YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Mehriban xanım Əliyeva Azərbaycan qadınının müdriklik, ləyaqət və nəciblik kimi ən ali xüsusiyyətlərinin daşıyıcısıdır

“Mehriban xanım çoxəsrlik Azərbaycan tarixində siyasətin yalnız kişilərə məxsus bir sənət olmadığını öz parlaq şəxsiyyəti və fəaliyyəti ilə sübut etmiş görkəmli ictimai-siyasi xadimdir. Bu baxımdan Mehriban xanımın təyinatı cəmiyyətin sosial sifarişi olmaqla yanaşı, bizim hamımızın, xalqımızın və dövlətimizin qələbəsi, əsrin əvvəllərində Şərqdə qadınlara ilk siyasi hüquqlar tanıyan Azərbaycan demokratiyasının müasir inkişaf və təkamülünün bariz təzahürüdür.” Bu fikirləri  YAP İcra katibini müavini, MM-in komitə sədri Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında səsləndirmişdir.

Siyavuş Novruzovun sözlərinə görə, bu təyinat Yeni Azərbaycan Partiyası üçün ikiqat əlamətdardır və bütün üzvlərimiz tərəfindən çox böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanmışdır: “Belə ki, Yeni Azərbaycan Partiyasının 2013-cü ildə keçirilmiş V Qurultayında Mehriban xanım Əliyevanın partiya sədrinin müavini seçilməsi təşkilatımızın fəaliyyətinə yeni impuls və dinamizm qazandırmışdır. Bu dövrdən etibarən partiyamızın sıralarını zənginləşdirən gənclər və qadınlar onun fəaliyyətini keyfiyyətcə yeni və daha yüksək mərhələyə qaldırmışdır. Habelə, ötən müddət ərzində partiyanın beynəlxalq əlaqələri xeyli genişlənmiş, tərəfdaşların sayı artmış və əməkdaşlıq münasibətləri dərinləşmişdir. Təkcə bu fakt Mehriban xanımın böyük ictimai və beynəlxalq nüfuzundan, ona olan ümumxalq sevgi və inamından xəbər verir.”

“Mehriban xanım Azərbaycan qadınının müdriklik, ləyaqət və nəciblik kimi ən ali xüsusiyyətlərinin daşıyıcısıdır. Təsadüfü deyil ki, Milli Məclisdəki fəaliyyəti dövründə məhz onun təklif etdiyi amnistiya aktları çərçivəsində minlərlə vətəndaşımız azadlığına qovuşmuş və ya məhkumluq müddəti azaldılmışdır.

Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində unikal çalarları olan zəngin Azərbaycan mədəniyyətinin dünya səviyyəsində təbliği həyata keçirilir. Belə tədbirlərdən Avropanın və dünyanın aparıcı şəhərlərinin mədəni həyatında mühüm hadisəyə çevrilmiş Azərbaycan mədəniyyət günlərini və təqdimatları xüsusi vurğulamaq lazımdır. Həmçinin, qeyd etmək yerinə düşər ki, məhz Mehriban xanımın rəhbərlik etdiyi humanitar, ictimai və mədəni diplomatiyamız sayəsində dünya miqyasında Azərbaycan haqqında dolğun fikir formalaşdırılır.” –deyə, S. Novruzov bildirmişdir.  

MM-in komitə sədri Siyavuş Novruzov daha sonra qeyd etmişdir:  “Mehriban xanımın düşünülmüş, sistemli fəaliyyətində multikulturalizmin mühüm aspektlərindən biri olan mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsi istiqaməti xüsusi yer tutur. Ehtiyacı olanlara yardım etmək kimi Azərbaycan xalqının nəcib xüsusiyyətindən və ənənəsindən çıxış edərək Heydər Əliyev Fondu tərəfindən Mehriban Əliyeva başda olmaqla, dünyanın bir sıra regionlarında həyata keçirilən humanitar layihələr beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən böyük minnətdarlıqla qarşılanır. Pakistandan Vatikana, Misirdən Rusiyaya qədər geniş bir coğrafiyanı əhatə edən bu fəaliyyət əslində Azərbaycan xalqının mənəvi dəyərləri ilə dünyanı zənginləşdirmək missiyasıdır. Bu müqəddəs və şərəfli missiya həm də Azərbaycan xalqının bəşəriyyətin işıqlı gələcəyi üçün qoyuduğu mənəvi sərmayədir.

Mehriban xanımın rəhbərliyi ilə fondun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkəmizin demək olar ki, bütün regionlarında çoxsaylı məscid və ziyarətgahlarda, kilsə və sinaqoqlarda əsaslı təmir və bərpa işləri aparılıb, o cümlədən yeni məscidlər tikilib istifadəyə verilib. Bütün bunlar Mehriban xanımın simasında milli-mənəvi dəyərlərə, vətənimizin tarixinə, xalqımızın yüksək mənəvi keyfiyyətinə çevrilmiş tolerantlıq ənənələrinə verilən ali qiymətin ən gözəl nümunəsidir.”

Siyavuş Novruzovun sözlərinə görə, Mehriban xanımın bu qədər geniş miqyaslı, çoxşaxəli və hərtərəfli fəaliyyətin öhdəsindən uğurla gəlməsinin başlıca leytmotivi vətənpərvərlikdir: “Çünki onun vətənə xidmət fəlsəfəsinin təməlində doğma xalqına sonsuz sevgi, Heydər Əliyev ideyalarına sarsılmaz inam və Prezident İlham Əliyev siyasətinə yüksək sədaqət hissləri dayanır: Yeni Azərbaycan Partiyasının 700 min üzvü və Milli Məclisdə təmsil olunan 71 deputatı yeni təyin olunduğu bu məsul vəzifənin icrasında Mehriban xanıma hər zaman bütün qüvvə və potensialı ilə yardım etməyə hazırdır. Bir daha qayğıkeş ana, vətənpərvər, müdrik və intellektual Azərbaycan qadını adını ən yeni tariximizə yazdıran hörmətli Mehriban xanım Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik edir, şəxsi və ictimai-siyasi həyatında yeni-yeni nailiyyətlər arzulayıram.”