YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda nüfuzlu “The Business Year” jurnalının Azərbaycana həsr edilən növbəti xüsusi buraxılışının təqdimatı olub

Mayın 25-də Bakıda Prezident Administrasiyasının və “The Business Year” jurnalının təşkilatçılığı ilə nəşrin “Azerbaijan 2016” xüsusi buraxılışının (“The Business Year-Azerbaijan 2016”) təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, KİV-lərin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə “The Business Year-Azerbaijan 2016” nəşrinə həsr olunan videoçarx nümayiş etdirilib.

Qeyd olunub ki, baş ofisi Londonda yerləşən “The Business Year” dünyanın müxtəlif bölgələrini - Latın Amerikası, Asiya, Afrika qitələrini əhatə edən geniş coğrafiyada sosial-iqtisadi prosesləri izləyən və işıqlandıran, ətraflı təhlillərlə çıxış edən nüfuzlu şirkətdir. “The Business Year” ayrı-ayrı ölkələrin sosial-iqtisadi durumu və inkişaf meyilləri, biznes və investisiya mühiti, aparıcı şirkətləri və digər məsələlər haqqında ildə 20-dən çox xüsusi buraxılış hazırlayır və bütün dünyada yayır. Şirkətin xüsusi buraxılışları dünyanın aparıcı biznes dairələri tərəfindən maraqla qarşılanır, işgüzar əlaqələrin inkişafına xidmət edir və birgə iqtisadi layihələrin reallaşdırılmasına töhfə verir.

Bildirilib ki, “The Business Year” şirkəti 2011-ci ildən Azərbaycan ilə əməkdaşlığa başlayıb və ölkəmizə dair altı xüsusi buraxılış hazırlayıb və yayıb. Nəşrin builki buraxılışında “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Bakı Qlobal Forumunun açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi, ayrı-ayrı dövlət və hökumət başçıları ilə müsahibələr, bu il Bakıda təşkil olunacaq “Formula-1” Avropa Qran-prisi və Dünya Şahmat Olimpiadasının hazırlıq mərhələlərinə həsr olunmuş materiallar, habelə Azərbaycanın dövlət qurumlarının, yerli və ölkəmizdə fəaliyyət göstərən xarici şirkət rəhbərlərinin müsahibələri əksini tapıb.

Tədbirdə çıxış edən nəşrin direktoru xanım Betül Çakaloğlu “The Business Year-Azerbaijan 2016” xüsusi buraxılışı haqqında ətraflı məlumat verib. O bildirib ki, Azərbaycana artan marağı nəzərə alan şirkət nəşrin tirajını da artırıb. Jurnalın hazırlanması ilə əlaqədar altı ay ərzində ölkəmizdə olduğunu bildirən B.Çakaloğlu müxtəlif sahələri təmsil edən şəxslərlə, o cümlədən 160 iş adamı ilə görüşlərin keçirildiyini vurğulayıb. O, Azərbaycan iqtisadiyyatının inkişafı ilə yaxından maraqlanan oxucular üçün reportajların, müsahibələrin hazırlanmasının təmsil etdiyi şirkət üçün məmnunluq doğurduğunu vurğulayıb.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov“The Business Year” nəşrinin artıq altıncı ildir Azərbaycanın müasir inkişafını bütün sahələrdə dərindən təhlil edərək onun salnaməsini yaratması, dünyanın biznes və işgüzar dairələrinə təqdim etməsi baxımından fəaliyyətini yüksək qiymətləndirib. Diqqətə çatdırıb ki, “The Business Year” nəşrinin yaradıcı heyəti yüksək peşəkarlıqla Azərbaycanın müasir inkişaf tarixinin bütün sahələrini əhatə edən zəngin arxiv yaradıb.

Əli Həsənov vurğulayıb ki, xalqımızın ulu öndəri Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin təməlini qoyanda, onun müasir inkişaf konsepsiyasını müəyyən edəndə ölkəmizin sürətlə inkişaf edəcəyini və mühüm uğurlar qazanacağını bilirdi.

Nəşrin 2013-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevi “İlin adamı” seçdiyini xatırladan Prezident Administrasiyasının rəsmisi həmin vaxt dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizin qazandığı mühüm uğurları diqqətə çatdırıb. Bildirib ki, həmin dövrdə BMT Təhlükəsizlik Şurasının üzvü seçilən Azərbaycan dünyada sülhün və əməkdaşlığın təbliğində fəal iştirak edib. Bundan başqa, dünyada kosmik klubun üzvünə çevrilən Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan nəhəng enerji layihələrinin uğurla reallaşdırılmasına böyük töhfələr verib.

