YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kişineuda keçirilən beynəlxalq konfransda Azərbaycandakı tolerant mühitdən danışılıb

Moldovanın paytaxtı Kişineu şəhərində Avropa İttifaqı və Avropa Şurasının birgə dəstəyi ilə “Ayrı-seçkiliklə mübarizə demokratik dövlətlərin prioritetidir” mövzusunda beynəlxalq konfrans keçirilib.

Ombudsman Aparatından bildiriblər ki, konfransda Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrin rəsmiləri, milli insan hüquqları təsisatlarının və ictimai təşkilatlarının nümayəndələri iştirak ediblər.

Altı ölkədən 60-dan çox iştirakçının qatıldığı konfransın məqsədi müxtəlif ölkələrin ayrı-seçkiliklə mübarizə sahəsində əldə etdikləri müsbət təcrübənin öyrənilməsi, Avropa İttifaqının bu sahədə həyata keçirdiyi siyasət, Avropa İnsan Hüquqları Məhkəməsinin bununla bağlı qəbul etdiyi qərarlarla tanışlıq və “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində gələcək əməkdaşlıq istiqamətlərinin müzakirəsi olub.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı, aparatın əməkdaşları Zaur Vəliməmmədli və Turan Cahangirova tədbirdə iştirak ediblər.

Aydın Səfixanlı tədbirdə məruzə ilə çıxış edərək Azərbaycanın çoxmillətli və çoxdinli bir ölkə olduğunu, bu ölkənin milli siyasətinin müxtəlif millətlərin, etnik qrupların, dini azlıqların birgə yanaşı yaşaması, dözümlülük prinsipləri əsasında müəyyənləşdirildiyini söyləyib. O, Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik, qarşıdurma baş vermədiyini, qarşılıqlı etimada, hörmətə əsaslanan mütərəqqi milli-mədəni, həmçinin dini münasibətlər mövcud olduğunu qeyd edib.

Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə ölkəmizi dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədilə Azərbaycan Prezidentinin Sərəncamı ilə ölkəmizdə Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin təsis edildiyi, digər Sərəncamla Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradıldığı diqqətə çatdırılıb. Azərbaycanda tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olduğu üçün burada multikulturalizm, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlərin, elmi konfransların keçirildiyi bildirilib.

Çıxışda, həmçinin Azərbaycan Respublikası Konstitusiyasına əsasən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verildiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, insan hüquq və azadlıqlarının irqi, milli, dini əsaslara görə məhdudlaşdırılmasının yolverilməzliyi prinsipi Konstitusiya ilə yanaşı, Cinayət, Cinayət-Prosessual, Mülki-Prosessual, Ailə, Əmək məcəllələrində və digər qanunvericilik aktlarında təsbit edilib.

Aparat rəhbəri Azərbaycanda insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi, təmini istiqamətində hüquqi islahatların davam etdirildiyini, Ombudsman təsisatının bu istiqamətdə səmərəli fəaliyyət göstərdiyini söyləyib. Dövlət başçısının Sərəncamı ilə təsdiq edilən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının uğurla icra olunduğu, bu sənəddə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi sahəsində müvafiq dövlət orqanları tərəfindən kompleks tədbirlərin həyata keçirildiyi, vətəndaş cəmiyyəti təşkilatları ilə sıx əməkdaşlıq əlaqələrinin qurulduğu bildirilib.

Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ilin “Multikulturalizm ili” elan edildiyi, müvafiq Tədbirlər Planının təsdiq edilərək uğurla icra olunduğu vurğulanıb. Cari ilin sonunda Azərbaycan ombudsmanı tərəfindən “Multikulturalizm ili” çərçivəsində görülən işlərə yekun vurulması məqsədilə “Multikulturalizm və insan hüquqları” mövzusunda konfransın təşkil olunacağı da diqqətə çatdırılıb.

Müvəkkilin nümayəndələri Zaur Vəliməmmədli, Turan Cahangirova tədbir çərçivəsində keçirilən müzakirələr zamanı çıxış edərək qaçqın və məcburi köçkünlərin hüquqlarının təmininin Azərbaycan dövlətinin prioritet vəzifəsi olduğunu, həmin hüquqların müdafiəsində ombudsmanın xüsusi rol oynadığını söyləyiblər. Müvəkkilin etnik təmizləmə nəticəsində öz doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın hüquqlarının kütləvi şəkildə pozulduğunu beynəlxalq tribunalardan dəfələrlə diqqətə çatdırdığı vurğulanıb. Bununla yanaşı, Azərbaycan ombudsmanının əhalinin digər həssas qrupları ilə yanaşı qadınların, ahılların, uşaqların, milli azlıqların, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və təbliği, gender bərabərliyinin təmini istiqamətində həyata keçirdiyi fəaliyyət barədə iştirakçılara məlumat verilib. Eyni zamanda, Azərbaycan ombudsmanının miqrantların hüquqlarının daha etibarlı müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığı genişləndirməsi, nəticədə xarici ölkələrin ombudsmanları ilə insan hüquqları sahəsində ikitərəfli əməkdaşlıq haqqında 14 sazişin imzalanması barədə məlumat verilib.

Konfrans çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinin və Avropa Şurasının ekspertləri tərəfindən edilən təqdimatlarda Azərbaycanın tolerant, həmçinin dünyəvi ölkə olduğu dəfələrlə bildirilib. Çıxış edən ekspertlər “Şərq tərəfdaşlığı”na üzv ölkələr arasında yalnız Azərbaycana qarşı “İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 14-cü maddəsinin pozulması ilə bağlı Avropa Məhkəməsinin qərarının olmadığını, Azərbaycanda dinin siyasətə qarışmadığını, dünyəvilik və tolerantlıq prinsiplərinə əməl edildiyini xüsusi vurğulayıblar.