YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş «Heydər Əliyev irsi və multikultural dəyərlər» mövzusunda konfrans keçirilib

Mayın 7-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş «Heydər Əliyev irsi və multikultural dəyərlər» mövzusunda konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə  Fəxri xiyabana gələrək Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, görkəmli dövlət xadimi Heydər Əliyevin məzarını ziyarət edib, Ulu öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Görkəmli aftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə  tər çiçəklər düzülüb.

Konfransda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, yüzilliklər boyu mədəniyyətlərin və dinlərin münasibətləri aktuallığını itirməmiş, xalqların fəlsəfi görüşlərini, dünyabaxışlarını, hiss və ehtiraslarını təyin edən ictimai hadisə kimi dövrümüzə qədər gəlib çatmışdır. Onun sözlərinə görə, dövlətlər və millətlər arasında əlaqə və münasibətləri müəyyənləşdirən başlıca amillərin təbiətində köklü dəyişikliklər baş verməsinə baxmayaraq, dinlər və mədəniyyətlərarası dialoq ictimai müzakirələrin və siyasi proseslərin ümumi istiqamətinə təsir göstərmək imkanlarını saxlamaqdadır. Əli Əhmədov qeyd edib ki, dövrümüzün ümumi sivilizasiya mənzərəsinə öz möhürünü vuracağına böyük ümidlər bəslənilən bu fenomen bəşəriyyətə “multikulturalizm” adı ilə təqdim edilir: «Son illər ərzində dünyada regional münaqişələrin artması, bir çox Avropa ölkələrində ifrat milliyyətçilik hərəkatlarının güclənməsi multikulturalizmin gələcəyinə baxışlarda optimizmin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarmışdır. Dini tolerantlıq və sivilizasiyalararası münasibətlərdəAzərbaycanın nümunəsinin və ölkə rəhbərliyinin qəti siyasi mövqeyinin multikulturalizmin taleyi ilə bağlı məyusluğun aradan qalxmasına ciddi təkan verəcəyi şübhə doğurmur. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin daxili siyasi xəttində multikulturalizmə xüsusi həssaslıq nümayiş etdirilməsinin Azərbaycan dövlətinin tolerant dəyərlərə dərin sədaqətindən irəli gəldiyini söyləsək yəqin ki,həqiqəti ifadə etmiş olarıq. Bu siyasətin Heydər Əliyev tərəfindən əsası qoyulan bünövrəsi ölkədəki bütün dinlərə və mədəniyyətlərə hörmətlə yanaşılması, onların bərabər inkişafı üçün hər cür imkanların yaradılması kimi dəyərlərə istinad edir».

Baş nazirin müavini bildirib ki, azərbaycançılıq ideologiyası ayrı-ayrı dinlərin və sivilizasiyaların nümayəndələrinin vahid cəmiyyətdə və dövlətdə bərabər hüquqlar şəraitində yaşamasını, dini etiqad azadlığını təmin edən dünyagörüşü kimi qəbul edilir. Onun sözlərinə görə, Azərbaycanda multikulturalizmin bərqərar olub inkişaf etdirilməsinə obyektiv səbəblərin mövcudluğu mühüm rol oynamış və oynamaqdadır: «Müxtəlif dinlərin və sivilizasiyaların vahid məkanda yaşaması cəmiyyətimizin aparıcı dəyərləri sırasında daim əhəmiyyətli yer tutmuşdur. Burada ayrı-ayrı dinlərin, dillərin və mədəniyyətlərinyaşamasına hər hansı məhdudiyyətlər qoyulmamış, əksinə bütün imkanlar təmin edilmişdir. Azərbaycanın malik olduğu unikal coğrafi-mədəni mühiti haqqında bəhs olunan multikultural dəyərlər sisteminin formalaşmasına əlavə təkan vermiş, QərbləŞərqin, Asiya ilə Avropanın, İslam mədəniyyəti ilə digər dinlərin qovuşduğu coğrafiya missiyasını əsrlər boyu ləyaqətlə daşımışdır. Bunun sayəsində tolerantlıq, dini dözümlülük azərbaycanlıların dünyagörüşünün ayrılmaz tərkib hissəsinə çevrilmiş, cəmiyyətin zəngin mənəvi koloritini formalaşdırmışdır».

YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra ilk illərdə milli dövlətçiliyin yarana bilməməsi, həm də lazımi təməl prinsiplərinin olmaması ilə izah edilməlidir: «Gənc, müstəqli Azərbaycan dövlətinin təməl prinsiplərinin müəyyən edilməsi də, həmin prinsiplər əsasında yeni dövlətin qurulması da tarixi missiya kimi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müstəsna xidməti kimi tariximizə yazılmış oldu». Əli Əhmədov bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin elan olunması cəmiyyətdə bir sıra qorxulu meyillərin tüğyan etdiyi dövrə təsadüf edirdi. Belə təhlükəli meyillərdən biri, “suverenlik paradı” adını almış yanlış müstəqillik dünyagörüşünə əsaslanan separatçılıq hərəkatı idi. Hər hansı obyektiv əsas və səbəb olmasa da, separatçılıq Azərbaycandan yan keçməmişdi. Onun sözlərinə görə, hakimiyyətdə təmsil olunanların dardüşüncəliliyi və siyasi prosesləri düzgün qiymətləndirə bilməmələri həmin meyillərin genişlənməsinə və təhlükəli parametrlər kəsb etməsinə bir növ zəmin hazırlayırdı. Cəmiyyətə birlik və monolitlik naminə ümumi birləşdirici ideya təqdim edilməmişdi ki, bundan da separatçılar ustalıqla qidalanırdılar. «Heydər Əliyevin tarixi qayıdışı müstəqil Azərbaycan dövlətçiliyinin yaradılması sahəsində möhtəşəm siyasətin həyata keçirilməsinin başlanğıcı oldu. Onun rəhbərliyi altında həyata keçirilən çoxşaxəli layihələr sırasında cəmiyyətin tolerantlıq kimi təməl prinsipinin formalaşdırılması ayrıca qeyd olunmağa layiqdir. Heydər Əliyevin dövlət quruculuğu strategiyasında tolerantlıq cəmiyyətin birliyi və monolitliyinin təmin edilməsinin fundamental əsası olmaqla yanaşı, eyni zamanda onun müasir dəyərlər sistemini mənimsəməsinin, müasir imicinin bərqərar olmasının mühüm parametri qismində çıxış edir. Heydər Əliyev Ona xas olan müdriklik və uzaqgörənliklə başa düşürdü ki, Azərbaycan kimi tarixən çoxmillətli və çoxkonfessiyalı milli-mənəvi struktura malik olan ölkənin həyat qabiliyyəti onun milli və dini dözümlülük xarakterindən bilavasitə asılıdır. Vaxtilə cəmiyyətə “xalqlar dostluğu”, “beynəlmiləlçilik” adları ilə təqdim olunan dini-etnik-mənəvi hadisə yenicə qurulan müstəqil dövlətin təməl prinsiplərindən biri kimi, lakin mahiyyətcə fərqli ideya formasında təqdim edilirdi. Tolerantlıq şəraitində istənilən dini və ya etnik birliyin nümayəndəsi öz kimliyi zəminində inkişaf etmək, cəmiyyətə daşıdığı milli və dini dəyərləri sistemi ilə birlikdə töhfə vermək, özünəməxsusluğunu qoruyub saxlamaq imkanlarına sahibdir. Bu imkanlar, hər şeydən əvvəl, Ümummilli lider  Heydər Əliyevin rəhbərliyi altında hazırlanan Azərbaycan Respublikasının Konstitusiyasında tanınmışdır. Əsas Qanunun 25-ci maddəsində qeyd olunur: “Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən... asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini,... mənsubiyyətinə görə məhdudlaşdırmaq qadağandır”. Qeyd etmək önəmlidir ki, multikulturalizm anlayışı yalnız Azərbaycan vətəndaşlarının konstitusion hüquqlarının bərabərliyi ilə kifayətlənmir. Cəmiyyətdə qərarlaşmış dəyərlər sistemi, müxtəlif mədəniyyətlərin mövcudluğu və inkişafı üçün rəsmi siyasət səviyyəsi ilə yanaşı, insanlararası münasibətlər müstəvisində əlverişli mühitin təmin edilməsi də öz növbəsində, multikulturalizmin fundamental şərtləri sarasında yer tutmaqdadır»- deyə, YAP Sədrinin müavini vurğulayıb.

