YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclis sədrinin müavini ATƏT PA-nın sessiyasında Ermənistan nümayəndəsinin qərəzli çıxışına tutarlı cavab verib

ATƏT Parlament Assambleyasının Tbilisidə keçirilən 25-ci sessiyası iyulun 2-də işini davam etdirib. Sessiya çərçivəsində qurumun siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclası keçirilib. İclasda təhlükəsizlik, terrorizmə qarşı mübarizə məsələləri diqqət mərkəzində olub.

Komitənin məruzəçisi xanım Marqaret Sederfeltin hesabat xarakterli çıxışı ətrafında gedən müzakirələr zamanı Ermənistan nümayəndə heyətinin üzvü çıxış edərək Azərbaycanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olmaqda günahlandırıb.

Azərbaycan tərəfinin cavabı özünü çox gözlətməyib. Nümayəndə heyətimizin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova çıxış edərək erməni həmkarının dediklərinin yalan və absurd olduğunu bildirib.

Bahar Muradova deyib: “ATƏT münaqişələrin həlli üçün dialoq meydanıdır. Xanım məruzəçi Sederfeltin də dediyi kimi, ATƏT, eyni zamanda, təkcə dialoq üçün deyil, həm də ciddi məsələlərdə vicdanlı əməkdaşlıq meydanıdır. Hamıya məlumdur ki, Azərbaycan bu münaqişənin həllində şəffaf, ədalətli müzakirələrə hazırdır və öz hərəkətlərində bunu dəfələrlə sübut edib”.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yaranmış dalandan çıxmaq, obyektiv və prinsipial əməkdaşlığı möhkəmləndirmək üçün çox işlərin görülməli olduğunu bildirib. O, ekstremizmə və terrora qarşı mübarizədə ATƏT-in rolunun artırılmasının, bunun üçün daha operativ metodların hazırlanmasının vacibliyini vurğulayıb.

Bahar Muradova qətnamədə və yekun sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsinin və torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktının öz əksini tapacağına ümidvar olduğunu bildirib.

ATƏT PA-nın vitse-prezidenti, Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev çıxışında deputatların diqqətini dünyada baş verən terror aktlarına cəlb edib: “Biz İstanbulun Atatürk Hava Limanında xeyli sayda insanın ölümü və yaralanması ilə nəticələnən terror aktı xəbərindən olduqca kədərləndik. Bu gün bütün dünya dəhşətli terror bəlası ilə üz-üzədir. Mən buradan terror qurbanlarına, onların ailələrinə və bütövlükdə Türkiyə xalqına başsağlığı verirəm. Bu vəziyyət terrora qarşı ümumi səfərbərliyi və qətiyyətli mübarizəni tələb edir”.

A.Quliyev deyib ki, ATƏT terrorla mübarizə üzrə effektiv mexanizm hazırlamalı, fərqli siyasi baxışlara malik üzv ölkələrin səylərinin vahid beynəlxalq antiterror koalisiyasında birləşdirilməsinə nail olmalıdır. Moldovada və Cənubi Qafqaz regionunda mövcud münaqişələrin həllinə beynəlxalq hüququn prinsipləri, o cümlədən ATƏT PA-nın 2015-ci ildə Helsinkidə qəbul etdiyi “ATƏT ərazisində dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə sadiqlik” adlı qətnamənin müddəaları əsasında nail olunmalı, bu münaqişələr üzrə mövcud mexanizmlər daha da təkmilləşdirilməlidir.

Almaniyanın ATƏT-ə sədrliyi dövründə mövcud münaqişələrin həllini prioritet elan etməsi və bu istiqamətdə göstərdiyi bir sıra təşəbbüsləri alqışladığını vurğulayan A.Quliyev deyib ki, ATƏT-in hazırkı sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud-status kvonun təhlükəli və qəbuledilməz olduğu haqqında verdiyi bəyanat ATƏT PA tərəfindən dəstəklənməlidir.

Minsk qrupu çərçivəsində aparılan danışıqlar imitasiya xarakterli olmamalı və qısa müddət ərzində münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə gətirib çıxarmalıdır.

Vitse-prezident Azərbaycan və Ermənistan prezidentlərinin bu il mayın 16-da Vyanada, iyunun 20-də Sankt-Peterburqda keçirilmiş görüşlərinin müsbət nəticələrinin olduğunu və bu görüşlərdə əldə edilmiş ümumi anlayışın tezliklə münaqişənin həlli istiqamətində konkret nəticə verəcəyinə ümid etdiyini bildirib.

ATƏT regionunda hərbi münaqişələr nəticəsində qadınların düşdüyü vəziyyəti qeyd edən A.Quliyev deyib ki, ATƏT PA bu mövzuya daha çox diqqət ayırmalı və münaqişədən əziyyət çəkən məcburi köçkün qadınların, xüsusilə əsir və girovluqda saxlanılan, şərəf və ləyaqəti alçaldılan, müxtəlif zorakılığa və zorakı əməyə məruz qalan qadınların hüquqlarının bərpası istiqamətində təxirəsalınmaz tədbirlər görməlidir. O, bu istiqamətdə atılacaq addım kimi ATƏT PA-nın gələn il Minskdə keçiriləcək illik sessiyasında ayrıca bir qətnamənin qəbulunu təklif edib və belə bir qətnamənin layihəsini hazırlaya biləcəyini vurğulayıb.

Milli Məclisin deputatı Elşad Həsənov da çıxışında ermənilərin təxribatına son qoyulmasının vacibliyini bildirib. O deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi təkcə Cənubi Qafqaz deyil, bütövlükdə ATƏT regionu üçün ciddi təhlükə mənbəyidir. Bu münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapmalıdır. Mövcud status-kvonun davam etməsinin mümkünsüzlüyünü vurğulayan Milli Məclisin deputatı Ermənistanı konstruktivliyə dəvət edib.