YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Kamança UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına Azərbaycan və İranın mədəniyyət nümunəsi kimi daxil edilib

Koreya Respublikasının Jeju adasında keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında Azərbaycan Respublikasının və İran İslam Respublikasının birgə təqdim etdiyi “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, UNESCO-nun Qiymətləndirici Orqanı tərəfindən bütün kriteriyalara dair müsbət rəy alan nominasiya faylına dair qərar dekabrın 7-də elan edilib.

Qeyd etmək lazımdır ki, sözügedən nominasiya sənədi Mədəniyyət və Turizm, Xarici İşlər nazirlikləri və Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin İran tərəfi ilə birgə əməkdaşlığı şəraitində təqdim edilib.

Azərbaycan nümayəndə heyəti adından çıxış edən ölkəmizin UNESCO yanında daimi nümayəndəsi, səfir Anar Kərimov kamança sənətinin Azərbaycan mədəniyyətində mərkəzi rollardan birini oynadığını qeyd edib. Bu sənət növünün ölkəmizin sərhədlərindən daha geniş coğrafiyanı əhatə etdiyini yüzilliklər boyu nəsillərdən nəslə ötürülən mədəni mənsubiyyət nümunəsi olduğunu diqqətə çatdırıb və nominasiya faylının birgə verilməsində göstərilən dəstəyə görə İran tərəfinə minnətdarlığını bildirib. O, eyni zamanda Azərbaycan hökuməti adından UNESCO Qiymətləndirmə Orqanına və Komitəyə xalqımızın mədəni dəyəri olan bu sənət nümunəsinin dəstəklədiklərinə görə təşəkkürünü bildirib.

Komitə iclasında iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə qərarın nəticəsini şərh edərək bildirib ki, UNESCO tərəfindən kamançanın həm ifaçılığının, həm də hazırlanmasının Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya qəbul edilməsi Azərbaycanda kreativ sənaye formalarından biri olan sənətkarlığın inkişafına, bu sənətlə məşğul olan insanların rifahına müsbət təsir göstərəcəkdir. O, həmçinin bu faylın İranla birgə verilməsinin Azərbaycan dövlətinin mədəniyyətinin paylaşma ruhuna uyğun siyasətinin və beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa sadiqliyinin göstəricisi olduğunu qeyd edib.

UNESCO ilə əməkdaşlığın inkişafında və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə hazırda kamança hazırlanması və ifaçılıq sənətindən başqa, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin Çövkən – Qarabağ ənənəvi atüstü oyunu isə UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahsında yer alır.

 

DİGƏR Xəbərlər Arxiv