YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini Əli Əhmədov Seneqal Respublikası Baş Gömrük İdarəsinin baş direktoru Papa Ousmane Gueyenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Oktyabrın 20-də Baş nazirin müavini Əli Əhmədov Azərbaycanda səfərdə olan Seneqal Respublikası Baş Gömrük İdarəsinin baş direktoru Papa Ousmane Gueyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş nazirin müavini belə görüşlərin iki ölkə arasındakı əlaqələrə müsbət təsirini göstərdiyini, münasibətlərin inkişafının hər iki tərəfin maraqlarına uyğun olduğunu bildirib. Əli Əhmədov Seneqal nümayəndələrinin ölkəmizə səfərinin əlamətdar tarixə - Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə təsadüf etdiyini deyib. Azərbaycanın müstəqil dövlət kimi siyasi, iqtisadi və digər sahələrdə böyük inkişaf yolu keçdiyini vurğulayıb. O, Azərbaycanın müstəqillik illərində iqtisadi sahə ilə yanaşı, dünya birliyi ölkələri ilə əlaqələrin qurulması və inkişafı baxımından da böyük işlər gördüyünü qeyd edib.

“Seneqal dövləti 2008-ci ildə BMT-də Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı ölkəmiz tərəfindən təqdim olunan sənədi, 2012-ci ildə isə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini dəstəkləyib. Seneqal dövlətinin beynəlxalq səviyyədə Azərbaycanın mövqeyini müdafiə etməsinə, xüsusilə bizim üçün ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində göstərdiyi dəstəyə görə ölkənizə təşəkkürümü bildirəm”, - deyə Baş nazirin müavini qeyd edib.

Azərbaycanın dünya dövlətləri, o cümlədən Seneqal ilə bütün sahələrdə sıx əməkdaşlıq əlaqələri yaratmaqda maraqlı olduğunu deyən Əli Əhmədov bildirib ki, bunun üçün hər iki ölkə geniş potensiala malikdir və bu potensialdan maksimum yararlanmaq vacibdir. İki ölkə iqtisadiyyatın bütün sahələrində, eləcə də kənd təsərrüfatı sahəsində birgə işlər görə bilər.

Azərbaycanın gömrük sahəsində bir çox dövlətlərlə əməkdaşlığından danışan Baş nazirin müavini Seneqalla da gömrük sahəsində əlaqələrin inkişaf edəcəyinə əminliyini bildirib.

Seneqal Respublikası Baş Gömrük İdarəsinin baş direktoru Papa Ousmane Gueye səfər çərçivəsində ölkəmizdə məhsuldar görüşlər keçirdiklərini deyib. O, Seneqalın beynəlxalq qurumlarda Azərbaycana verdiyi dəstəyin ölkəmizdə yüksək qiymətləndirilməsindən məmnunluq bildirib.

Qonaq hər iki ölkənin gömrük orqanları arasında əməkdaşlığın gücləndirilməsində göstərilən diqqət və yardıma görə Azərbaycan dövlətinə minnətdarlığını ifadə edib. O, azərbaycanlı həmkarlarının təcrübəsini öyrənməkdə və gömrük işinin bütün sahələrində əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb, bu sahədə qarşılıqlı əlaqələrin ölkələrimizin birgə səyləri ilə daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib.

“Biz Azərbaycanın bəzi gömrük məntəqələrində, eləcə də Dövlət Gömrük Komitəsinin bir neçə mərkəzində olduq. Onu deyə bilərəm ki, Seneqalın gömrük sistemində Azərbaycandan öyrəniləcək çox şey var. Eləcə də Azərbaycanın informasiya texnologiyaları sahəsindəki təcrübəsi də bizim üçün maraqlıdır”, - deyə Papa Ousmane Gueye əlavə edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.