YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbülfəs Qarayev: Teatrlar bu gün intibah dövrünü yaşayır

Bu gün Azərbaycan teatrının 142-ci mövsümü başlayır. Ənənəyə sadiq qalaraq, biz hər mövsümün əvvəlində müxtəlif tədbirlər keçiririk. Çox əlamətdardır ki, bu mövsümün açılışını Şəki Dövlət Dram Teatrında keçiririk. Bilirsiniz ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, bu teatr yenidən qurulub, yeni bir sima alıbdır. Fərəhli haldır ki, Azərbaycanın bölgələrində yerləşən teatrların artıq yeni mühiti formalaşmaqdadır. Biz bütün bunlara görə dövlətimizin başçısına minnətdarlığımızı bildiririk.

Bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şəkidə başlanan I Beynəlxalq teatr festivalının açılış mərasimində bildirib.
Beynəlxalq teatr aləmində Azərbaycan teatrının mövqeyinin getdikcə möhkəmləndiyini, mübadilələrin genişləndiyini vurğulayan nazir, son illər Azərbaycan teatrlarının 20-dən artıq ölkədə qastrolda olduğunu diqqətə çatdırıb. Nazir bildirib ki, sevindirici hal ondan ibarətdir ki, beynəlxalq səviyyədə tanınan teatr simaları da artıq Azərbaycana gəlirlər.

Ə.Qarayev daha sonra deyib: “Bu bizim ilk təcrübəmizdir ki, beynəlxalq teatr festivalı məhz yeni mövsümün əvvəlində başlanır. İlk dəfə regionda yerləşən teatrda beynəlxalq teatr festivalı keçirilir. Düzdür, festivalda hələlik cəmi 3 ölkə iştirak edir. Ancaq biz düşünürük ki, bu ölkələrin sayı ildən-ilə artacaq və Şəkidə keçirilən bu festival teatr aləmində özünəməxsus yer tutacaq”.

Teatrların bu gün intibah dövrünü yaşadığını vurğulayan nazir daha sonra deyib: “Düşünürəm ki, bu intibah teatr üçün lazımdır. Çünki teatr daim yeniləşən, axtarışda olan cəmiyyətin aynasıdır. Əgər teatr axtarışdadırsa, yenilikləri tətbiq edirsə, o cəmiyyəti qabağa aparır. Bu isə o deməkdir ki, cəmiyyət sağlamdır, ölkə vətəndaşları, insanlar həmişə yeniliklərə, yeni meyarlara üz tuturlar və öz ölkələrinin inkişafını təmin edirlər”.