Əli Həsənov deyib ki, Azərbaycanın nəşrin builki təqdimatında əksini tapan uğurları təkcə ölkəmizin, xalqımızın rifahına deyil, eyni zamanda, beynəlxalq aləmdə əməkdaşlığa və tərəfdaşlığa xidmət edir. Azərbaycan Türkiyə ilə birlikdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq TANAP və TAP layihələrini uğurla həyata keçirir. Azərbaycanın təşəbbüsü əsasında dünyanın böyük dövlətləri və nəhəng şirkətləri ilə “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişi imzalanıb. Ötən il və bu il “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin toplantıları keçirilib. Bütün bu layihələr üzrə işlər sürətlə davam etdirilir. Bundan başqa, Azərbaycan ötən il tarixdə ilk dəfə keçirilən “Bakı-2015” birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edərək bu mötəbər yarışların standartlarını müəyyənləşdirib.

Prezident Administrasiyasının rəsmisi nəşrdə Azərbaycanın Şimal ilə Cənub və Şərq ilə Qərb arasında mühüm nəqliyyat dəhlizinə çevrilməsinin yüksək dəqiqliklə əksini tapdığını diqqətə çatdırıb. Azərbaycanın bu il iki böyük foruma - IV Qlobal Bakı Forumuna və BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna yüksək səviyyədə ev sahibliyini etdiyini deyən Əli Həsənov bu nailiyyətlərin də nəşrin diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

Əli Həsənov “The Business Year” nəşrinin Azərbaycanın əldə etdiyi bütün bu uğurları dərindən təhlil edərək həmin nailiyyətlərin əsasında Prezident İlham Əliyevi “Dünyada ilin adamı” seçdiyini bildirib.

Bu təşəbbüsə görə nəşrin redaksiya heyətinə dərin minnətdarlığını çatdıran Əli Həsənov belə layihələrin Azərbaycanın beynəlxalq imicinin formalaşmasında və təbliğində mühüm önəm daşıdığını söyləyib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrlə yanaşı, mədəniyyət və turizmin inkişafına da göstərilən yüksək diqqət və qayğıdan danışıb. Nazir bu sahədə həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyətini vurğulayaraq, Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondunun da ölkəmizdə mədəniyyətin və turizmin inkişafına göstərdiyi diqqətdən ətraflı bəhs edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bütün regionlarında uğurlu layihələrin həyata keçirildiyini vurğulayıb. O, Gəncədə müxtəlif sahələrə aid mühüm layihələrin icra olunduğunu, şəhərin inkişaf dövrünü yaşadığını bildirib. Qeyd edib ki, Gəncənin 2016-cı il “Avropa Gənclər Paytaxtı” seçilməsi ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir.

“Azercell” şirkətinin prezidenti Vahid Mürsəliyev rəhbərlik etdiyi qurumun həyata keçirdiyi və perspektiv layihələrdən danışıb. “Azercell”in qeyri-neft sektorunda ölkəmizin ən iri vergi ödəyicisi olduğunu bildirən şirkətin rəhbəri gələcəkdə də Azərbaycan iqtisadiyyatına töhfə verəcəklərini söyləyib.

“Azərbaycanın sürətli inkişafını görmək və onunla bağlı jurnal nəşr etdirməkdən böyük zövq alırıq”, - deyən “The Business Year” nəşrinin baş redaktoru Leland Rays bildirib ki, Azərbaycanı digər ölkələrdən fərqləndirən əsas cəhətlərdən biri də burada keçirilən mötəbər beynəlxalq tədbirlərdir. Ölkəmizin ev sahibliyi etdiyi çoxlu sayda beynəlxalq tədbirlərin Azərbaycanın dünyadakı mövqeyini daha da gücləndirdiyini qeyd edən baş redaktor nəşr barədə ətraflı məlumat verib.

Sonra mükafatlandırma mərasimi olub.

Qeyd edilib ki, “The Business Year” nəşri müxtəlif sahələrdə böyük uğurlar əldə edən rəsmi şəxslər, kommersiya və qeyri-hökumət strukturları üçün dünyada “İlin birincisi” mükafatını təsis edib.

Bildirilib ki, 25 illik müstəqillik tarixinə malik Azərbaycanın qazandığı uğurlar hətta dünyanın aparıcı ölkələri üçün nümunə hesab oluna bilər. Bütün bu nailiyyətlərin əldə olunması birbaşa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Göstərilən amilləri nəzərə alaraq və Azərbaycan Prezidentinin fəaliyyətini dərindən təhlil edərək “The Buisness Year” şirkəti İlham Əliyevi “2015-ci ildə dünyada ilin adamı” seçib.

