məsuliyyətinin artırılmasını zəruri edir. Bütün bu  və digər məsələlər nəzərə alınaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanunları qəbul edilmişdir”-deyə Dövlət Komitəsinin sədri vurğulayıb.