Əli Əhmədov qeyd edib ki, Heydər Əliyevin multikulturalizm sahəsində baxışları ən ümumi şəkildə Onun müstəqil Azərbaycan dövlətinin quruculuğu konsepsiyasının təməl prinsiplərindən hesab olunan azərbaycançılıq ideologiyası kontekstində nəzərdən keçirilə bilər. Azərbaycançılıq cəmiyyətin mədəni, dini, etnik rəngarəngliyi zəminində vahid milli-siyasi toplumun formalaşmasını nəzərdə tutur. Bu ideologiya müxtəlif mədəniyyətlərin birgə yaşamasını nəinki mümkün sayır, habelə onu müasir cəmiyyətin ayrılmaz mənəvi xüsusiyyəti hesab edir. Əli Əhmədov bildirib ki, azərbaycançılıq müstəqil dövlət maraqları naminə və çərçivəsində fərqli sivilizasiyaların, dinlərin və etnik birliklərin öz xüsusiyyətlərini saxlamaqla vahid tam kimi çıxış etməsi anlamında qavranılır. Bu halda, müxtəliflik cəmiyyətin kamilliyini, dövlətin isə gücünü və qüdrətini ifadə edir. Azərbaycanın müstəqli dövlət quruculuğunda tolerantlıq, sivilizasiyalararası dialoq amilinin mühüm rol oynadığını söyləmək üçün kifayət qədər əsaslar mövcuddur. «Hazırda multikulturalizm adını almış sosial hadisə Azərbaycanın təkcə tarixi ənənəsi və milli-mənəvi xüsusiyyəti deyil, həm də ölkəmizdə milli dövlət quruculuğunun və müasir cəmiyyətin formalaşmasının fundamental təməl prinsiplərindən biridir. Bu mənada, Ümummilli lider Heydər Əliyevin yaratdığı müasir Azərbaycanı, habelə onun inkişafını və təkmilləşməsini multikulturalizm kimi mədəni və mənəvi dəyərdən ayrılıqda təsəvvür etmək qeyri-mümkündür»- deyə, Əli Əhmədov vurğulayıb.

«Multikulturalizm Prezident İlham Əliyev tərəfindən Azərbaycan cəmiyyətinin formalaşmış modelinə yeni çalarlarla daxil edilmiş mədəni-mənəvi dəyərdir. Prezident İlham Əliyevin baxışları kontekstində multikulturalizm Azərbaycan cəmiyyətinin təbiətini, dəyərləri sistemini, dünya birliyinə inteqrasiya istəklərini bütün çılpaqlığı ilə dərk etməkdə açar rolunu oynayır. Müasir Azərbaycan cəmiyyətində multikulturalizm onun mədəniyyətinin təbiətindən irəli gəlir»- deyən, Əli Əhmədov bildirib ki, Azərbaycan mədəniyyəti və bu mədəni dəyərlər əsasında qərar tutan cəmiyyət təcridlikdən uzaq olması ilə seçilir. Onun sözlərinə görə, Azərbaycan torpaqlarının təxminən 20 faizinin Ermənistan işğalçı qüvvələri tərəfindən zəbt olunmasına, işğalın 25 ildən çox davam etməsinə, on minlərlə insanlarımızın etnik mənsubiyyətinə görə qətlə yetirilməsinə baxmayaraq, cəmiyyətdə tolerantlığın mövqelərinə zərbə vura biləcək dini, irqi, etnik dözümsüzlük halları yayıla bilməmişdir. İşğalçı Ermənistanın monoetnik cəmiyyət modelinə Azərbaycanın çoxmillətli, çoxkonfessiyalı, tolerantlıq əsasında qərar tutmuş modeli qarşı durmaqdadır.