Sonra nəşrin ekspertlərinin Azərbaycanda müxtəlif sahələr üzrə seçdikləri bir sıra şəxslərə “İlin birincisi” mükafatları təqdim olunub.

Azərbaycanda turizmin inkişafına görə “İlin ən dinamik sektorunun rəhbəri” mükafatı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə təqdim edilib.

Müxtəlif ümumşəhər xarakterli təşəbbüslərin həyata keçirilməsində oynadığı rola və Gəncənin 2016-cı ildə “Avropa Gənclər Paytaxtı” seçilməsinə görə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev “İlin icra başçısı” mükafatı ilə təltif olunub.

Transmilli nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılması sahəsində səmərəli fəaliyyətinə görə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun “Nəqliyyat sektorunda ilin adamı” mükafatına layiq görüldüyü bildirilib.

Müxtəlif sektorlar üzrə səmərəli, davamlı və inkişaf potensialının artırılmasına yönəlmiş yeni müfəssəl korporativ idarəetmə modelinin həyata keçirilməsinə görə “İlin korporativ idarəetmə modeli” mükafatı “Paşa Holdinq”in direktoru Mir Camal Paşayevə təqdim olunub.

Birinci Avropa Oyunları ilə bağlı informasiya mübadiləsi, kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr üzrə strategiyanın işlənib hazırlanması və həyata keçirilməsində səmərəli fəaliyyətinə görə “United Business Media Group” (UBM Group) şirkətinin təsisçisi xanım Ülviyyə Mir-Qasımova “Kütləvi informasiya vasitələri ilə əlaqələr üzrə ilin adamı” mükafatı ilə təltif edilib.

Ölkəmizdə futbolun kütləviləşdirilməsi və gənc nəsil arasında təbliği sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının sədri Rövnəq Abdullayev “İlin idman federasiyasının rəhbəri” mükafatına layiq görülüb.

İstehlakçıların məlumatlandırılması və maarifləndirilməsi, həmçinin Azərbaycanda pərakəndə satış təcrübəsinin səviyyəsini yüksəltmək üçün innovativ vasitə olan “Ekspress Ofis”in yaradılmasına görə “Azercell” şirkətinin baş icraçı direktoru Vahid Mürsəliyev “İlin şirkət rəhbəri” mükafatı ilə təltif edilib.

Azərbaycanda sənayenin inkişafı, Detal Alüminium Kompleksinin yaradılması sahəsində səmərəli fəaliyyətinə görə “Det.Al Holdinq”in direktoru Sərxan Babayev “İlin holdinq rəhbəri” mükafatına layiq görülüb.

Mərasimdə, həmçinin Azərbaycanın beynəlxalq mediada təbliği sahəsində səmərəli fəaliyyətinə görə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Ceyran Əmiraslanova “Fərqlənmə Plaketi” ilə təltif olunub.

X X X

Qeyd edək ki, “The Business Year” jurnalının Azərbaycanla bağlı xüsusi buraxılışı artıq altıncı dəfədir nəşr olunur. Nəşrdə ölkəmizin siyasi, sosial-iqtisadi inkişafının əsas göstəriciləri, beynəlxalq miqyasda artan nüfuzu barədə oxuculara ətraflı məlumat verilir.

Xüsusi buraxılış Azərbaycan Prezidenti İlham Əliyevin “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunun rəsmi açılışındakı nitqi ilə başlayır.

Nəşrin budəfəki qonaq müsahibləri Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer, Latviya Respublikasının Prezidenti Raymonds Veyonis, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçdir. Onlar müsahibələrində ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişafından, Azərbaycanın bölgədə və dünyada artan nüfuzundan, əldə etdiyi iqtisadi nailiyyətlərdən, həyata keçirdiyi uğurlu enerji layihələrindən, beynəlxalq əlaqələrindən söhbət açırlar.

“The Business Year” dünyanın ayrı-ayrı bölgələrində iqtisadi prosesləri yaxından izləyən, onu peşəkar şəkildə işıqlandıran, təhlil edən və müsbət təcrübələri öz auditoriyası ilə bölüşən nüfuzlu nəşrdir. 2011-ci ildən Azərbaycan ilə yaxından əməkdaşlıq etməyə başlayan “The Business Year” nəşri ötən altı ildə ölkəmizə həsr etdiyi xüsusi buraxılışlarda Azərbaycanın daxili və xarici siyasəti, iqtisadiyyatı və onun ayrı-ayrı seqmentləri, sosial, mədəniyyət, idman və cəmiyyət həyatının digər sahələrini hərtərəfli əks etdirib.