YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rocer Nkodo Danq: Azərbaycanda olan tolerantlığı dünyanın heç bir ölkəsində tapa bilmərik

Oktyabrın 24-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Pan-Afrika Parlamentinin prezidenti Rocer Nkodo Danqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Oqtay Əsədov Pan-Afrika Parlamenti prezidentinin ölkəmizə ilk səfərinin qarşılıqlı faydalı əməkdaşlıqda uğurlu başlanğıc olacağına inandığını bildirib. Qeyd edib ki, səfər çərçivəsində qonaqlar ölkəmizin zəngin tarixi keçmişi, hazırkı nailiyyətləri və perspektivləri barədə geniş məlumat alacaqlar.

Ölkəmiz barədə qonağa ətraflı məlumat verən spiker bildirib ki, Azərbaycan 25 ildir müstəqilliyini bərpa edib. Buna baxmayaraq ölkə parlamentinin zəngin tarixi ənənələri var. Hələ ötən əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik respublika məhz Azərbaycanda qurulub, hətta Avropa ölkələrindən öncə qadınlara seçki hüququ verilib. Sonralar 70 il sovetlər birliyində olmağımıza baxmayaraq, xalqımız milli mənəvi dəyərlərini və tarixi ənənələrini qoruyub saxlaya bilib. Hələ o dönəmdə neft ölkəsi kimi tanınan Azərbaycan bu gün də bu milli sərvəti ilə dünyada böyük nüfuz qazanıb.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində neftdən əldə edilən gəlir insan kapitalına çevrilməkdədir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TAP və TANAP kimi qlobal neft və qaz kəmərlərinin reallaşmasına böyük töhfələr verən Azərbaycan Avropanın enerji xəritəsini dəyişməyə qadirdir. Ölkədə təkcə enerji layihələri deyil, iqtisadiyyatın digər sahələri də sürətlə inkişaf etməkdədir. Bu gün Azərbaycan brendi kimi bir çox məhsullar xaricə ixrac olunur. Bunlarla yanaşı, əqli məhsullar da ixrac edilir. Bunun bariz nümunəsi kimi “ASAN xidmət”i göstərə bilərik. Sırf Azərbaycan brendi olan bu xidmət yarandığı gündən ötən beş il ərzində beş milyon insana iki milyona yaxın xidmət göstərib. Buraya edilən müraciətlərin sayı 17 milyona çatıb. Afrika İttifaqına üzv ölkələr tərəfindən də “ASAN xidmət” modelinə böyük maraq var. Heç də təsadüfi deyil ki, ötən ilin dekabrında təşkilatın mənzil- qərargahında “ASAN xidmət” haqqında təqdimat keçirilib.

Görüşdə Azərbaycanla Afrika ölkələri arasında iqtisadi əlaqələrdən söz açan sədr bu sahədə geniş potensial olduğunu söyləyib. Bildirilib ki, Azərbaycanla Cibuti arasında imzalanmış Sazişə əsasən “Silk Way” yükdaşıma şirkəti ilə hava daşımaları sahəsində uğurlu əməkdaşlıq həyata keçirilir. Gələcəkdə Keniya ilə də belə bir Sazişin imzalanması gözlənilir. Sədr humanitar sahədə də ölkəmizin Afrika dövlətləri ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, Afrika İttifaqına daxil olan 9 ölkədə Azərbaycanın AIDA təşkilatının köməyi ilə 50 mindən çox insanın görmə qabiliyyəti bərpa olunub. Biz gələcəkdə də humanitar sahədə Afrika ölkələri ilə əməkdaşlıq etmək niyyətindəyik.

Sədr deyib ki, Afrika İttifaqına daxil olan 27 ölkə ilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əlaqələrimiz formalaşıb. Biz parlamentlər səviyyəsində münasibətlərimizi genişləndirmək arzusundayıq. Müxtəlif beynəlxalq qurumlarda deputatlarımız fəal iştirak edirlər. 2011-ci ildən ölkəmiz Afrika İttifaqında müşahidəçi qismində iştirak edir. Pan-Afrika Parlamentində də belə bir status almaq niyyətindəyik.

Söhbət zamanı spiker bildirib ki, hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycanda söz və mətbuat azadlığı, insan hüquqları ön cərgədədir. Azərbaycan özünün tolerantlığı, multikultural dəyərləri ilə bütün dünyada tanınır. Avropanın və İslam ölkələrinin mədəniyyət nazirlərini bir araya gətirən də məhz ölkəmizin paytaxtı Bakı olub. Heç də təsadüfi deyil ki, Bakı sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu bir məkana çevrilib. Təəccüblü deyil ki, Azərbaycanın bu təşəbbüsünü BMT “Bakı prosesi” adlandırıb. Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəsi var. 2015-ci ildə ilk Avropa Oyunlarına ev sahibliyi edən Bakıda IV İslam Həmrəyliyi Oyunları da müvəffəqiyyətlə keçirilib. Bu gün biz “EKSPO-25” sərgisinin Bakıda keçirilməsində iddialıyıq. Ümidvarıq ki, bu məsələdə sizin təşkilat da öz dəstəyini əsirgəməyəcək.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan sədr problemin regionun inkişafına göstərdiyi mənfi təsirlərdən, bu münaqişənin acı nəticələrindən söz açıb. Qeyd edilib ki, bu gün işğalçı Ermənistandan başqa bütün dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Biz problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdarıq.

Pan-Afrika Parlamentinin prezidenti Rocer Nkodo Danq ölkəmizə səfərindən və burada keçirdikləri görüşlərdən məmnun qaldıqlarını söyləyib. O, “Azərbaycanda olan tolerantlığı dünyanın heç bir ölkəsində tapa bilmərik” deyərək ölkəmizdə demokratiyanın tarixən zəngin ənənələri olduğunu vurğulayıb.

Bildirilib ki, Cənubi Qafqazın belə bir ölkəsi ilə əməkdaşlıq etmək hər iki tərəfin mənafelərinə xidmət edir. Qonaq xüsusi qeyd edib ki, Afrika ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və regional münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdardır. Pan-Afrika Parlamenti də beynəlxalq hüquqa böyük hörmətlə yanaşır.

Qonaq Milli Məclisin Pan-Afrika Parlamentində müşahidəçi statusu alması məsələsinə müsbət yanaşaraq, müraciət olunacağı təqdirdə məsələnin tezliklə həllini tapacağına inamını ifadə edib. Bildirilib ki, Bakının beynəlxalq tədbirlərə ev sahibliyi sahəsindəki müsbət təcrübəsini nəzərə alaraq qonağın təmsil etdiyi təşkilat “EKSPO-25” sərgisinin Bakıda keçirilməsi ilə bağlı məsələdə ölkəmizin namizədliyini dəstəkləyəcək.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Cibuti ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Vüsal Hüseynov, ölkəmizin Efiopiyadakı səfiri Elman Abdullayev, Pan-Afrika Parlamentinin üzvü, Birləşmiş Tanzaniya Respublikası Milli Assambleyasının nümayəndəsi xanım Mhita Mboni Məhəmməd və digər rəsmi şəxslər iştirak ediblər.