YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP İdarə Heyətinin üzvü, partiyanın Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralovun 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, partiyanın Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralovun 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. Konfransda YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, elm xadimləri  iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov əvvəlcə Z.Qaralovu 80 illik yubileyi münasibətilə təbrik edib. Əli Əhmədov bildirib ki, istənilən siyasi təşkilatın, partiyanın ictimai nüfuzunu müəyyənləşdirən amillər arasında xüsusi əhəmiyyət kəsb edən məqam  insan amilidir. Onun sözlərinə görə, YAP-ın gücünü, əzəmətini  müəyyənləşdirən, onu cəlbedici edən də bu partiyanın sıralarında birləşərək Heydər Əliyev ideyalarının həyata keçirilməsində fədakarlıq göstərən 600 mindən yuxarı insanlardır.

«Məhz bu insanlar və onların fədakarlığı YAP-ın möhtəşəm ictimai dayağını müəyyənləşdirir, onu Azərbaycanın ictimai sisteminin həlledici bir qurumuna çevirir. Bu gün böyük yubileyini qeyd etdiyimiz professor Zahid Qaralov da dediyim həmin insan amili içərisində əhəmiyyətli yer tutan şəxsiyyətlərdəndir. Zahid müəllim YAP-ın yaranmasına, formalaşmasına, inkişafına öz vətəndaş mövqeyi, ziyalı fədakarlığı ilə böyük töhfələr vermiş bir insandır. Biz onu məhz bu mövqeyi ilə tanımışıq və o, partiyamızın şərəfli tarixinin yazılmasına öz töhfələrini verib. Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, Zahid müəllim böyük və zəngin həyatı boyu həmişə həm ictimai, həm də elmi fəaliyyət baxımından yüksək fəallıq nümayiş etdirib. Gənc yaşlarından Azərbaycanın təhsil quruculuğuna böyük töhfələr verib, maarif nazirinin müavini olub, eyni zamanda məktəb pedaqogikasının  inkişafına öz əsərləri, praktik fəaliyyətilə ciddi töhfələr verib. Azərbaycanın pedaqoji ictimaiyyəti Z.Qaralovu bu cür tanıyır və qiymətləndirir»- deyə, YAP Sədrinin müavini vurğulayıb.

Əli Əhmədov Z.Qaralovun Heydər Əliyev ideyalarına sadiqliyini də yüksək qiymətləndirib. Onun fikrincə, bu mövqe 1980-ci illərin sonu-90-cı illərin əvvəlində daha aydın şəkildə özünü büruzə verib. «1990-ci illərdə Azərbaycan öz həyatının çox həssas anlarını yaşayarkən Z.Qaralov Heydər Əliyev ideyalarının müdafiəsinə qalxan Azərbaycan ziyalılarından olub. Heydər Əliyevin müdafiə komitəsini yaradaraq ziyalıları cəlb edən və bu ideyaların yayılmasına böyük töhfəsini verən vətəndaşlardan biridir. Onun həyatının əhəmiyyətli bir hissəsi o dövrə təsadüf edir. YAP-ın yaranmasından tutmuş partiyanın möhkəmlənməsində, gücünün, əzəmətinin artmasında Z.Qaralovun böyük xidmətləri bütün partiya üzvlərinin gözlərinin qarşısında cərəyan edib. Buna görə də, partiyamızın hər bir üzvü xüsusilə gənclər Z.Qaralova böyük örnək kimi baxır və ona ehtiramla yanaşırlar», deyən Baş nazirin müavini Z.Qaralovun Azərbaycanda yerli özünüidarəetmə orqanlarının bir təsisat kimi formalaşmasında da xüsusi xidmətlərinin olduğunu vurğulayıb.

Tədbirdə daha sonra YAP Siyasi Şurasının üzvü, professor Şahlar Əsgərov «Ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi və təbliğində Zahid Qaralovun fəaliyyəti» və professor Abdulla Mehrabov «Zahid Qaralovun ictimai-siyasi və elmi fəaliyyəti» mövzularında məruzələr ediblər.

Konfrasda həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, BDU-nun rektoru, akademik Abel Məhərrəmov, YAP Siyasi Şurasının üzvü, Nərimanov rayonu İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və başqaları çıxış ediblər.