YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın xarici işlər naziri Efiopiya Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Mulatu Teşome ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Efiopiyanın dövlət başçısına çatdırıb.

Efiopiya Prezidenti Mulatu Teşome Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarına görə təşəkkürünü bildirib, onun da salamlarının və ən xoş arzularının dövlətimizin başçısına çatdırılmasını xahiş edib.

Prezident Mulatu Teşome iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə önəm verdiklərini və ikitərəfli əməkdaşlığı daha da genişləndirmək üçün səylərin artırılmasının, habelə yüksək səviyyəli qarşılıqlı səfərlərin vacibliyini vurğulayıb. O, çoxsaylı efiopiyalı tələbənin müxtəlif sahələr üzrə Azərbaycanda ali təhsil aldıqlarını qeyd edərək, həmin məzunların iki ölkə arasında körpü rolunu oynaya biləcəyini deyib.

Elmar Məmmədyarov minlərlə afrikalı tələbənin Azərbaycanın ali təhsil müəssisələrində təhsil aldığını, ölkəmizin bu sahədə Efiopiya ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib. Nazir ali təhsil müəssisələrimiz, o cümlədən xarici tələbələr üçün əlverişli təhsil imkanları barədə Efiopiya Prezidentinə məlumat verib.

Efiopiyanın Afrika qitəsində, eyni zamanda, Afrika İttifaqı təşkilatında əhəmiyyətli mövqeyinə toxunan Elmar Məmmədyarov Azərbaycanın bu ölkə ilə ikitərəfli münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. Nazir ikitərəfli müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Söhbət zamanı Elmar Məmmədyarov ölkəmizin inkişafı və əldə etdiyi nailiyyətlərdən, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional layihələrdən, habelə Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin perspektiv imkanlarından danışıb. Nazir, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verərək, ölkəmizin ədalətli mövqeyini Prezident Mulatu Teşomenin diqqətə çatdırıb.

Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması yolları, habelə kommunikasiya və logistika sahəsində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.