YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Ermənistan bu gün dalana dirənmiş siyasətin ağır nəticələri ilə üz-üzə qalıb

Ermənistanda tələbələrin hərbi xidmətdən möhlət hüququnun ləğvi ölkədə ağır demoqrafiq vəziyyətin mövcudluğunu göstərir. Bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Ermənistan Müdafiə Nazirliyinin təklifi ilə parlamentin qanuna bu dəyişikliyi təsdiq etməsi ölkədə ictimai-siyasi gərginliyi pik nöqtəyə qaldırıb:

“Tələbə gənclər parlamentin bu qərarına qarşı çox kəskin etirazlarını bildiriblər. İndi Ermənistan cəmiyyətində ən çox müzakirə olunan mövzu budur ki, niyə atəşkəs olduğu bir dövrdə hökumət belə bir addım atmağa məcbur olub? Baxmayaraq ki, Dağlıq Qarabağda intensiv döyüşlərin getdiyi 90-cı illərin əvvəllərində hökumət tələbələrin hərbi xidmətdən möhlət hüququnu ləğv etməmişdi. Erməni ictimaiyyəti bunun səbəbini onda görür ki, artıq Ermənistanın insani resursları tükənib və ölkə ordunu əsgərlə təmin etməkdə çox ciddi problemlərlə üzləşib, ölkədə demoqrafik vəziyyət artıq partlayış səviyyəsindədir. 100 minlərlə insan ölkəni tərk edir, yoxsulluq daha da dərinləşir. Ermənistanda doğum səviyyəsi sıfra bərabərdir və olan gənclər də ölkəni tərk edir. Belə olan vəziyyətdə kimi hərbi xidmətə göndərsinlər?! Əllərinə tələbələr keçir. Bu çox acınacaqlı vəziyyətdir və Ermənistandakı böhranın növbəti təzahürüdür”.

Deputat qeyd edib ki, digər tərəfdən Ermənistan xarici ölkələrdən silah idxalını ƏDV-dən azad edir: “Hesab edirəm ki, bu addım Ermənistanın güclənməsinə yox, iqtisadiyyatının daha da çökməsinə gətirib çıxaracaq. Ona görə ki, Ermənistanın elə maliyyə imkanları yoxdur ki, müasir silahlar ala bilsin. Ən yaxşı halda kredit hesabına Rusiyadan köhnəlmiş silahlar ala bilirlər. Bu nöqteyi-nəzərdən ƏDV-nin ləğv edilməsi nəticə etibarı ilə ölkə büdcəsindən silah-sursatın alınmasına xərclərin artımı deməkdir. Bu isə Ermənistanda sosial gərginliyin daha da artmasına gətirib çıxaracaq. Demək bu silahlar sosial müavinətlərin kəsilməsi hesabına, sosial xərclərin azaldılması hesabına alınacaq. Bu o deməkdir ki, Ermənistan bu gün dalana dirənmiş siyasətin ağır nəticələri ilə üz-üzə qalıb”.