YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın İtaliyadakı səfiri: İpək yolunun bərpasında Azərbaycan Şərqlə Qərb arasında strateji körpü rolunu oynayır

Roma şəhərində Türk Mədəniyyət Mərkəzi - Yunus Əmrə İnstitutunun İtaliya təmsilçiliyi, “Fondazione Ugo Spirito e Renzo De Felice” Fondu və “Eurosis Consulting” şirkətinin birgə təşkilatçılığı ilə “Yeni İpək yolu: İqtisadi və mədəni şəbəkənin qurulması” mövzusunda konfrans keçirilib.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İpək yolunun bərpasında Azərbaycanın rolundan danışıb, ölkəmizin Şərqlə Qərb arasında strateji körpü rolu oynadığını qeyd edib.

Diplomat Azərbaycanın nəqliyyat potensialı barədə məlumat verərək Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, bu yaxınlarda açılışı olacaq Bakı-Tbilisi-Qars dəmir yolu kəmərinin, eləcə də ölkəmizin nəqliyyat infrastrukturun modernləşməsi istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətindən söz açıb.

Ölkəmizin təşəbbüsü ilə İpək yolu üzərində reallaşdırılmış və reallaşdırılmaqda olan neft-qaz kəmərləri layihələri barədə məlumat verən səfir bu xüsusda Azərbaycan qazını Avropaya daşıyacaq Cənub Qaz Dəhlizinin strateji önəmini vurğulayıb.

Səfir İpək yolunun Şərq ilə Qərb arasında iqtisadi və ticarət əlaqələrini dərinləşdirməsi ilə yanaşı, universal dəyərlərin təşviqi, müxtəlif mədəniyyətlərin vəhdəti üçün də əhəmiyyətli olduğunu deyib. O, Azərbaycanın əsrlərboyu milli mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanındığı və dünyada mədəniyyətlər və sivilizasiyalararası dialoqun təşviqindəki rolu barədə məlumat verib.

M.Əhmədzadə regionda təhlükəsizlik məsələlərinin nəzərə alınmasının vacibliyini də qeyd edib, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün regionda sülh və sabitliyə təhdid olduğunu bildirib.

Tədbirdə iştirak edən Beynəlxalq Türk Mədəniyyət və İrsi Fondunun beynəlxalq münasibətlər üzrə katibi Rüstəm Məmmədov türkdilli xalqların mədəniyyətinin və irsinin öyrənilməsi, qorunması və təbliği istiqamətində Fondun fəaliyyəti, həyata keçirdiyi tədbirlər və layihələr barədə məlumat verib. Eyni zamanda, tədbirin mövzusu olan İpək yolu ilə bağlı Fondun apardığı işlər və bununla əlaqədar gələcəkdə nəzərdə tutulan tədbirlərə də toxunub. O, İpək yolu üzərində mədəni aspektlər barədə məlumat verərək, bu xüsusda türkdilli ölkələrin daim vacib rol oynadığını və öz töhfələrini verdiyini deyib. Azərbaycanın mədəniyyətlərarası dialoqda mühüm rolunu vurğulayan R.Məmmədov bir çox mühüm mədəni abidələrin yerləşdiyi ərazilərimizin hazırda Ermənistanın işğalı altında olması faktlarını diqqətə çatdırıb. O, ümumilikdə İpək yolunun bərpasında əməkdaşlığın vacibliyini, burada mədəni mübadilənin və mədəniyyətlərarası dialoqun başlıca rol oynadığını vurğulayıb, Beynəlxalq Türk Mədəniyyət və İrsi Fondunun bununla bağlı əməkdaşlığa hazır olduğunu, gələcəkdə də bu məqsəd istiqamətində fəaliyyət göstərəcəyini qeyd edib.

Tədbir iqtisadiyyat və mədəniyyət sahələrində əməkdaşlığı əhatə edən sessiyalarla davam edib və həmin sessiyalarda Azərbaycan-İtaliya əlaqələrinə də toxunulub.

İqtisadiyyat sahəsinə aid sessiyada çıxış edən Azərbaycan–İtaliya Ticarət Palatasının prezidenti Manuela Traldi İtaliya və Azərbaycan arasında ticari-iqtisadi sahədə əməkdaşlıq barədə danışıb.

Mədəniyyət sahəsinə aid sessiyada çıxış edən “La Sapienza” Universitetinin professoru Daniel Pommier İtaliya və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq, təhsil ocaqlarının əlaqələri haqqında söhbət açıb.

DİGƏR Xəbərlər Arxiv