YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Əbu-Dabidə keçirilən “Təhlükəsizlik naminə birlik” adlı beynəlxalq konfransda təmsil olunub

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə bu ölkənin prezidenti Şeyx Xəlifə bin Zayed əl-Nəhyanın himayəsi ilə “Təhlükəsizlik naminə birlik” adlı beynəlxalq konfrans keçirilir.

İnterpol və İnterpolun Fondu ilə birgə təşkil edilmiş konfransın işinə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov başda olmaqla ölkəmizin nüfuzlu nümayəndə heyəti də qoşulub. Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov da Konfrans çərçivəsində keçirilən tədbirlərdə iştirak edir.

Konfransı BƏƏ-nin Baş nazirinin müavini, bu ölkənin daxili işlər naziri Şeyx Seyf bin Zayed Əl Nəhyan açıb.

Ramil Usubov forum çərçivəsində BƏƏ DİN başçısı Şeyx Seyf bin Zayed Əl Nəhyan ilə görüşüb. Danışıqlarda ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub. Hər iki tərəf təhlükəsizlik sahəsində qarşılıqlı əlaqələri inkişaf etdirməyə hazır olduqlarını bildirib.

Qeyd etmək lazımdır ki, dünyanın bir sıra ölkələrinin daxili işlər və ədliyyə nazirləri, yüksək vəzifəli polis işçiləri müasir dövrün ümumi təhdidlərinə qarşı birgə mübarizə məsələlərini müzakirə etmək, gələcəkdə təhlükəsizlik üçün yaranan təhdidlərə qarşı mübarizə ilə bağlı öhdəlikləri və qlobal polis strukturunu müəyyən etmək üçün bu konfransa qatılıblar.

Tədbir çərçivəsində keçirilən iclasların iştirakçıları terrorizmə, kibernetik cinayətkarlığa, mədəni irs əleyhinə ictimai təhlükəli cinayətlərə, yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlərə, narkotiklərin yayılmasına və qaçaqmalçılığa qarşı mübarizədə səylərin əlaqələrindirlməsi məsələlərinə xüsusi diqqət yetirəcəklər. Forum iştirakçıları bu məsələləri müzakirə edərkən dünyanın müxtəlif ölkələrinin polis orqanları arasında əməkdaşlığı gücləndirmək məqsədilə fikir və təcrübə mübadiləsi aparacaqlar.

Təşkilatçıların fikrincə, bu forum beynəlxalq əlaqələrin genişlənməsinə sanballı töhfə verəcək, bu da öz növbəsində, cinayətkarlığa qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsinə şərait yaracaq.