YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oleq Yuryeviç: Azərbaycanda bütün dini konfessiyalar və xalqların nümayəndələri üçün tolerant mühit yaradılıb

Yeddinci Günün Adventistləri Kilsəsinin Ümumdünya Cəmiyyətinin ictimai əlaqələr və din azadlığı şöbəsinin rəhbəri Qanun Diopun başçılıq etdiyi nümayəndə heyəti dekabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) olub.

Dövlət Komitəsindən bildiriblər ki, DQİDK-nın sədri Mübariz Qurbanlı qonaqlara ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində yaranan sabit dini durum və multikultural mühit barədə məlumat verib. O bildirib ki, dünya miqyasında demokratik dəyər kimi təbliğ olunan tolerantlığa xalqımız təkcə hüquq yox, həm də mənəvi dəyər prizmasından yanaşır.

Azərbaycanda 28-i qeyri-islam olmaqla 784 dini icmanın dövlət qeydiyyatına alındığını bildirən Mübariz Qurbanlı ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini, onların dilinə, dininə, mədəniyyətinə xalqımızın daim yüksək qiymət verdiyini və hörmətlə yanaşdığını, dövlət tərəfindən mütəmadi olaraq İslam və qeyri-islam dini icmalarına maliyyə yardımı göstərildiyini vurğulayıb. Mübariz Qurbanlı ölkədəki müxtəlif mədəniyyətlər, dinlər, məzhəblər arasındakı dözümlülük ənənəsinə, milli mənəvi dəyərlərimizə dövlətin verdiyi önəmin təzahürü olaraq 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili”, bu ilin isə “İslam Həmrəyliyi İli” elan edildiyini diqqətə çatdırıb.

Rusiya Federasiyasının İctimai Palatasının və Rusiya Federasiyasının Prezidenti yanında Dini Qurumlarla Əməkdaşlıq Şurasının üzvü Oleq Yuryeviç ölkəmizdə bütün dini konfessiyalar, icmalar və müxtəlif xalqların nümayəndələri üçün mövcud olan tolerant mühitin əyani şahidi olduğunu bildirib. Qonaq əhalisinin 96 faizinin müsəlman olduğu ölkədə bu cür mühitin olmasının dünyada az rast gəlinən hal olduğunu diqqətə çatdırıb.

İkinci dəfə Azərbaycana səfər etdiyini deyən Qanun Diop respublikamızın daha da inkişaf etdiyini və gözəlləşdiyini vurğulayıb. Yeddinci günün adventistləri dini icmasının 100 ildən artıq Azərbaycanda fəaliyyət göstərdiyini qeyd edən Qanun Diop icmanın fəaliyyəti üçün yaradılan azad və tolerant mühitə görə dövlətimizə minnətdarlığını bildirib.

Görüşün sonunda qonaqlara Azərbaycandakı tolerant mühitin əks olunduğu kitablar hədiyyə edilib.