«Müasir Azərbaycanın reallıqları şəraitində multikulturalizmi sosial hadisə olaraq reallaşan ölkəmiz, eyni zamanda, multikulturalizmin nəzəri cərəyan kimi daha da kamilləşməsinə və təbliğinə böyük önəm verir. Müxtəlif illərdə Bakıda sivilizasiyaların, dinlərin və mədəniyyətlərin dialoqum övzusunda keçirilən beynəlxalq forumlar bir yandan sözügedən sahədə Azərbaycanın unikal təcrübəsini dünyaya təqdim etmək məqsədi daşıyır, digər tərəfdən isə multikulturalizmə Avropada, bütünlükdə Qərb ölkələrində son zamanlarda müşahidə olunan inamsızlığın aradan qaldırılmasına xidmət göstərir. Müəyyən mənada, Azərbaycanın multikulturalizmin mühüm regional, hətta beynəlxalq mərkəzinə çevrildiyini söyləmək həqiqətin etirafı kimi qavranılmalıdır. Tam məsuliyyətlə iddia etmək mümkündür ki, bir çox Avropa ölkələri, beynəlxalq təşkilatlar ölkəmizi məhz multikultural dəyərləri mənimsəmiş, özünün həyat tərzinə çevirmiş və bu sosial-mənəvi hadisəyə möhtəşəm töhfələr verən cəmiyyət olaraq qəbul edir və dəyərləndirir»- deyə, Əli Əhmədov vurğulayıb.

O qeyd edib ki, Azərbaycanda tolerantlıq və sivilizasiyalararası dialoq mövzusuna ilk müraciət edən qurumlardan biri Yeni Azərbaycan Partiyası olmuşdur. Əli Əhmədovun sözlərinə görə, 2008-ci ildə partiyanın təşəbbüsü və təşkilatçılığı ilə “Sivilizasiyalararası dialoq: siyasi partiyaların rolu” mövzusunda keçirilən beynəlxalq konfrans ölkəmizdə multikulturalizm probleminə həsr olunan ilk forumlar arasında xüsusi rol oynayır. Konfransda 60-dan çox ölkədən nümayəndənin iştirakı, forumda Avropa, Asiya, Amerika və Afrika qitələrinin təmsil olunması onun beynəlxalq mənası və əhəmiyyəti haqqında müfəssəl təsəvvür yaradır.

«Hazırda bütün dünyada multikulturalizm, sivilizasiyalararası münasibətlər böhran dövrünü yaşayır. Sivilizasiyaların və dinlərin dialoqunu qarşıdurmaların əvəz etməsi təhlükəsi artmaqdadır. İnkişaf etmiş Qərblə maddi sıxıntılardan əziyyət çəkən Şərq və Afrika arasında ziddiyyətlər dərinləşir. “Yaxın Şərq baharı” adını almış, mahiyyətcə isə bir sıra ölkələrdə müharibələrin tüğyan etməsi, on minlərlə insanın həlak olması, bir sıra hallarda kənardan, əsas etibarilə Qərbdən olan müdaxilələrin sabitlik yaratmaq əvəzinə, insan faciələrinin miqyasının artmasına səbəb olması deyiləni təsdiq edən çoxsaylı faktların kiçik qismidir. Orta Şərqdən və Afrikadan Avropaya məcburi çoxsaylı insan köçü əslində, humanitar fəlakətin qurbanlarının baş verənlərə, yaşamış olduqları məşəqqətlərə, tökülən qanlara, viran olan məmləkətlərinə görə ifadə edəbildikləri etiraz, bəlkə də üsyandır. İndi Avropanın həmişə təbliğ etməyə çalışdığı tolerantlıq, multikulturalizm ağır sınaq qarşısındadır. Qışın soyuğunda Avropanın çöllərində sığınacaq axtaran və çox zaman onu tapa bilməyən on minlərlə insan, xüsusilə də azyaşlı uşaqlar və qadınlar, multikulturalizmə baxışın kökündən dəyişdirilməsini tələb edir. Qəti şəkildə inanıram ki, Azərbaycanın təcrübəsi Avropanın bu sahədə axtarışlarının daha düzgün və səmərəli istiqamətdə aparılmasına töhfə ola bilər»- deyə, Baş nazirin müavini vurğulayıb.

