YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq Əmək Təşkilatı Azərbaycanda əmək bazarı proqramlarının genişləndirilməsi istiqamətində atılan addımları dəstəkləyir

Azərbaycanda səfərdə olan Beynəlxalq Əmək Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Haynts Köler və BƏT-in Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üzrə Ofisinin direktor müavini Şurençumeq Zoxiolt Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Regional Peşə Tədrisi Mərkəzinə gələrək, burada peşə hazırlığının təşkili üçün yaradılmış şəraitlə tanış olublar. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması, işaxtaran və işsiz vətəndaşların peşə hazırlığının təşkili sahəsində aparılan işlərlə  bağlı məlumat verib.

 Özünüməşğulluq proqramı üzrə mərkəzdə həyata keçirilən təlim prosesinə baxış olub və BƏT-in nümayəndələri ilə birgə özünüməşğulluq proqramı üzrə təlim kursunu bitirmiş bitirmiş 14 nəfər təlimçiyə sertifikatlar təqdim edilib.

Keçirilən ikitərəfli görüşdə S.Müslümov ölkə əhalisinin məşğulluq imkanlarının artırılmasının Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının əsas hədəflərindən biri olduğunu vurğulayıb. Nazir bildirib ki, qeyri-neft iqtisadiyyatı üzərində iqtisadi inkişafın davam etdirilməsi, yerli istehsalın artırılması yolu ilə idxaldan asılılığın azaldılması üçün aparılan islahatlar, iri infrastruktur layihələrinin icrası əmək resurslarının məşğulluğunun artırılmasında mühüm rola malikdir: “Respublikada müsbət demoqrafik proseslər iqtisadi fəal əhalinin sayının da artması ilə müşahidə edilir. Son beş ildə ölkədə iqtisadi fəal əhalinin sayı 6,2 faiz artaraq 2015-ci ildə 4915,3 min nəfərə çatıb. Məşğulluq imkanlarının getdikcə çoxalmasının göstəricisi kimi, həmin müddətdə məşğul əhalinin sayında artım iqtisadi fəal əhalinin say artımını üstələməklə 6,8 faiz təşkil edib, muzdla işləyənlərin sayı isə 8,3 faiz artıb”.

Nazir bu sahədə aparılan işlərin BƏT-lə əməkdaşlığın uğurla davam etdirilməsinin daha bir nümunəsi olduğunu vurğulayıb.

H.Köler Azərbaycanın ümumi tərəqqisi prosesində əmək bazarının inkişafına, vətəndaşların məşğulluğunun təmin edilməsinə yönələn aktiv proqramların həyata keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayıb. O, BƏT-lə əməkdaşlıq müstəvisində ölkəmizdə aparılan işləri, habelə əmək və məşğulluq sahəsində milli siyasətin təkmilləşdirilməsi, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi istiqamətində atılan addımları müsbət dəyərləndirib. H.Köler layiqli əməyin təmin olunması, işaxtaran və işsiz vətəndaşlara özünüməşğulluq formasında biznes imkanlarının yaradılması üçün Azərbaycanda aparılan siyasətə BƏT-in dəstək verməkdə davam edəcəyini diqqətə çatdırıb.

Görüşdə əməkdaşlığın gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.