YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

VII Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic 2017” sərgisi öz işinə başlayıb

VII Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic 2017” sərgisi öz işinə başlayıb.

Sərginin açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nəqliyyat sektoruna göstərdiyi diqqət nəticəsində dəmir yolu, su və hava nəqliyyatı vasitələri ilə yükdaşımaların həcmi artıb. Şərq və Qərb arasında körpü rolunu oynayan Azərbaycan mühüm tranzit daşımalara əsas tərəfdaş kimi qəbul edilir. Hazırda Xəzərin sahilində ən böyük liman Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və onun tərkibində Azad Ticarət Zonası yaradılır ki, bu da ölkəmizə investisiya qoyulması üçün geniş şərait yaradır. İrəlidə görüləcək işlər çoxdur. İnanıram ki, qarşıda qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyik.

R.Quluzadə qeyd edib ki, ənənəvi olaraq hər il keçirilən bu sərgiyə maraq ildən ilə artmaqdadır. Ən son texnologiyaların və yeniliklərin nümayiş olunduğu builki sərgi də həmişə olduğu kimi təcrübə mübadiləsinə və yeni əməkdaşlığın qurulmasına xidmət edəcək.

Qeyd edək ki, “Road&Traffic 2017” sərgisinin məqsədi yol-tunel inşaatı, yol hərəkətinin idarə edilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi və ictimai nəqliyyat sahəsi üzrə istehsalçı və operatorların görüşü üçün şərait yaratmaq, eləcə də yol təhlükəsizliyi ilə bağlı problemlərin həlli yolları üzrə əldə olunan ən son nailiyyətləri nümayiş etdirməkdir. “Road&Traffic” sərgisi biznes strukturlarının Azərbaycan və region ölkələrinin dövlət yol-nəqliyyat orqanlarının mütəxəssisləri ilə görüşməsi üçün unikal platformadır.

“Road&Traffic” sərgisində Azərbaycan, Almaniya, ABŞ, Rusiya, Türkiyə, Çexiya və digər ölkələri təmsil edən şirkətlər yol-tunel layihələndirməsi və inşaatı üzrə xidmətlər, habelə yol təhlükəsizliyi vasitələri, yol maneələri, yolların işarələnməsi üçün avadanlıqlar, yol monitorları, şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı, nəqliyyatı intellektual idarəetmə sistemləri, avtobuslar və bir sıra digər məhsullar təqdim olunur. Bu il ilk dəfə olaraq sərgidə Bakı Nəqliyyat Agentliyi də iştirak edir.

“Road&Traffic 2017” sərgisi regionun aparıcı yol-inşaat şirkətlərinin rəhbər və mütəxəssisləri ilə görüşlər keçirmək və Bakı şəhərində, eləcə də Azərbaycanın digər şəhərlərində ictimai nəqliyyatın optimallaşdırılması sahəsində hökumətin cari və gələcək planları ilə tanış olmaq, həmçinin bu layihələrdə iştirak imkanlarını nəzərdən keçirmək üçün ideal şərait yaradacaq. Ənənəvi olaraq, sərgidə yeni məhsullar, o cümlədən yolların işıqlandırılması üçün “Urban” və “Kordoba” məhsulları, eləcə də “Novoplast-praymer” qruntu təqdim olunur.

“Road&Traffic” sərgisi XVI Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica” və IV Xəzər Beynəlxalq Kater və Yaxtalar “CIBS 2017”sərgiləri ilə eyni meydançada keçirilir.