YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Bütün dünya Türkiyənin yanında olmalı, bu cür neqativ hadisələrə qarşı qətiyyətli mübarizə aparılmalıdır

«Türkiyədə baş verən sonuncu terror hadisəsi bir daha göstərdi ki, beynəlxalq terrorizm müasir dünya üçün ən ciddi və asimmetrik təhdid mənbəyidir. Bir çox hallarda buna “XXI əsrin vəbası” da deyirlər. Beynəlxalq birlik, təəssüf ki, bu ciddi təhdid mənbəyinə qarşı güclü müqavimət göstərə bilmir, terrorizmə qarşı mübarizə prosesi müxtəlif istiqamətlərdə lazımi səviyyədə aparılmır». Bu fikirləri Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.

E. Nəsirov bildirib ki, təşkilati və əməli baxımdan beynəlxalq terrorizmə qarşı koordinasiya olunmuş mübarizə aparılmır. Bu isə beynəlxalq terrorçu qüvvələri ruhlandırır, onları yeni-yeni terror aktlarına vadar edir”. Onun sözlərinə görə, Türkiyədə baş vermiş qanlı terror aktı göstərdi ki, bu asimmetrik təhdid mənbəyinə qarşı beynəlxalq birlik birgə - əlaqələndirilmiş mübarizə aparmalıdır.

 «Xüsusilə də, terrorizmin bütün forma və təzahürlərinə qarşı eyni münasibət - konkret mövqe ortaya qoyulmalıdır. Bir ölkədə baş vermiş terror aktı pislənir, digərində qeydə alınmış eynitipli hadisəyə münasibətdə susqunluq nümayiş etdirilirsə, bu, beynəlxalq terrorçu qruplaşmaların mənafeyinə xidmət etmək mənasına gəlir. Necə olur ki, ASALA beynəlxalq erməni terror təşkilatı və “Daşnaksütyun” sərbəst fəaliyyət göstərir, onlara qarşı hər hansı bir mübarizə aparılmır, amma “Əl-Qaidə” və “İŞİD”ə qarşı mübarizənin şahidi oluruq. Halbuki bunların hamısı terror təşkilatlarıdır və bir-birləri ilə əlaqələndirilmiş fəaliyyət göstərirlər. ”Türkiyədə baş verən terror hadisəsinin başlıca səbəbi beynəlxalq birliyin terrorizmə qarşı yekdil mübarizə strategiyasının olmamasıdır. Digər tərəfdən, Türkiyənin son zamanlar mövqeyinin möhkəmlənməsi, müstəqil siyasi kurs həyata keçirməsi və digər amillər bu terror aktının baş verməsinə səbəb olan faktorlar sırasında yer alır. Bütün dünya Türkiyənin yanında olmalı, bu cür neqativ hal və hadisələrə qarşı qətiyyətli mübarizə aparılmalıdır»- deyə, E.Nəsirov qeyd edib.