YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan nümayəndə heyəti “Üç İnanc Forumu” təşkilatında olub

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə və ənənəvi dini konfessiyaların başçıları – Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı dağ yəhudiləri dini icmasının başçısı Milix Yevdayev Britaniya səfəri çərçivəsində bu ölkədə fəaliyyət göstərən “Üç İnanc Forumu” (Three Faiths Forum) təşkilatının idarə heyəti ilə görüşüblər.

Görüşdə, həmçinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov ölkəmizin Böyük Britaniyadakı səfiri Tahir Tağızadə təmsil olunublar.

Təşkilatın direktor müavini Coş Kass “Üç İnanc Forumu”nun fəaliyyəti haqqında məlumat verib. Qeyd edilib ki, təşkilat dinlər və icmalararası dialoq sahəsində Britaniyada nüfuzlu təşkilatlardandır. “Üç İnanc Forumu” Britaniya hökuməti və bu sahənin mütəxəssisləri ilə sıx əməkdaşlıq edir.

Azərbaycan nümayəndə heyəti ilə görüşdən məmnunluğunu ifadə edən direktor müavini ölkəmizin bu sahədəki təcrübəsindən faydalanmağın əhəmiyyətini vurğulayıb.

Mədəniyyətlərarası dialoq sahəsində mütəxəssis olan professor Mayk Hardi Azərbaycana səfərləri və ölkəmiz haqqında təəssüratlarını bölüşüb. Britaniyanın və digər ölkələrin bu sahədə çalışan mütəxəssislərin Azərbaycanda yaradılan dini tolerantlıq və multikultural mühit haqqında məlumatlandırılmalarının vacibliyini diqqətə çatdırıb.

Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev ölkəmizdə yaradılan multikultural mühitin əsasları barədə danışıb. Diqqətə çatdırılıb ki, Azərbaycanın bu uğuru Prezident İlham Əliyevin müxtəlif din xadimlərinə eyni səmimi münasibəti, eyni diqqət və qayğısı, onların dövlətə və bir-birinə səmimi münasibətinin nəticəsidir. O qeyd edib ki, Azərbaycan bu sahədəki təcrübəsini bölüşməyə hər zaman hazırdır.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın multikultural, dini tolerantlıq mühiti ilə maraqlandıqlarına görə təşkilatın idarə heyətinə minnətdarlığını ifadə edib. Dinlər və icmalararası dialoq kimi beynəlxalq əhəmiyyət kəsb edən sahədə Britaniyada fəaliyyət göstərmələrini yüksək qiymətləndirib.

Azərbaycanda dini dözümlülük ənənələrindən danışan QMİ-nin sədri deyib ki, ölkəmizdə müxtəlif konfessiyaların və icmaların nümayəndələri uzun əsrlər boyu dinc, yanaşı yaşayıb və yaşayırlar. Azərbaycanda dini zəmində münaqişələr heç vaxt müşahidə olunmayıb. Ölkəmiz dinlər arasında münasibət və tolerantlıq baxımından bütün dünyaya nümunədir. Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan şeyxülislam Allahşükür Paşazadə ulu öndər Heydər Əliyevin ali mənəviyyat mənbəyimiz olan dinimizə diqqət və qayğısından danışıb. Hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib.

Daha sonra görüş iştirakçılarının sualları cavablandırılıb, gələcək əməkdaşlıq haqqında müzakirələr aparılıb.

Sonda Azərbaycan nümayəndə heyəti adından “Üç İnanc Forumu” təşkilatına ölkəmiz haqqında kitablar və hədiyyələr təqdim edilib.