Konfransda çıxış edən Azərbaycan Respublikasının millətlərarası,  multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev bildirib ki, Azərbaycanda normal multikultural əhvalın olması,  müxtəlif konfessiyaların, etnik birliklərin dostluq və mehribançılıq şəraitində yaşaması tarixin qədim dövrlərindən qidalanır. Onun sözlərinə görə,  bir sıra Qərb ölkələrində multikulturalizmin iflasa uğramasının bəyan edildiyi dövrdə Azərbaycan Respublikasında multikulturalizm dövlət siyasəti kimi ortaya çıxır.

«Azərbaycanın müstəqilliyini bərpa etməsinin ilk dövründə Ulu öndər Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi. Öz siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib onu keyfiyyətcə yeni müstəviyə keçirdi. Bu müstəvi siyasət müstəvisi idi.

Ulu öndər Heydər Əliyev “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir”; “Azərbaycanın ən başlıca sərvətlərindən biri, bəlkə də ən başlıcası qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır” kimi bəyənat xarakterli sözləri ilə, əslində, multikulturalizmin siyasi bazasının konturlarını cızırdı. Ümummilli Lider Heydər Əliyev haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan insanların hüquq və azadlıqlarının qorunmasından irəli gəldiyini göstərirdi»- deyə, K.Abdullayev vurğulayıb.

Dövlət müşaviri qeyd edib ki, Qərb ölkələrinin bədbin bir şəkildə multikulturalizm siyasətindən üz çevirdiyi bir dövrdə Azərbaycanda əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasəti müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, multikulturalizm xalqımızın həyat tərzinə çevrilmişdir. Onun sözlərinə görə, multikulturalizmin vətəndaş cəmiyyətində həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir: «Bu mərhələdə bəşəri dəyərlərin, mərhəmət, şəfqət, acıma, dözümlülük, dəyər vermə kimi hislərin cəmiyyətdə yayılması xüsusi miqyas kəsb edir. Multikulturalizm ideyaları ictimai şüurda möhkəmlənir. Azərbaycan multikulturalizminin inkişaf perspektivləri ölkəmizin multikultural təhlükəsizliyinin sistemli şəkildə inkişaf etdirilməsi, ilkin müxtəlifliyin dövlət tərəfindən qorunması, müxtəlifliklərin həmahəngliyinə nail olmaq istiqamətində yığılan təcrübəni eyniliklərin münasibətinə daxil edilməsi və əldə edilən nəticələrin sosial-siyasi sabitliyə müsbət təsir etməsi ilə bağlıdır». 

Konfransda həmçinin, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev və Azərbaycan Respublikasında Roma Katolik Kilsəsinin apostol prefekturasının ordinarisi Vladimir Fekete çıxış edərək Azərbaycanın toleranlıq və multikulturalizmin məkanı olduğunu vurğulayıblar. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin bu istiqamətdə müəyyənləşdirdiyi siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  

DİGƏR Partiya xəbərləri Arxiv