YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyi qeyd ediləcək

Azərbaycan Prezidenti İlham Əliyev böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyi Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək.

Sərəncamda deyilir ki, Hüseyn Cavid son dərəcə dərin məzmunlu yaradıcılığı ilə çoxəsrlik Azərbaycan ədəbiyyatı xəzinəsinə tarixi-mədəni dəyərlər bəxş etmiş qüdrətli söz sənətkarıdır. O, Şərqin zəngin fəlsəfi-poetik irsi zəminində yüksələrək və dünya romantizm ənənələrindən uğurla bəhrələnərək Azərbaycan xalqının ədəbi-bədii fikir salnaməsinə parlaq səhifələr yazıb. Mütəfəkkir sənətkarın neçə-neçə oxucu və tamaşaçı nəslinin estetik zövqünü müəyyənləşdirən əsərləri bu gün də öz monumentallığını və yüksək təsir gücünü qorumaqdadır.

Totalitarizmin çoxsaylı qurbanlarından biri kimi Cavidin adı doğma xalqının təfəkküründə obrazlaşıb. Ağır repressiya illərində mənən sarsılmadan keçdiyi ibrətamiz həyat yolu onu yaddaşlarda sənətkar şəxsiyyətinin bütövlüyünün rəmzinə çevirib.

Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Hüseyn Cavidin nəşinin hələ 1982-ci ildə uzaq Sibirdən vətəninə gətirilməsi və Naxçıvanda məzarı üzərində möhtəşəm məqbərənin ucaldılması milli ruhun dirçəlişi və azərbaycançılıq məfkurəsinin təntənəsi baxımından müstəsna əhəmiyyətə malik misilsiz bir hadisədir.