YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Konstitusiya islahatları Azərbaycan xalqının firavan gələcəyinə xidmət edir

Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar  Nizami rayonunda seçicilərlə görüş keçirilib.

Görüşdə çıxış edən “Yeni Azərbaycan” Referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, təşviqat qrupunun Nizami rayon şöbəsinin sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Referendum Aktı layihəsinin əhəmiyyətindən bəhs edib.

Səlahiyyətli nümayəndə bildirib ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər sosial, siyasi, iqtisadi, hüquqi sahələrdə, o cümlədən idarəetmədə kompleks islahatları özündə ehtiva edir. Əminliklə söyləmək olar ki, təklif olunan əlavə və dəyişikliklər hüquqların etibarlı təminatçısı olacaq, idarəetmə sisteminin daha da təkmilləşməsinə mühüm töhfələr verəcək.

Sədaqət Vəliyeva əmin olduğunu bildirib ki, seçicilər ölkəmizin inkişafına xidmət edən Konstitusiya islahatlarını dəstəkləyəcəklər.

Görüşdə daha sonra çıxış edən “Bələdiyyə” təşviqat qrupunun nümayəndəsi, Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev deyib ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər bir çox sahələrdə yeni keyfiyyət mərhələsi yaradacaq. Əlavə edib ki, islahatların nəticəsi olaraq Azərbaycanda yeni effektiv, optimal idarəetmə institutu yaradılacaq. Prezidentlik institutu daha da güclənəcək və idarəetmədə yeni operativ və effektiv mərhələ başlayacaq.

Seçicilərlə görüşdə çıxış edənlərdən “Vətəndaş Cəmiyyəti” referendum üzrə təşviqat qrupunun vəkil edilmiş şəxsi, Müstəqil Jurnalistlər Birliyinin sədri Xalid Niyazov söyləyib ki, Konstitusiya islahatları Azərbaycanın tərəqqisinə və milli gücünün artmasına xidmət edəcək.

Seçicilər də öz növbələrində bu dəyişikliklərə müsbət münasibətlərini ifadə ediblər, islahatların xalqın və dövlətin maraqlarına xidmət etdiyini əminliklə söyləyiblər. Bildiriblər ki, 26 sentyabr tarixində seçki məntəqələrinə gedərək islahatların və inkişafın davamlı olması üçün Referendum Aktına səs verəcəklər.