YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Artur Rasizadə: Azərbaycanla Türkiyə arasında faydalı əməkdaşlıq bağlarının bundan sonra da möhkəmləndirilməsi üçün bütün zəruri addımlar atılacaq

Dekabrın 22-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycanla Türkiyə arasında tarixi dostluq əlaqələrinin müasir dövrdə daha da inkişaf etdiyini bildirən Baş nazir Artur Rasizadə son vaxtlar qardaş ölkədə törədilən amansız terror hadisələrindən bütün Azərbaycan xalqının dərin üzüntü keçirdiyini xatırladıb. Ölkələrimiz arasında faydalı əməkdaşlıq bağlarının bundan sonra da möhkəmləndirilməsi üçün Azərbaycan tərəfinin bütün zəruri addımları atacağını deyən Baş nazir siyasi, iqtisadi, humanitar, hərbi sahələrdə münasibətlərimizin yüksək səviyyədə olduğundan məmnunluq ifadə edib. İki qardaş ölkənin böyük iqtisadi potensiala malik olduğunu vurğulayan Artur Rasizadə qlobal enerji və nəqliyyat layihələrinin uğurla icra etdirilməsinin, eləcə də qeyri-neft sektorunda səmərəli işbirliyinin xalqlarımızın mənafeyinə uyğun şəkildə aparıldığını qeyd edib.

Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) Beynəlxalq Katibliyinin mənzil-qərargahının açılışını tarixi əhəmiyyətli mühüm hadisə kimi dəyərləndirən Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman deyib ki, ölkələrimiz qarşılıqlı əlaqələri bütün sahələrdə davam etdirməkdə qərarlıdır və dost, qardaş Azərbaycanla Türkiyə bundan sonra da daim bir-birinə hərtərəfli dəstək verəcək.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunularkən, İsmayıl Qəhrəman Türkiyənin Azərbaycanın mənafeyinə zidd heç bir addım atmayacağını və Dağlıq Qarabağ məsələsinin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında ədalətli həllini sonadək dəstəkləyəcəyini bir daha bəyan edib.

Görüşdə, həmçinin qlobal proseslər fonunda ikitərəfli münasibətlərə dair geniş fikir mübadiləsi aparılıb.

 

DİGƏR Xəbərlər Arxiv