YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şərq-Qərb enerji dəhlizinin 20 illiyi Tbilisidə qeyd olunub

Mayın 16-da Gürcüstanın paytaxtı Tbilisidə Şərq-Qərb enerji dəhlizinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Gürcüstanın Baş nazirinin müavini, energetika naziri Kaxa KALADZE yubiley tədbirini açaraq regionda həyata keçirilən irimiqyaslı enerji layihələrinin, xüsusən də Şərq-Qərb enerji dəhlizinin əhəmiyyəti barədə ətraflı məlumat verdi.

Sonra Gürcüstanın Baş naziri Georgi KVİRİKAŞVİLİ çıxış etdi.

Baş nazir bildirdi ki, Bakı-Supsa kəmərinin təməlinin qoyulması ilə regionda yeni era başladı və Cənubi Qafqazda sabitlik üçün mühüm əsas yarandı. İyirmi ildir ki, biz Bakı-Supsa kəmərinin bəhrəsini görürük. Bu layihənin reallaşması sayəsində Gürcüstan dünya xəritəsindəki yerini və tranzit ölkə funksiyasını yenidən bərpa etdi.

Gürcüstanın Baş naziri dedi: “İyirmi il əvvəl Prezident Heydər Əliyev və Prezident Eduard Şeverdnadze tərəfində strateji bir qərar qəbul olundu. Bakı-Supsa layihəsinin təməli qoyuldu və bununla da regionumuzda yeni era başlandı. Bu layihə həm də Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qarantı oldu. Bu layihə, həmçinin Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığın, enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafına imkan yaratdı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz və Bakı-Tbilisi-Qars dəmiryolu kimi irimiqyaslı layihələrin əsası qoyuldu.

Tədbirdə Azərbaycanın Baş naziri Artur RASİZADƏ çıxış etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbriklərini, xoş arzularını və salamlarını tədbirin iştirakçılarına çatdıran Baş nazir A.Rasizadə dedi: “Bu gün qeyd etdiyimiz əlamətdar tarix – Azərbaycan neftinin Bakı-Supsa xətti ilə nəqlinə dair görkəmli dövlət xadimləri Heydər Əliyev və Eduard Şevardnadzenin imzaladıqları Sazişin 20-ci ildönümü münasibətilə hamınızı təbrik edirəm. Azərbaycan ilə Gürcüstanı qırılmaz tellərlə bağlayan tarixi dostluq, qardaşlıq, xeyirxah qonşuluq münasibətlərinin dərin kökləri vardır. Müstəqillik bərpa edildikdən sonra Azərbaycan ilə Gürcüstanın münasibətləri daha da yüksələrək strateji əməkdaşlıq səviyyəsinə qalxıb. Biz indi birlikdə beynəlxalq əhəmiyyətli böyük iqtisadi layihələr həyata keçiririk. Onlardan biri ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı yeni neft strategiyasının əsasını təşkil edən məşhur “Əsrin kontraktı” çərçivəsində reallaşdırılan Bakı-Tbilisi-Ceyhan layihəsidir. Yubileyini qeyd etdiyimiz Bakı-Supsa kəməri də həmin strategiyadan irəli gələn alternativ marşrutlardan biridir”.

Azərbaycanın və Gürcüstanın iqtisadi-siyasi inkişafında mühüm rol oynayan enerji konsepsiyasının real nəticələrinin həyatımızın bütün sahələrində aşkar göründüyünü vurğulayan Baş nazir bildirdi: “Regionda investisiya qoyuluşu xeyli artıb, insanların rifah halı yüksəlib, şəhərlərin və kəndlərin siması yaxşılığa doğru dəyişib. Ancaq bu layihələrin həyata keçirilməsi heç də asan başa gəlməyib. Azərbaycan Respublikası 25 ildir müharibə şəraitində yaşayır. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal edilib. Buna baxmayaraq, Azərbaycan inkişafdan qalmadı. Dahi Heydər Əliyevin müdrik siyasəti sayəsində xalqımız və ölkəmiz bütün sınaqlardan uğurla çıxdı”.

Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu sürətli inkişaf yolunu Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyini diqqətə çatdıran Baş nazir Artur Rasizadə dedi: “Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası, “Şahdəniz-2” yatağında aşkar olunan zəngin qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması, Avropanın enerji təhlükəsizliyini təmin edəcək TANAP və TAP layihələrinin həyata keçirilməsi Azərbaycanın neft-qaz strategiyasının tərkib hissələridir. Tarixi İpək Yolunun bərpası məqsədilə Uzaq Şərq ilə Avropanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi də qarşımızda yeni inkişaf perspektivləri açır. Əminəm ki, həmin layihələr ölkələrimizin və bölgənin iqtisadi, siyasi, mədəni inkişafına, regionda sülhün bərqərar olmasına töhfə verəcəkdir. Bütün bu tarixi işlərin dostlarımızla birgə görülməsi ölkələrimiz arasında əməkdaşlığı daha da möhkəmləndirir”.

Sonra Azərbaycanın energetika naziri Natiq Əliyev, BP-nin regional vitse-prezidenti Peter Mather çıxış edərək Bakı-Supsa kəmərinin, eləcə də digər enerji layihələrinin əhəmiyyətindən danışdılar.

Sonda Şərq-Qərb enerji dəhlizinin təməlinin qoyulmasının 20 illiyi münasibətilə tort kəsildi.

Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, Azərbaycan Xarici İşlər Nazirliyi dövlət protokolu idarəsinin rəisi Pərvin Mirzəzadə, ölkəmizin Gürcüstandakı səfiri Azər Hüseyn, Tbilisidəki və Batumidəki diplomatik korpusun nümayəndələri, beynəlxalq şirkətlərin təmsilçiləri iştirak ediblər.

Mərasim iştirakçıları xatirə şəkil çəkdirdilər.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin Gürcüstana səfəri başa çatdı.