YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev “Bakutel–2016” XXII beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransının iştirakçılarına müraciət ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakutel–2016” XXII beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransının iştirakçılarına müraciət ünvanladı.

Müraciətdə deyilir: “Xəzərətrafı regionda telekommunikasiya və informasiya texnologiyaları üzrə ən nüfuzlu tədbirə çevrilmiş bu ənənəvi sərgi və konfrans, bir qayda olaraq, ölkəmizin, eləcə də dünyanın bir sıra dövlətlərinin və aparıcı şirkətlərin yüksək texnologiyalar sahəsində ən son nailiyyətlərinin təqdim edildiyi məkan rolunu oynayır.

Bu gün davamlı tərəqqi dövrünü yaşayan Azərbaycanda yüksək texnologiyalar sahəsinin inkişafı prioritet istiqamət kimi müəyyənləşdirilmişdir. Müasir texnologiyalardan lazımınca yararlanmaq üçün ölkəmizdə əlverişli şərait yaradılmış, cəmiyyətin gündəlik həyat fəaliyyətinin tərkib hissəsi olan internetə yüksəksürətli çıxış və ondan sərbəst istifadə imkanı təmin edilmişdir. Hazırda rəqəmli televiziya yayımı həyata keçirilməkdədir. Dövlət idarəçiliyində müasir metodlar və texnoloji yeniliklər sayəsində “elektron hökumət” sisteminin tətbiqi genişlənmişdir.

Texnologiya parklarının fəaliyyətə başlaması, qabaqcıl texnologiyaların bütün sahələrdə tətbiqi, istehsal və investisiyayönümlü innovativ layihələrə dövlət dəstəyi, o cümlədən güzəştli maliyyə təminatı respublikamızda təşəkkül tapmaqda olan startapların inkişafına, gənclərin təşəbbüskarlığının artmasına və nəticə etibarilə iqtisadiyyatımızın dinamik yüksəlişinə xidmət göstərir.

“Azerspace–1” və “Azersky” peykləri dünya kosmik ailəsində ölkəmizin layiqli yer tutmasını təmin etmişlər, eyni zamanda, regionun peyk xidmətləri ilə təchizatında da onların mühüm rolu vardır. Ümidvaram ki, növbəti telekommunikasiya peykimiz “Azerspace–2”nin orbitə çıxarılması Azərbaycanda kosmik sənayenin inkişafında yeni mərhələnin təməlini qoyacaqdır.

İnanıram ki, sərgi və konfrans çərçivəsində keçirəcəyiniz səmərəli görüşlər, müzakirə edəcəyiniz aktual məsələlər yeni təşəbbüslərin meydana çıxmasına və gerçəkləşməsinə, qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcəkdir.”